Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans

  • Oxunub 711 dəfə

16-17 noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

 Konfransda beynəlxalq nəqliyyat dəhlizlərinin Avrasiya kontinentində iqtisadi inkişafa təsiri, Zəngəzur dəhlizinin açılması və mövcud nəqliyyat sistemlərinə inteqrasiyası, bu sistemlərin inkişaf etdirilməsi və rəqəmsallaşdırılması, dəhliz boyu ölkələrdə innovativ gömrük mexanizmlərinin tətbiqi problemləri müzakirə olunub. Tədbirdə 15 ölkə, 8 beynəlxalq təşkilat və beynəlxalq maliyyə institutundan 200-dən çox nümayəndə iştirak edib.

 Konfrans noyabrın 16-da Zəngilan şəhərində işə başlayıb. ETN İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) moderatorluğu ilə keçirilən konfransda vacib əhəmiyyətli mövzularda müxtəlif ölkələrdən səlahiyyətli nümayəndələrin, bir sıra beynəlxalq təşkilatlar, təsisatlar və universitetlərdən olan yüksək səviyyəli ekspertlərin iştirakı ilə keçirilən müzakirələrlə yadda qalıb. Eyni zamanda, tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin nəqliyyat nazirlərinin iclası baş tutub.

 Konfransın xüsusilə ilk gününün işğaldan azad edilmiş ərazilərdə keçirilməsinin mahiyyəti beynəlxalq ictimaiyyətin, xüsusilə də nəqliyyat-logistika üzrə fəaliyyət göstərən təşkilatların, institutların, tədqiqat və beyin mərkəzlərinin diqqətinin həmin regionlara cəlb edilməsi olub. Əsas məqsədlərdən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı nəqliyyat infrastruktur layihələri barədə tərəfdaşları məlumatlandırmaq, həmin bölgələrin beynəlxalq nəqliyyat dəhlizləri boyunca yükdaşımalarda potensial rolu və tranzit imkanlarını ön plana çıxarmaqdır.

 Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Vahid Hacıyev çıxış edib. Bildirib ki, hazırda Ağalı kəndində 175 ailədən ibarət 871 sakin yaşayır. Böyük Qayıdış dövlət proqramına görə 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı, Zəngilanda 3 şəhər, 5 qəsəbə, 24 kənd tikiləcək. O qeyd edib ki, Zəngilan nəqliyyat qovşağı olacaq. Bundan başqa İranla ticarət və nəqliyyat əlaqələrinin inkişafı üçün Ağbənddə yeni yolun təməli qoyuldu. Bununla Zəngilanın bölgənin böyük logistik mərkəzə çevrilmə potensialı var.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək bildirib ki, Orta Dəhlizdəki uğurlar gələcəkdə nəqliyyat və logistika sahəsində dəyişikliklərə səbəb olacaq. Onun sözlərinə görə, ənənəvi dəhlizlərlə Şərqdən Qərbə və Qərbdən Şərqə yüklərin daşınması kifayətdir, lakin geosiyasi məsələlərlə bağlı Orta Dəhlizin əhəmiyyəti artıb. Qərbdən Şərqə yüklərin daşınması çox əhəmiyyətlidir. Dəhlizə üzv olan ölkələrlə yol xəritəsi hazırlanıb. Bu yol xəritəsi çox mükəmməldir və burada digər tərəflərin məsuliyyətləri də müəyyən edilir: "Biz birlikdə işləyərək artıq xəritənin icrasına başladıq və bir sıra məsələləri sinxronlaşdırdıq. Eyni vaxtda bir sıra əməliyyatları və fəaliyyətləri həyata keçirdik".

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov da beynəlxalq konfransda çıxış edib. O qeyd edib ki, İpək Yolunun bərpası hesab edilən Orta Dəhlizin qlobal perspektivlərinin önə çəkilməsi, bu zaman iqtisadi səmərəlilik və daşımaların optimallaşdırılması kimi vacib amillərin nəzərə alınması hazırda qarşımızda duran ən əhəmiyyətli məsələlərdəndir. Əlavə edib ki, Transxəzər Gömrük Tranzit Portalının yaranması yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşımalar üçün səmərəli nəzarətə şərait yaradan Şərqlə Qərbin Xəzər üzərində rəqəmsal qovşaq mexanizmi olacaq.

Türk Dövlətləri Təşkilatı Baş katibi Kubanıçbek Ömüraliyev isə çıxışında bildirib ki, Azərbaycan qlobal logistika və nəqliyyat sahəsində əsas oyunçulardan biridir, bölgə mühüm nəqliyyat marşrutlarından biridir. Onun sözlərinə görə, Azərbaycan Avropa ilə Asiyanı birləşdirir və iqtisadi artım üçün imkan yaradır: “Nəqliyyat məsələləri Türk dövlətləri üçün prioritet məsələlərdəndir. Bu sənədlərdə də öz əksini tapıb”. Baş katib onu da əlavə edib ki, bu tədbirin keçirilməsində əsas məqsəd nəqliyyat və tranzit əməkdaşlığının təkmilləşdirilməsi və çətinliklərin aradan qaldırılmasıdır. "Bizim əsas məqsədimiz Transxəzər və Orta Dəhlizin inkişaf etdirilməsidir. Türk dövlətlərinin strategiyası ən qısa müddətdə Orta Dəhlizi təhlükəsiz nəqliyyat dəhlizinə çevirməkdir. Zəngəzur dəhlizinin region üçün yeni imkanlar yaradacağı güman edilir. Bu da sosial-iqtisadi, geosiyasi faydalar təmin edəcək”, - deyə Kubanıçbek qeyd edib.

Qeyd edək ki, tədbir müzakirələrlə davam edib.

 Sonra bölmələr üzrə müzakirələr davam etdirilib. Prof. Nazim İmanovun moderatorluğu ilə “Avrasiya regionunun ticarətində və davamlı inkişafında beynəlxalq nəqliyyat dəhlizlərinin rolu”, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramovun sədliyi ilə həmin mövzuda, habelə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə “Tranzit dəhlizlərinin yaradılması üzrə yüksək səviyyəli panel: Avrasiyanın potensialından istifadə” məsələləri üzrə geniş müzakirələr aparılıb.

Sonra bütün konfrans iştikarçıları Zəngilanda yeni salınmış və məskunlaşdırılmış Ağalı kəndinə gəliblər, buradakı şəraitlə yaxından tanış olublar.

Konfrans öz işini noyabrın 17-də Bakıda davam etdirib.

 Video material. ATV: https://www.youtube.com/watch?v=dmlWLdfRsFw