Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Tariximiz

  • Oxunub 13953 dəfə

              

 Azərbaycan Milli Elmlər Akademiyası sistemində özünəməxsus yer tutan və Azərbaycanda iqtisad elminin inkişafına böyük töhvələr vermiş İqtisadiyyat İnstitutu çox şərəfli bir tarixi inkişaf yolu keçib. İqtisadiyyat İnstitutu əvvəllər SSRİ EA-nın Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya sektorunun, 1945-ci ildən isə Azərbaycan EA nəzdində fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında 14 aprel 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır.

 “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanı ilə AMEA-nın İqtisadiyyat İnstitutu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.  

 İnstitut fəaliyyətə başladığı dövrdə (1958-1960-cı illərdə) onun quruluşu 5 şöbədən - «Siyasi iqtisad və iqtisadi fikir», «Sənaye iqtisadiyyatı», «Kənd təsərrüfatının iqtisadiyyatı», «Sosialist istehsalının yerləşdirilməsi» və «Xalq təsərrüfatı tarixi»ndən ibarət olub. Sonrakı dövlərdə (1961-1965, 1966-1970, 1971-1985, 1986-1990-cı illər) institutda aparılan elmi-tədqiqat işləri bütünlüklə götürüldükdə keçmiş İttifaq və Respublikanın hökümət və dövlət orqanları tərəfindən müəyyən edilmiş həmim dövrlərin mühüm iqtisadi problemlərinin və dövlət tapşırıqlarının yerinə yetirilməsinə yönəldilmişdir. 

 70-80-cı illərdə İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş elmi-tədqiqat işlərinin səviyyəsini xarakterizə edən ən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, bu dövrdə institut əməkdaşlarının 23 elmi nəticəsi keçmiş SSRİ EA-nın Rəyasət Heyəti tərəfindən Sovet elminin ən mühüm nailiyyətləri kimi qiymətləndirilərək SSRİ EA Rəyasət Heyətinin Hesabatına daxil edilmişdir.

 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqillik qazanması ilə yanaşı bazar iqtisadiyyatına keçid ölkəmizin iqtisadiyyatının və iqtisad elminin inkişafı sahəsində də yeni mərhələnin başlanğıcı olmuş, habelə İqtisadiyyat İnstitutu qarşısında yeni dövrün tələblərinə uyğun vəzifələr qoymuşdur. Müstəqillik illərində AMEA İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və samballı elmi-tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərmişdir.

 İnstitutda uzun illərdən bəri fəaliyyət göstərən İxtisaslaşdırılmış Doktorluq və Namizədlik Dissertasiya Şuralarında 900-dan çox namizədlik və 100-dən artıq doktorluq dissertasiyası müdafiə olunmuşdur. 1500-dən çox monoqrafiya və kitab nəşr edilmişdir.

 2018-ci il oktyabrın 18-də AMEA-nın əsas binasında AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbiri keçirilmişdir. İclasda AMEA rəhbərliyi ilə yanaşı, Hökumət və Milli Məclisin üzvləri, AMEA institutlarının rəhbərləri və əməkdaşları, ali məktəb rektorları, tanınmış iqtisadçı alimlər, xarici ölkələrdən – Çin, Gürcüstan, Ukrayna, Qazaxıstan, Rusiya və Qırğızstandan qonaqlar iştirak etmişlər.

 Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 16 oktyabr tarixli Sərəncamları ilə iqtisad elminin inkişafındakı xidmətlərinə görə AMEA İqtisadiyyat İnstitutunun 7 əməkdaşı - 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, 2 nəfər isə “Tərəqqi” medalı ilə təltif ediliblər. Bunlarla yanaşı, AMEA İqtisadiyyat İnstitutunun daha 20-yə yaxın əməkdaşı məhsuldar elmi fəaliyyətləri nəzərə alınaraq AMEA İctimai Elmlər Bölməsinin “Fəxri Fərman”ı ilə təltif ediliblər. 

 Çin Sosial Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun professoru Pei Çanhunqa və Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, iqtisad elmləri doktoru, professor Vladimer Papava İqtisadiyyat İnstitutunun Fəxri doktorlarıdır.

 İqtisadiyyat İnstitutunun tərkibində 12 elmi şöbə, 1 elmi mərkəz, habelə inzibati şöbələr fəaliyyət göstərir:

“İqtisadi siyasətin nəzəri əsasları” şöbəsi

“Monetar və fiskal tənzimləmə problemləri” şöbəsi

"Aqrar sektorun iqtisadi problemləri” şöbəsi

“Sənaye siyasəti və investisiya problemləri" şöbəsi

“Demoqrafiya və məşğulluq problemləri” şöbəsi

“Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsi

“Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsi

“İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsi

“İnklüziv sosial inkişaf» şöbəsi

 “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsi

“Xidmət sferasının iqtisadiyyatı” şöbəsi

“İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsi

Elmi Mərkəz:

Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi

İnzibati şöbələr:

İctimaiyyətlə əlaqələr şöbəsi

Təhsil şöbəsi

Kadrlar şöbəsi 

Təchizat və sənədlərlə iş şöbəsi 

Mühasibatlıq

Kitabxana

 İnstitutun əsas fəaliyyət istiqamətləri Azərbaycanın müstəqil milli iqtisadiyyatının sosial-iqtisadi inkişaf problemlərinin fundamental tədqiqi, makroiqtisadi və regional inkişaf problemləridir.

 Azərbaycanda fundamental və tətbiqi iqtisadi araşdırmaların əsas mərkəzlərindən biri olan AMEA İqtisadiyyat İnstitutunda hazırda “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illər)” mövzusunda tədqiqatlar aparılır. Bu məqsədlə 24 işçi qrupu yaradılıb və 22 beynəlxalq reytinq üzrə tədqiqatlar yerinə yetirilir. Daha 4 reytinq isə institutun öz araşdırmasıdır. Bunlar İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi, Azərbaycanda sosial-iqtisadi inkişaf, Azərbaycanda iqtisadi potensialın reallaşdırılması və Azərbaycanda həyat keyfiyyəti indeksləridir. Bu indekslərin əsasında Azərbaycanın 8 iqtisadi rayonunda, 6 respublika tabeli şəhərində və 55 inzibati rayonunda həyat keyfiyyəti müqayisəli şəkildə qiymətləndirilmişdir. Habelə balanslaşdırılmamış açıq iqtisadi sistemlərdə makroiqtisadi normativlərin və səmərəlilik göstəricilərinin çoxfaktorlu asılılıqlarının müəyyənləşdirilməsi üçün riyazi aparat hazırlanmışdır.

 2014-cü ildən etibarən İnstitut İqtisadiyyatın solluq (sağlıq) indeksini – İS(S)İ üzrə tədqiqat aparır və illik göstəricilər dərc olunur. Bu İndeks dünyanın müxtəlif ölkələrində iqtisadiyyatın dövlət tənzimlənməsi səviyyəsini ölçməyə imkan verir. Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ölçülməsi əsasında 95 ölkədə iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi qiymətləndirilmişdir.

 İqtisadiyyat İnstitutu müxtəlif dövlət proqramlarının hazırlanmasında və icrasında iştirak edir, hökumət qurumları tərəfindən yaradılmış müxtəlif işçi qruplarına ekspertlər səviyyəsində daxil edilib. İnstitutun alimləri Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin işçi qruplarında təmsil olunurlar.

  Son 20 ildə institutda aparılan elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı əməkdaşlar tərəfindən 150-dən çox monoqrafiya, 3000 məqalə, o cümlədən 800-ə yaxın əsər xaricdə (50 məqalə İMPAKT-FAKTORLU jurnallarda) nəşr olunmuşdur.

   Hazırda İqtisadiyyat İnstitutunda 167 nəfər çalışır. İnstitutut əməkdaşlarından 2 nəfəri AMEA-nın müxbir üzvü, 21 nəfəri elmlər doktoru, 48 nəfəri iqtisad üzrə fəlsəfə doktoru, 43 nəfəri elmi işçidir.

 İqtisadiyyat İnstitutu yarandığı 1958-ci ildən 1964-cü ilədək onun direktoru vəzifəsində iqtisad elmləri namizədi H.T.Hüseynov, 1964-1989-cu illərdə akademik Ə.Ə.Mahmudov, 1991-1998-ci illərdə AMEA-nın müxbir üzvü A.K.Ələsgərov, 1999-cu ilin yanvarından 2008-ci ilin iyun ayına kimi AMEA-nın müxbir üzvü, i.e.d. professor Ş.M.Muradov, 2008-ci ilin iyun ayından 2014-cü ilin may ayına kimi i.e.d., professor İ.H.Alıyev çalışmışlar. 2014-cü ilin may ayından İnstituta i.e.d., professor Nazim Müzəffərli (İmanov) rəhbərlik edir.