az   |   en   |    ru

Türkdilli Dövlətlərin İqtisadçı Alimlər Birliyi yaradılacaq

  • Oxunub 222 dəfə

 Mayın 20-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi

 İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda Şuranın üzvləri institutun əməkdaşları - şöbə müdiri, i.f.d.Əbdülsəməd Həsənovu 60, i.e.d., professor Ağadadaş Qafarovu 65 və i.f.d. Adilə Gözəlovanı 65 illik yubileyləri münasibətilə təbrik etdilər, onlara diplom və hədiyyələr təqdim olundu.

 İclasda Elmi Şuranın sədr müavini, i.f.d. Allahyar Muradov doktorantların attestasiyasının nəticələri haqqında məlumat verdi və Attestasiya Komissiyasının məruzəsi təsdiqləndi. Habelə elmi katib, i.f.d. Rəsmiyyə Abdullayevanın məruzəsi əsasında İnstitutun doktorantlarının fərdi iş planları da Elmi Şura tərəfindən təsdiq edildi.

 Daha sonra elmi katib R.Abdullayeva Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli sərəncamının icrası ilə bağlı tədbirlər planıyla əlaqədar AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il qərarı və bu qərara əsasən AMEA İqtisadiyyat İnstitutunun üzərinə düşən vəzifələr haqqında məlumat verdi. Müzakirələrdən sonra Elmi Şuranın qərarı ilə Türkdilli Dövlətlərin İqtisadçı Alimlər Birliyinin yaradılması ilə bağlı təşkilati məsələlərin həlli i.f.d. Rəsmiyyə Abdullayevaya həvalə olundu. Təşkilatın mərkəzi ofisinin Bakıda olması nəzərdə tutulur.

 İclasda i.f.d., dos. Yaşar Məmmədovun “Azərbaycan Respublikasında fond bazarının formalaşması və inkişaf istiqamətləri” və i.f.d. Nəsimi Əhmədovun “Abşeron regionunda mineral xammaldan istifadənin səmərəliliyi” adlı monoqrafiyaları müzakirə edilərək çapa tövsiyə olundu. Sonda “Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Yaşar Bayramzadəyə dosent elmi adının verilməsi və bununla bağlı Ali Attestasiya Komissiyasına müraciət edilməsi barədə qərar qəbul edildi (economics.com.az).