Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

  • Oxunub 13867 dəfə

SUB-İNDEKSLƏR ÜZRƏ NƏTİCƏLƏR

 

Sub-indekslər üzrə cədvəlləri yuxarıdan aşağıya “oxuduqda” ölkələr dövlət tənzimləməsinin az olduğu ölkələrdən daha sərt olduğu ölkələrə doğru, başqa sözlə – sağdan sola, aşağıdan yuxarıya “oxuduqda” isə soldan sağa sıralanmış olur. Adambaşına ÜDM-i 35 min Beynəlxalq dollardan artıq olan ölkələr rəng fonunda kursivlə verilmişdir.

= = =

Dövlət maliyyəsi sub-indeksi üzrə nəticələr

Cədvəl 1. Dövlət maliyyəsi sub-indeksi – 2017

 

Şkala 1. Dövlət maliyyəsi sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2017)

Dövlət maliyyəsi sub-indeksinə görə ən liberal iqtisadiyyat Sinqapurun (0,190), ən dirijist iqtisadiyyat isə Argentinanındır (0,737). Bu sub-indeks üzrə ən liberal üçlüyü Kamboca (0,216) və Makedoniya (0,219) tamamlayır. İnkişaf etmiş ölkələrdən Fransa (0,596) və Belçika (0,552) dövlət xərcləri və vergilər vasitəsilə iqtisadiyyata ən çox müdaxilə edən ölkələr sırasındadır.

Sub-indeksin nisbi mərkəzi (cəbri ortası) 0,365-dir. 51 ölkə nisbi mərkəzdən sağda, 44 ölkə isə solda yerləşir. Yüksək iqtisadi inkişafa nail olmuş (adambaşına ÜDM-i 35 min Beynəlxalq dollardan çox olan) ölkələr nisbi mərkəz ətrafında, demək olar ki, bərabər paylanmışdır: 16-sı mərkəzdən sağda, 17-si solda qərarlaşır. İnkişaf etməkdə olan ölkələrdə nisbi çoxluq (62 ölkədən 35-i) sağ qütbə meyilli olsa da, fərq o qədər də böyük deyil.

Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin nisbi mərkəz ətrafında sayca təqribən bərabər paylanması belə düşünməyə əsas verir ki, dövlətin iqtisadiyyata fiskal müdaxiləsinin ölçüsü iqtisadi inkişafı şərtləndirmir və öz növbəsində onunla müəyyən olunmur.

Azərbaycan 0,376 sub-indeks qiyməti ilə, Oman (0,372), İslandiya (0,374) və Danimarka (0,387) kimi adambaşına ÜDM-i 35 min Beynəlxalq dollardan çox olan, eləcə də Latviya (0,363), Litva (0,380) və Türkiyə (0,380) kimi bu astananı keçməmiş ölkələrlə birgə sağdan-sola sıralamada altıncı onluqda (55-ci yerdə) yerləşir.

= = =

Qiymətlərin tənzimlənməsi sub-indeksi üzrə nəticələr

Cədvəl 2. Qiymətlərin tənzimlənməsi sub-indeksi – 2017

Şkala 2. Qiymət tənzimlənməsi sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2017)

Qiymətlərin tənzimlənməsi sub-indeksinə görə 95 ölkə arasında ən solçu iqtisadiyyat Azərbaycanın (0,440), ən sağçı iqtisadiyyat isə İsveçrənindir (0,066). Ölkələr sub-indeksin nisbi mərkəzindən (0,206) sağda və solda, demək olar ki, bərabər paylanmışdır: 48 ölkə sağda, 46 ölkə solda yer alır. Çinin Tayvan əyalətinin sub-indeks üzrə aldığı qiymət nisbi mərkəzlə üst-üstə düşür.

Qiymətlərin tənzimlənməsi sub-indeksi üzrə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin üstünlük verdiyi “iqtisadi modellər” ciddi fərqlənir. Birincilərdə qiymətlər, əsasən, daha liberaldır – dövlət qiymətlərin formalaşmasına daha az müdaxilə edir. Qiymətlərin tənzimlənməsi sub-indeksinə görə qiymətlərə dövlət müdaxiləsinin ən az olduğu 23 ölkənin 22-si yüksək gəlirli ölkələr qrupuna daxildir.

Ümumilikdə ölçmələrə daxil edilən 33 yüksək gəlirli ölkədən 27-si nisbi mərkəzdən sağda, 5-i isə solda yerləşir. Nisbi mərkəzdən solda yerləşən yüksək gəlirli ölkələr, Birləşmiş Krallıq xaric, neft-qaz resursları ilə zəngin ərəb ölkələridir (Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Oman). Bu ölkələrlə yanaşı, Rusiya, Qazaxıstan və İran kimi inkişaf etməkdə olan resurs iqtisadiyyatları da qiymətlərin tənzimlənməsinə görə sol qütbə yaxındır.

= = =

Xarici ticarət sub-indeksi üzrə nəticələr

Cədvəl 3. Xarici ticarət sub-indeksi – 2017

Şkala 3. Xarici ticarət sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2017)

 

Əvvəlki Hesabatda olduğu kimi, bu il də Xarici ticarətin tənzimlənməsi üzrə ən liberal iqtisadiyyat Sinqapurundur (0,057), ən solçu iqtisadiyyata malik olan ölkə isə İrandır (0,551). Nisbi mərkəz əvvəlki ilə nəzərən, demək olar ki, dəyişməz qalmışdır (0,243).

Ümumilikdə 95 ölkədən 61-i, o cümlədən inkişaf etmiş ölkələrin mütləq əksəriyyəti – 33 ölkədən 30-u – nisbi mərkəzdən sağda yerləşir. Yüksək gəlirli ölkələrdən yalnız 3-ü mərkəzdən solda yerləşir: Cənubi Koreya (0,259), Küveyt (0,262) və Səudiyyə Ərəbistanı (0,309). Bu onu göstərir ki, inkişaf etmiş ölkələr qiymətlərin dövlət tənzimlənməsi sahəsində olduğu kimi, xarici ticarətdə də “liberal model”ə üstünlük verir.

İnkişaf etmiş ölkələrdə istehsal edilən əksər məhsul və xidmətlərin rəqabət qabiliyyəti daha yüksək olduğundan həmin ölkələrin beynəlxalq ticarətin liberallaşmasında daha çox maraqlı olması anlaşılandır. İnkişaf etməkdə olan ölkələr isə öz daxili bazarlarını daha sərt qorumağa çalışır. Lakin nəzərə almaq lazımdır ki, daxili bazarın qorunması üzrə tədbirlər iqtisadi inkişafı yalnız müəyyən şərtlər daxilində stimullaşdıra bilir.

Azərbaycan 0,307 sub-indeks qiyməti ilə nisbi mərkəzdən solda yerləşməklə 95 ölkə arasında xarici ticarətin ən sərt tənzimləndiyi 22-ci ölkədir. Təbii resurslarla zəngin olan bir çox başqa ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı (0,309), Rusiya (0,336), Qazaxıstan (0,335), Nigeriya (0,419), Venesuela (0,507) və İran (0,551) da xarici ticarətin daha sərt tənzimlənməsi “modeli”nə üstünlük verir.

= = =

Lisenziyalaşdırma sub-indeksi üzrə nəticələr

Cədvəl 4. Lisenziyalaşdırma sub-indeksi – 2017

Şkala 4. Lisenziyalaşdırma sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2017)

Lisenziyalaşdırma sub-indeksinə görə ən sağçı ölkə Gürcüstan (0,034), ən solçu ölkə isə Kambocadır (0,354). Sağ qütbə toplaşan on ölkədən səkkizi yüksək gəlirli iqtisadiyyata sahibdir. Sol qütbdəki onluqda yeganə yüksək gəlirli iqtisadiyyatı olan Kipr (0,259) Kambocadan sonra lisenziyalaşdırmaya ən çox vaxt sərf olunduğu ölkədir. Bu mənzərə yüksək gəlirli ölkələrin lisenziyalaşdırma sahəsindəki dövlət tənzimlənməsi yükünün digər ölkələrə nəzərən daha az olduğunu söyləməyə əsas verir.

Lakin Lisenziyalaşdırma sub-indeksi üzrə yüksək gəlirli ölkələrin nisbi mərkəz (0,103) ətrafında paylanması qiymətlərin və xarici ticarətin tənzimlənməsi sahəsindəki mənzərədən fərqlidir. Nisbi mərkəzdən solda 9 yüksək gəlirli ölkə yerləşir ki, onların arasında Bəhreyn (0,109) və Küveyt (0,125) kimi neftlə zəngin iqtisadiyyatlar ilə yanaşı, Fransa (0,107), Belçika (0,111), İsrail (0,113), Avstriya (0,118), Kanada (0,131), İtaliya (0,132) kimi inkişaf etmiş ölkələr də yer almaqdadır.

Azərbaycan Sub-indeksin 0,133 qiyməti ilə sağdan sola sıralamada 77-ci olmaqla lisenziyalaşdırmanın ən sərt olduğu 19-cu ölkədir.

= = =

Məşğulluğun tənzimlənməsi sub-indeksi üzrə nəticələr

Cədvəl 5. Məşğulluğun tənzimlənməsi sub-indeksi – 2017

Şkala 5. Məşğulluğun tənzimlənməsi sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2017)

Tədqiq edilən 95 ölkə arasında Məşğulluğun tənzimlənməsi sub-indeksi üzrə ən liberal ölkə Sinqapur (0,146), ən dirijist ölkə isə Venesueladır (0,804)*. Şri-Lanka (0,593), Ekvador (0,574) və Argentina (0,568) işəgötürmə və işdənçıxarma məsələlərində şirkətlərin sərbəstliyini ən çox məhdudlaşdıran ölkələr sırasındadır. Sol qütbdə yerləşən on ölkədən heç biri yüksək gəlir qrupuna daxil deyil. Sola ən yaxın olan inkişaf etmiş ölkələr soldan sağa sıralamada 14-cü yeri tutan Fransa (0,470) və 15-ci yerdə qərarlaşmış Cənubi Koreyadır (0,469). Bunun əksinə olaraq, sağ qütbə ən yaxın on ölkənin doqquzu yüksək gəlir qrupuna daxildir. Onluqdakı yeganə inkişaf etməkdə olan ölkə 10-cu yerdəki Gürcüstandır (0,265).

Sağ və sol qütblərdə aydın müşahidə edilən qruplaşmalar, nisbi mərkəz ətrafında paylanma əsas alındıqda, nisbətən zəifləyir. Finlandiya 0,376 sub-indeks qiyməti ilə nisbi mərkəz nöqtəsində yerləşir. Yüksək gəlirli ölkələrin 20-si mərkəzdən sağda, 12-si solda qərarlaşır. Ümumilikdə, ölkələr nisbi mərkəz ətrafında təqribən bərabər və qarışıq paylanmışdır ki, bu da işəgötürmə və işdənçıxarmanın asanlığı/çətinliyinin iqtisadi inkişafı müəyyən edən və ya ondan əhəmiyyətli dərəcədə təsirlənən tənzimləmə vasitəsi olmadığını deməyə əsas verir.

* Venesuela üzrə hesabat ili üçün məlumatlar əlçatan olmadığından əvvəlki ilin məlumatlarından istifadə edilmişdir.

= = =

Minimum əmək haqqı sub-indeksi üzrə nəticələr

Cədvəl 6. Minimum əmək haqqı sub-indeksi – 2017

Şkala 6. Minimum əmək haqqı sub-indeksi üzrə iqtisadiyyatın solluğu-sağlığı (2017)

Birləşmiş Ərəb Əmirliklərində və Misirdə minimum əmək haqqı heç bir şəkildə – nə dövlət tərəfindən, nə də kollektiv müqavilələrlə – tənzimlənmir. Qətərdə ölkə əmirinin minimum əmək haqqı müəyyən etmək səlahiyyəti olsa da, hazırda belə bir hədd tətbiq edilmir. MƏH sub-indeksi üzrə bu ölkələr ən sağçı iqtisadiyyata malikdirlər və sıfır nöqtəsi üzərində yerləşirlər. Sinqapurda 2014-cü ilin yanvar ayından etibarən təmizlik işçiləri üçün dövlət 1000 ABŞ dolları həcmində MƏH müəyyənləşdirmişdir. Bu işçilər qrupunun sayca çox kiçik olduğu nəzərə alınaraq, 2016-cı il hesabatında olduğu kimi cari Hesabatda da Sinqapur şərti olaraq “0,010” nöqtəsinə qoyulmuşdur.

Bəzi ölkələrdə minimum əmək haqqı ancaq dövlət sektorunda çalışanlar üçün (məsələn, Bəhreyndə yalnız dövlət sektorunda çalışan Bəhreyn vətəndaşları üçün), bəzilərində isə (Cənubi Afrika Respublikası, Kamboca, Kipr), sadəcə, məhdud sayda işçi qrupları üçün müəyyənləşdirilir. Bu ölkələr üçün MƏH sub-indeksi hesablanarkən həmin sektorlarda çalışanların ümumi məşğulluqdakı payı da nəzərə alınmış və onların bəziləri “0,050”, digərləri “0,080” nöqtəsinə qoyulmuşdur. Avstriya, Danimarka, Finlandiya, İslandiya, İsveç, İsveçrə, İtaliya və Norveç iqtisadiyyatlarının da sub-indeks qiyməti şərtidir (0,050). Bu ölkələrdə dövlət minimum əmək haqqını qanunvericiliklə təsbit etməsə də, MƏH kollektiv müqavilələrlə hər halda tənzimlənir.

Bütün bu ölkələr, habelə Gürcüstan (0,026) və Uqanda (0,033) MƏH üzrə ən liberal ölkələr qrupuna daxildir.

Sol qütbə İndoneziya (0,776) “başçılıq edir”. Bu qütbdəki ilk onluqdakı ölkələrdən yalnız Omanda (0,635) adambaşına ÜDM 35 min Beynəlxalq dollardan artıqdır. Sola ən yaxın digər yüksək gəlirli ölkələr soldan sağa sıralamada 12-ci yeri tutan Yeni Zelandiya (0,532) və 13-cü yerdə qərarlaşmış Fransadır (0,524).

MƏH üzrə sıralamanın sağ qütbündə müəyyən şərtiliyə yol verildiyi üçün nisbi mərkəzdən kənarlaşmaların təhlili daha az əhəmiyyət kəsb edir, hərçənd ki, bu şərtilik iqtisadiyyatların bir-birinə nəzərən sağlığına-solluğuna xələl gətirmir. Bununla belə, qeyd etmək lazımdır ki, varlı ölkələr nisbi mərkəzdən sola və sağa doğru sayca, demək olar ki, bərabər paylanırlar (müvafiq olaraq, 16 və 17 ölkə).

Azərbaycan 0,200 sub-indeks qiyməti ilə nisbi mərkəzdən sağda yerləşən ölkələr sırasındadır və minimum əmək haqqı sub-indeksinə görə ən liberal 31-ci ölkədir.