az   |   en   |    ru

Ən yaxşı elmi-tədqiqat işi yerinə yetirən şöbələr və əməkdaşlar mükafatlandırılacaq

  • Oxunub 147 dəfə

 Oktyabrın 6-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.

  Öncə İnstituta işə götürülmüş yeni əməkdaşların təqdimatı keçirildi. Onların hər biri özü haqqında geniş məlumat verdi.

 Sonra 2017-ci ildə yerinə yetiriləcək elmi-tədqiqat işləri üzrə keçirilməsi nəzərdə tutulan müsabiqə ilə bağlı məsələlər müzakirə olundu. Bu barədə məlumat verən İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov bildirdi ki, alimlərin əməyinin stimullaşdırılması və elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılması məqsədilə iki mərhələdə daxili müsabiqə keçiriləcək, elmi-tədqiqat işləri qiymətləndiriləcək, ən yaxşı işlər mükafatlandırılacaq. Nəzərdə tutulur ki, 1-ci mərhələdə İnstitutun şöbələri arasında onların apardıqları tədqiqat işləri üzrə müsabiqə olsun və ilk 3 yeri tutan şöbələr, ikinci mərhələdə isə keyfiyyətli işlərinə görə fərqlənən ən yaxşı tədqiqatçılara pul mükafatı verilsin. Bunun üçün müsabiqənin əsasnaməsi hazırlanacaq, onun şərtləri, əsas meyarları orada öz əksini tapacaq. Bu məsələ Elmi Şurada bəyənildi və əsasnamənin hazırlanması tövsiyyə olundu.

 Bununla yanaşı, bildirildi ki, İnstitutda müvəqqəti yaradıcılıq qrupları yaradılacaq. Bu qruplar hər hansı bir elmi-tədqiqat mövzusunu konkret vaxt ərzində işləyəcək və buna görə mükafatlandırılacaq. Tədqiqatlar əsasında əldə olunmuş nəticələr, təklif və tövsiyələr müvafiq dövlət qurumlarına göndəriləcək.

 İclasda Elmi Şuranın üzvü, professor Rəna Sultanova sentyabrın 7-8-də Çinin Urumçi şəhərində Asiya İnkişaf Bankının təşkilatçılığı ilə keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) II forumunda iştirakı barədə məlumat verdi.

 İclasda digər təşkilati və cari məsələlər də müzakirə edildi (economics.com.az).