Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Ekspert: İcbari tibbi sığorta inklüzivliyin təmin olunmasına xidmət edir

  • Oxunub 527 dəfə

 Son illərdə dünyada müxtəlif xəstəliklərdən ölənlərin sayı artmaqdadır. Dünya Bankının məlumatına əsasən, hər həftə xəstəlikdən 5 yaşına çatmamış 200 min uşaq tələf olur, 10 min qadın isə doğuş zamanı ölür. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatında isə bildirilir ki, hər il 7 milyon nəfər ekoloji çirklənmədən dünyasını dəyişir. 2030-2050-ci illər arasında iqlim dəyişikliyi dünyada 250 min xəstəliyin yaranmasına gətirib çıxaracaq. Hazırda dünya əhalisinin ən azı yarısı hələ də əsas səhiyyə xidmətləri ilə tam əhatə olunmayıb. Milyonlarla insan xəstəliklər və tibbi xidmətlərin əlçatan olmaması səbəbindən dünyasını dəyişir, əlilliyi olan şəxsə çevrilir, iş yerini itirir, yoxsullaşır. Bunun qarşısını almaq üçün dövlətlər tərəfindən bir çox istiqamətdə islahatlar aparılır. Tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi hökumətlərin sosial siyasətinin prioritetlərindəndir. Hazırda təməl tibbi xidmətlərə əlçatanlığın təmin edilməsində ən mütərəqqi yol icbari tibbi sığorta hesab olunur. İcbari tibbi sığorta, həmçinin səhiyyə infrastrukturunun yaxşılaşmasına, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibbi xərclərin daha səmərəli istifadəsinə, inklüzivliyin təmin olunmasına xidmət edir.

Bu fikirləri ETN İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva icbari tibbi sığortanın üstünlükləri ilə bağlı danışarkən söyləyib. Azərbaycanda 2021-ci ildə icbari tibbi sığortanın tam şəkildə formalaşdırıldığını deyən ekspert bildirib: “Azərbaycanda icbari tibbi sığorta əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasına, səhiyyə sistemində şəffaflığın və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibbi personalın əməkhaqlarının yüksəlməsinə, əhalinin səhiyyə xərclərinin azalmasına ciddi müsbət təsir göstərir. Bir çox ölkələrdə icbari tibbi sığorta haqları hesabına fondlarda toplanan vəsait maliyyə bazarlarında dəyərləndirilərək gəlir əldə edilir. Bütün bunlar icbari tibbi sığorta sisteminin cəmiyyət və iqtisadiyyat üçün nə qədər zəruri olduğunu bir daha sübut edir.

Ekspertin fikrincə, icbari tibbi sığorta mexanizminin Azərbaycanda tətbiqi mütərəqqi tərəfləri ilə yanaşı, bir sıra problemlərin də yaranmasına səbəb olub.

“Bunların sırasına növbələrin çoxluğu, şəffaflığın hələ ki, tam şəkildə təmin olunmaması, tibbi personalın bir qisminin köhnə streotiplərdən azad ola bilməməsi, bir neçə yerdə çalışanların hər bir əməkhaqqına görə ayrılıqda icbari tibbi sığorta haqqı ödəməsi, regionlarda müvafiq tibbi personalın və avadanlıqların çatışmazlığı və s. daxildir. Bu problemlər isə ölkəmizdə icbari tibbi sığorta mexanizmindən narazılıqlar yaradır. Mexanizm yeni olduğundan bu cür problemlərin yaranması gözlənilirdi. Mexanizmin səmərəli işləməsi üçün bəzi problemləri qısa vaxtda aradan qaldırmaq mümkün olsa da, bəzilərinin həlli üçün müəyyən vaxt tələb olunur. Bu, həm də səhiyyə sahəsində siyasəti həyata keçirənlərin iradəsindən asılıdır”, - deyə Rəsmiyyə Abdullayeva qeyd edib (economics.com.az) .