Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

  • Oxunub 11760 dəfə

ÖLKƏVİ NƏTİCƏLƏR

 

“Metodologiya” bölməsində qeyd edildiyi kimi, İqtisadiyyatın solluğu (sağlığı) indekslərinin (İnteqral indekslərin) hesablanması zamanı Dövlət maliyyəsi sub-indeksinə daha böyük xüsusi çəki verilmişdir:

İS(S)İi = 0,30*DMi + 0,14*QTi + 0,14*XTi + 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi

İS(S)İ üzrə cədvəlləri yuxarıdan aşağıya “oxuduqda” ölkələr dövlət tənzimləməsinin az olduğu ölkələrdən daha sərt olduğu ölkələrə doğru, başqa sözlə – sağdan sola, aşağıdan yuxarıya “oxuduqda” isə soldan sağa sıralanmış olur. Yüksək gəlirli ölkələr rəng fonunda kursivlə verilmişdir.

= = =

Cədvəl 7. İqtisadiyyatın solluğu (sağlığı) indeksləri (2017)

Şkala 7. İqtisadiyyatın solluğu (sağlığı) indeksləri (2017)

 

Altı sub-indeksi özündə birləşdirən inteqral indeksə – İqtisadiyyatın solluğu (sağlığı) indeksinə görə, tədqiq olunan 95 ölkə arasında ən sağçı iqtisadiyyat əvvəlki illərdə olduğu kimi yenə də Sinqapurun iqtisadiyyatıdır (0,113). Onun ardınca BƏƏ (0,145) və Gürcüstan iqtisadiyyatları (0,170) gəlir. Ən liberal iqtisadiyyata malik olan 10 ölkədən 8-də adambaşına ÜDM 35 min Beynəlxalq dollardan artıqdır.

Sol qütbə ən yaxın olan Argentina (0,465) və Venesuelanın (0,400) mövqeyi son bir ildə dəyişməz qalıb. Dövlətin iqtisadiyyata ən çox müdaxilə etdiyi ölkələr arasında Fransa (0,375) və Belçika (0,367) kimi inkişaf etmiş dövlətlər də yer almaqdadır.

Ümumilikdə ölkələr İndeksin nisbi mərkəzi (0,283) ətrafında təqribən bərabər paylansa da, varlı ölkələrin çoxu (33 ölkədən 25-i) nisbi mərkəzdən sağda yerləşir.

Azərbaycan 0,310 indeks qiyməti ilə sağdan sola sıralamada 69-cu, soldan sağa sıralamada isə 27-ci yerdə qərarlaşmışdır və nisbi mərkəzdən soldadır.

= = =

Son dörd ildə İS(S)İ-nin müxtəlif ölkələrdəki dəyişmələrini qiymətləndirmək məqsədi ilə 2014-cü ildə tədqiq olunmuş 37 ölkə üçün İS(S)İ, 2017-ci ildə istifadə olunmuş məlumat bazaları və metodika əsasında bir daha hesablanmış və dörd ilin nəticələri eyni ölçüyə gətirilmişdir (Cədvəl 8).

Cədvəl 8. İqtisadiyyatın solluğu (sağlığı) indeksləri
(ŞAMA dövlətləri və bəzi inkişaf etmiş ölkələr,
sağdan-sola sıralama, 2014-2017-ci illər
)

Qısa bir müddətdə iqtisadiyyata müdaxilənin ümumi səviyyəsində dərin dəyişikliklərin baş verməsi ehtimalı, əlbəttə, böyük deyil. 2017-ci ildə İqtisadiyyatın solluğu-sağlığı indeksinin 37 ölkə üzrə orta qiyməti əvvəlki illərə nəzərən azalmağa xəfif meyil etmiş və 2014-cü ildəki 0,276-dan 0,272-ə enmişdir.

İqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsinin dəyişmələrini daha dəqiq qiymətləndirmək üçün hər bir ölkədə modelyaradıcı müdaxilələr üzrə dövlət siyasətini ayrıca təhlil etmək lazımdır. Aydındır ki, İS(S)İ-nin dəyişməsi onun müxtəlif komponetləri üzrə dəyişmələrin nəticəsində baş verir. Əlbəttə, elə də ola bilər ki, iki və daha artıq sub-indeksin kəskin, amma müxtəlif istiqamətli dəyişmələri bir-birini “kompensasiya” etdiyindən İS(S)İ dəyişməz qalsın.

Məsələn, Dövlət maliyyəsi sub-indeksini formalaşdıran iki göstəricidən biri Büdcə xərclərinin ÜDM-də xüsusi çəkisidir. Bu göstərici həm vergi dərəcələrinin artırılması sayəsində (büdcə gəlirlərinin xüsusi çəkisinin artması vəsiləsi ilə), həm də vergi dərəcələrini dəyişməz saxlamaqla (hətta bəzən aşağı salmaqla) vergi inzibatçılığını təkmilləşdirmək və vergilərin yığım səviyyəsini artırmaq hesabına yüksəldilə bilər. Büdcə xərclərinin ÜDM-dəki xüsusi çəkisinin bu iki əksyönlü iqtisadi siyasətin hansının hesabına çoxalmasından asılı olmayaraq, nəticədə Dövlət maliyyəsi sub-indeksi artır və iqtisadiyyatın sollaşması təəssüratı yaranır. Halbuki ikinci halda iqtisadiyyat əslində sollaşmır, çünki maliyyə intizamının möhkəmləndirilməsi (yaxud zəifləməsi) iqtisadiyyata liberallıq-dirijistlik xassələri vermir (maliyyə intizamının sərtliyi iqtisadiyyata dövlət müdaxiləsinin modelyaradıcı formalarına aid deyil). Vergi dərəcələrinin aşağı salınması isə – vergidən yayınmaların azaldılması sayəsində vergi yığımları artmışdırsa belə – iqtisadiyyatın liberallıq (sağlıq) səviyyəsini yüksəldir.

Sinqapur, Gürcüstan və Danimarka 2014-2017-ci illər üzrə tədqiq edilən 37 ölkə arasında ən liberal iqtisadiyyatlar “titulu”nu qoruyub saxlamışdır. Araşdırılan ölkələr arasında ən solçu iqtisadiyyata sahib olan Fransa da öz mövqeyini dəyişməmişdir. İrlandiya davamlı olaraq liberallığa meyil etməklə sağdan sola sıralamada 12-ci yerdən 4-cü yerə keçmişdir. ABŞ iqtisadiyyatı da nisbətən sağlaşaraq, 7-ci yerdən 5-ci yerə qalxmışdır. 2014-cü ildə sol qütbə ən yaxın 4-cü iqtisadiyyata sahib olan Yaponiya sürətlə (hətta sıçrayışla) sağlaşmış və nisbi mərkəzə yaxınlaşmışdır. İspaniya, Niderland və İtaliya iqtisadiyyatları da təhlil dövrü ərzində sağa doğru meyil etmişdir.

Azərbaycan bütün təhlil dövründə nisbi mərkəzdən solda yerləşmiş, xüsusən 2015-ci ildən sonra daha da sollaşmışdır. Əsas səbəb – Qiymətlərin tənzimlənməsi sub-indeksində baş vermiş dəyişiklikdir. 2015-ci ildə Azərbaycanda həyata keçirilmiş devalvasiyalardan sonra Azərbaycan hökuməti əhalinin sosial müdafiəsi məqsədi ilə istehlak malları qiymətlərinin artmasını sərt bir şəkildə önləyirdi. Azərbaycan manatının ABŞ dollarına qarşı ucuzlaşması və eyni zamanda qiymətlərin manat ifadəsində aşağı səviyyədə saxlanması (manatın iki dəfə ucuzlaşmasına baxmayaraq, 2016-cı ildə orta illik inflyasiya yalnız 12,4% təşkil etmişdir) AQP üzrə “kənarlaşma əmsalının” əhəmiyyətli dərəcədə artması ilə nəticələnmişdir. Bu, öz növbəsində, Azərbaycan üzrə Qiymətlərin tənzimlənməsi sub-indeksinin və bu vəsilə ilə İS(S)İ-nin yüksəlməsinə (sollaşmasına) təsir edən əsas amil olmuşdur.

= = =

Əgər bu və ya digər göstərici üzrə (bu halda İS(S)İ üzrə) sıralamada ölkələr “məntiqli” düzülürsə, yəni müxtəlif iqtisadi inkişaf səviyyəsinə malik olan dövlətlər (məsələn, adambaşına ÜDM-i müəyyən bir həddən – bizim araşdırmada 35 min Beynəlxalq dollardan – aşağı və yuxarı olan dövlətlər) ayrı-ayrı qruplarla sıralanırsa, bu o deməkdir ki, müqayisələri qruplar daxilində aparmaq, inkişaf etmiş dövlətləri bir-biri ilə, digərlərini isə öz aralarında müqayisə etmək lazımdır. Müxtəlif iqtisadi inkişaf səviyyəsinə malik olan dövlətlər qarışıq sıralanırsa, bu o deməkdir ki, istənilən ölkələrin bir-biri ilə müqayisəsi nəzəri xəta törətmir.

2016-cı ildə olduğu kimi, 2017-ci ildə də, adambaşına ÜDM-i 35 min Beynəlxalq dollardan artıq olan ölkələrin hamısında (Fransa, Belçika və Oman istisna olmaqla) dövlətin iqtisadiyyata müdaxiləsi bəlli bir həddən aşağıdır (İS(S)İ < 0,310). Bu nəticə belə də təfsir edilə bilər ki, dövlətin iqtisadiyyata nisbətən az müdaxilə etməsi iqtisadi inkişaf üçün daha əlverişli mühit yaradır.

Lakin, əlbəttə, nəzərə almaq lazımdır ki, bəzi ölkələr yüksək iqtisadi inkişaf səviyyəsinə dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrini aşağı səviyyədə saxlayıb iqtisadi artımı sürətləndirmək yolu ilə deyil, sadəcə olaraq, təbii resursların (neftin) ixracı sayəsində nail olmuşlar. Bu halda İS(S)İ-nin aşağı qiymətlərlə ifadə olunması iqtisadi inkişafın səbəbi kimi yox, nəticəsi kimi çıxış edir. Məsələn, Bəhreyndə, Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə, Qətərdə və bəzi digər müsəlman ölkələrində gəlir vergisi tətbiq edilmir (və ya “0” dərəcə ilə “tutulur”). Bunun dini səbəblərlə bağlılığı özünü ən bariz şəkildə Səudiyyə Ərəbistanında göstərir: orada vətəndaşlar gəlir vergisi ödəməsələr də, rəsmən zəkat verirlər. Sadalanan ölkələr yüksək gəlirli ölkələr qrupuna daxildir və onların hamısında adambaşına ÜDM 35 min Beynəlxalq dollardan çoxdur. Amma onların iqtisadi zənginliyi daha liberal iqtisadi modelə sahib olmaları sayəsində yox, neft hesabına əldə olunmuşdur. Və bu zənginlik onlara imkan verir ki, həm vətəndaşlarının, həm də müəssisələrinin vergi yükünü aşağı səviyyədə saxlasınlar.

İnkişaf etmiş ölkələrdə İS(S)İ bəlli bir həddi, bir qayda olaraq, aşmasa da, araşdırılan 95 ölkənin İndeks qiymətləri üzrə sıralanması, əsas etibarilə, qarışıq xarakter daşıyır: istər “iqtisadi uğur” dövlətləri, istərsə də inkişaf etməkdə olan ölkələr nisbi mərkəzdən həm sağda, həm də solda yer almaqdadır. Yəni dövlət müdaxiləsinin hansısa bir həddən aşağı və ya yuxarı olması iqtisadi inkişaf üçün kafi şərt deyil. Sağ qütbdə qərarlaşmış Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri kimi, sol qütbün yaxınlığında yerləşən Fransa və Belçika da, nisbi mərkəzə yaxın yerlərdə dayanan Yaponiya və Niderland da istər iqtisadi inkişaf sahəsində, istərsə də ictimai rifahın yüksəldilməsi sahəsində uğur qazanmış ölkələrdir. Başqa sözlə, bir ölkəyə sağçılıq, digərinə solçuluq uğur gətirir.

Tədqiqata daxil edilmiş 94 ölkə üzrə * İS(S)İ ilə son 5 ildə ÜDM-in kumulyativ artımının tutuşdurulması göstərir ki, İndeksin bütün ölkələr üçün optimal sayıla biləcək vahid bir qiyməti mövcud deyil. Aşağıdakı Diaqramdan göründüyü kimi, həm adambaşına ÜDM-i 35 min Beynəlxalq dollardan yüksək olan ölkələrdə (qırıq-qırıq loqarifmik əyri), həm də xüsusilə digərlərində (bütöv loqarifmik əyri) İS(S)İ ilə iqtisadi artım tempi arasındakı asılılıq zəifdir.

* Təhlil dövründə Venesuelada siyasi böhran iqtisadi proseslərə müəyyənedici təsir göstərdiyi üçün bu ölkə Diaqrama daxil edilməmişdir.

Nəzəri cəhətdən, iqtisadi inkişafın başqa şərtlərinin dəyişməzliyi halında, bu və ya digər ölkədə dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin səviyyəsi (və ya liberallıqla dirijistlik arasındakı nisbət) öz optimal qiymətinə yaxınlaşdıqda iqtisadi artım sürətlənməli, optimal qiymətdən uzaqlaşdıqda isə zəifləməlidir. Və ya əksinə: ölkədə iqtisadi artım tempi nə qədər yüksəkdirsə, İS(S)İ bu zaman kəsiyində həmin ölkə üçün optimal olan nöqtəsinə bir o qədər yaxındır.

Təxminən eyni iqtisadi inkişaf səviyyəsinə malik olan Polşada (2017-ci ildə adambaşına ÜDM – 29,7 min Beyn. doll.) və Portuqaliyada (30,6 min Beyn. doll.) İS(S)İ-nin qiymətləri də çox yaxındır (müvafiq olaraq – 0,313 və 0,302), lakin bu ölkələrdə ÜDM-in 2013-2017-ci illərdəki kumulyativ artımı arasında əhəmiyyətli fərq vardır (müvafiq olaraq – 17,5% və 6,4%). Hesab etmək olar ki, İS(S)İ-nin bu qiyməti, daha böyük kumulyativ iqtisadi artıma nail olmuş Polşada onun üçün optimal sayıla biləcək qiymətə daha yaxındır.

Alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla hesablanmış adambaşına ÜDM göstəricilərinə görə, Avstraliya (50,6 min Beyn. doll.), Uruqvay (22,4 min Beyn. doll.), Meksika (19,9 min Beyn. doll.) və İordaniya (9,2 min Beyn. doll.) tamamilə müxtəlif inkişaf səviyyəsində olan ölkələrdir. Bu ölkələrdə İS(S)İ-nin aldığı qiymətlər də fərqlidir: müvafiq olaraq, 0,298, 0,286, 0,270 və 0,280. Bu ölkələrdə (hər halda – Avstraliya ilə Meksikada) dövlətin iqtisadiyyata modelyaradıcı müdaxiləsinin səviyyəsi də əhəmiyyətli dərəcədə fərqlənmişdir. Lakin bu 4 ölkə 2013-2017-ci illərdə ÜDM-in təqribən eyni kumulyativ artımına nail olmuşdur: müvafiq olaraq – 13,0%, 13,2%, 13,1% və 13,1%. Bu statistik sıraların tutuşdurulması belə də təfsir edilə bilər ki, həmin ölkələrdə İS(S)İ öz optimal qiymətindən eyni kənarlaşmada yerləşmişdir.

Bir ölkədə iqtisadi inkişaf dövlətin öz tənzimləmə tədbirlərini artırması və sərtləşdirməsi nəticəsində sürətlənirsa, digər ölkədə, əksinə, liberal islahatlar sayəsində güclənir. Bu və ya digər ölkədə (ölkələrdə) dövlətin iqtisadiyyata müdaxiləsinin hansı səviyyəsinin daha səmərəli olması haqqında mühakimə yürütmək üçün İndeksin həmin ölkə (ölkələr) üçün optimallıq “sahəsini” müəyyənləşdirmək tələb olunur. İqtisadiyyat İnstitutu bu yöndə tədqiqatlarını davam etdirməkdədir.

= = =

Cədvəl 9-da 95 ölkənin İS(S)İ üzrə paylanması ilə həmin ölkələrdə 2013-2017-ci illərdə ÜDM-in kumulyativ artımı tutuşdurulmuşdur. Müqayisə, ölkələrin həm İS(S)İ intervalları, həm də kumulyativ artım intervalları üzrə qruplaşdırılması əsasında aparılmışdır.

İS(S)İ üzrə ən böyük sayda ölkənin yer aldığı intervallar 0,250 - 0,299 (36 ölkə) və 0,300 - 0,349 (22 ölkə) aralıqlarıdır. Ölkələrin təqribən 61%-i məhz bu mərkəzi aralıqlarda yerləşir. 0,250 – 0,349 aralığında yer alan ölkələrdə 2013-2017-ci illərdə ÜDM-in orta kumulyativ artım tempi 15,9%, o cümlədən 0,250 - 0,299 intervalındakı ölkələrdə 16,8%, 0,300 - 0,349 intervalındakı ölkələrdə isə 15,0% olmuşdur.

İS(S)İ-nin 0,400 - 0,449 intervalında yerləşən yeganə ölkə Venesueladır. 2013-2017-ci illərdə Venesuelada ÜDM-in kəskin surətdə azalması iqtisadi proseslərdən ziyadə, dərin siyasi böhranın və əksər inkişaf etmiş dövlətlərlə, ilk növbədə ABŞ-la münasibətlərin kəskin surətdə pisləşməsinin nəticəsidir. Ona görə də bu ölkədə İS(S)İ ilə iqtisadi inkişaf arasında asılılıq axtarmaq mənasızdır. İS(S)İ-nin 0,450 - 0,500 intervalında da cəmi bir ölkə (Argentina) yer alır. Son 5 ildə Argentinada ÜDM-in cəmi 3,1% artması həm də iqtisadiyyata dövlət müdaxiləsinin yolverilməz dərəcədə yüksək olması ilə izah oluna bilər. Bütün hallarda, İS(S)İ-nin istər bu intervallarda, istərsə də 0,100 - 0,149 (cəmi 1 ölkə – Sinqapur) və 0,150 - 0,199 (cəmi 1 ölkə – Birləşmiş Ərəb Əmirlikləri) intervallarında yerləşməsi dünya ölkələri üçün tipik deyil.

Cədvəl 9. Ölkələrin İS(S)İ intervalları və 2013-2017-ci illərdə
ÜDM-in kumulyativ artımı intervalları üzrə paylanması

Azərbaycan da İS(S)İ üzrə mərkəz qrupu ölkələrinə aiddir (0,310). Lakin 2013-2017-ci illərdə Azərbaycanda əldə edilmiş 6,7%-lik kumulyativ iqtisadi artım (2012-2016-cı illərdə – 8,2%, 2011-2015-ci illərdə isə – 12,4%) mərkəzi aralıqlar üçün orta göstəricilərdən aşağıdır. Bu müqayisələr bir daha təsdiqləyir ki, Azərbaycanda İS(S)İ öz optimal qiymətindən kənarlaşmışdır və yaxın illərdə ölkədə liberal iqtisadi islahatların sürətlə davam etdirilməsi başlıca vəzifədir.

= = =

İqtisadiyyatın solluğu (sağlığı) indeksi son 25-30 ildə dünya iqtisadiyyatında baş vermiş ən fundamental dəyişikliklərdən birini üzə çıxarır. “Sosializmdən çıxmış” yeni dövlətlər, bu müddət ərzində, bazar iqtisadiyyatının çoxdan oturuşduğu zəngin ölkələrə nisbətən daha sağçı iqtisadiyyat qurmuşlar. Cəmi 27-28 il bundan əvvəl ifrat solçu iqtisadiyyata malik olan Azərbaycan indi Fransaya, Belçikaya, Yunanıstana və bir çox başqa “köhnə” bazar iqtisadiyyatı ölkələrinə nisbətən daha liberal iqtisadiyyata sahibdir.

1990-cı illərin əvvəllərinə qədər ifrat solçu iqtisadiyyata malik olan ölkələrdə o vaxtdan bəri aparılmış iqtisadi islahatlar həm mahiyyətcə, həm də intensivliyə (sürətə) görə fərqlənmişdir. İS(S)İ bu islahatların nəticələrini müqayisəli şəkildə qiymətləndirməyə imkan verir. Hər üçü liberal iqtisadi islahatları dövlət siyasətinin əsas prioritetləri sırasına aid etsə də, Azərbaycan Serbiyaya nisbətən daha sağçı iqtisadiyyat qurmağa nail olmuş, amma dövlətin iqtisadiyyata müdaxiləsini Gürcüstana nisbətən daha yüksək səviyyədə saxlamışdır.

= = =

İS(S)İ üzrə tədqiqatların əsas məqsədlərindən biri də dünya ölkələrində dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilə formalarının səviyyəsini ölçmək və bu ölçmələr əsasında iqtisadi modelləri təsnifləşdirməkdən ibarətdir.

Bu məqsədlə təklif edilən yeni təsnifat İS(S)İ-nin intervalları üzrə aşağıdakı kimi formalaşdırılmışdır (Şəkil 1).

Şəkil 1. İS(S)İ intervalları
və iqtisadi modellər

“Xalis bazar iqtisadiyyatı” və “xalis inzibati iqtisadiyyat” modelləri (yəni İS(S)İ şkalasında “0” və ya “1” nöqtələri üzərinə düşə biləcək iqtisadiyyat) gerçəklikdə mövcud deyil və hətta nəzəri cəhətdən də mümkün deyil. Ona görə də birinci və sonuncu modellər təsnifata, sadəcə, ifrat kənar qütbləri işarə etmək üçün daxil olunmuşdur və onların təhlili yalnız qnoseoloji məna kəsb edir. Ölkələrin hamısı qütb nöqtələrindən müəyyən kənarlaşmada yerləşir.

Hesabatda təhlil olunan ölkələrin bəziləri (Banqladeş, Dominikan Respublikası, Ekvador, Kamboca, Keniya, Kolumbiya, Qana, Livan, Malavi, Monqolustan, Şri-Lanka, Tacikistan, Uqanda və Vyetnam) təsnifata daxil edilməmişdir. Bu ölkələrin bəziləri üzrə informasiya natamamdır, digərlərində iqtisadi-siyasi sistem qeyri-təkmil və qeyri-müəyyəndir, bəzilərində isə qeyri-formal tənzimləmə formal tənzimləməyə nisbətən “daha güclüdür”. Ona görə də nəticələrin etibarlılıq səviyyəsini yüksəltmək üçün yekun təsnifləşdirməyə 81 ölkə daxil edilmişdir.

Bu Hesabatda araşdırılan ölkələr arasında dirijist iqtisadiyyat modelinə malik olan cəmi 3 ölkə yer almışdır. Keçmiş SSRİ-dəki, yaxud müasir Şimali Koreyadakı inzibati-amirlik sistemi də bu modelə aid edilə bilərdi. Bu halda iqtisadiyyat əsasən dövlət tərəfindən idarə olunur, iqtisadiyyatın özünütənzimləmə mexanizmlərinin əhəmiyyəti isə minimuma enir.

Beləliкlə, İS(S)İ əsasında 81 ölkə iqtisadiyyatının liberallıq-dirijistlik meyarı üzrə təsnifatı Cədvəl 10-da təqdim olunur.

Cədvəl 10. Dünya ölkələri iqtisadiyyatlarının
liberal-dirijist modellər üzrə təsnifatı
(81 ölkə, 2017-ci il)

İS(S)İ metodologiyası üzrə qiymətləndirmələr və iqtisadi modellərin həmin qiymətləndirmələr əsasında təklif edilən təsnifatı hazırkı iqtisadi fikirdə hakim olan bəzi “miflər”i dağıdır. Məsələn, əksər iqtisadçılar hesab edirlər ki, Skandinaviya ölkələrində hökumətlər iqtisadi proseslərə daha çox müdaxilə edirlər və həmin ölkələr məhz bunun sayəsində “rifah dövləti” qurmağa nail olmuşlar. İS(S)İ üzrə ölçmələrə görə isə, Danimarka liberal, Norveç, Finlandiya və İsveç isə “əsasən liberal iqtisadiyyatlar” qrupuna daxildir. Yəni bu ölkələrdə yüksək həyat səviyyəsi dövlətin iqtisadiyyata daha çox müdaxilə etməsi ilə deyil, əksinə, daha az müdaxilə etməsi ilə ərsəyə gəlmişdir.

Daha bir iqtisadi “inanc” ondan ibarətdir ki, ABŞ və Birləşmiş Krallıq dünyanın ən liberal iqtisadiyyatlarına malikdir. İS(S)İ üzrə ölçmələr göstərir ki, bu ölkələr dövlətin iqtisadiyyata ən az müdaxiləsi ilə səciyyələnən “liberal iqtisadiyyatlar” qrupuna daxil deyil. Hər iki ölkə ikinci qrupda – “əsasən liberal iqtisadiyyatlar” qrupunda yer almaqdadır. Üstəlik, Birləşmiş Krallıq “əsasən liberal” və “aralıq” iqtisadiyyat modellərinin sərhəddinə yaxın bir mövqe tutur.

Başqa bir yayğın fikrə görə, son 30 ildə aparılmış islahatlara baxmayaraq, Çin iqtisadiyyatı hələ də dünyanın ən solçu iqtisadiyyatları sırasındadır. Bu mülahizədə həqiqət payı, əlbəttə ki, yox deyil: Çin “əsasən dirijist” iqtisadiyyatlar qrupuna daxildir. Ancaq iqtisadi modellərin İS(S)İ ölçmələri əsasında qurulmuş təsnifatı onu da göstərir ki, adətən daha liberal hesab edilən Belçika və Fransa iqtisadiyyatları Çin iqtisadiyyatına nəzərən daha dirijistdir.

İqtisadi “inanclardan” biri də odur ki, tranzitiv iqtisadiyyatlar əsasən “aralıq iqtisadiyyat” modelinə aiddirlər. Bu fikir də yalnız qismən doğrudur: bizim qiymətləndirmələrə əsasən, Gürcüstan artıq ən liberal üçüncü ölkə olmaqla “liberal iqtisadiyyatlar” qrupuna, Qazaxıstan və Estoniya isə “əsasən liberal” iqtisadiyyatlar qrupuna daxildir.

= = =

Azərbaycan “əsasən liberal” və “əsasən dirijist” iqtisadiyyatların ortasında – “aralıq iqtisadiyyat” modelinə malik ölkələr sırasındadır. Adambaşına ÜDM-i 35 min Beynəlxalq dollardan artıq olan 33 ölkədən 10-u, o cümlədən Almaniya, Niderland və Yaponiya və eyni zamanda inkişaf etməkdə olan bir çox ölkələr, o cümlədən Macarıstan, Rusiya və Sloveniya da bu qrupa daxildir.