az   |   en   |    ru

“Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” adlı konfrans

  • Oxunub 338 dəfə

 Konfransda İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli və aparıcı elmi işçi Ramil Əliyev çıxış ediblər

 Martın 16-da Bakıdakı “Padamdar hotel”də “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” adlı konfrans keçirildi. Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun sədrliyi ilə baş tutan tədbirdə BMT-nin İnkişaf Proqramının (BMT İP) rezident nümayəndəsi Qulam İshaqzai, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, akademik Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli (İmanov) və digərləri cıxışlar etdilər.

 Konfransda maraqlı məruzələr dinlənildi. AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. Ramil Əliyev “Azərbaycan Respublikasında dayanıqlı inkişaf: nəzəriyyə və praktikanın vəhdəti” mövzusunda məruzə ilə çıxış etdi.

 Tədbirdə mövzu üzrə geniş müzakirələr aparıldı. İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli çıxışında dayanıqlı inkişafın əsas məqsədləri, bu sahədə qarşıda duran vəzifələr, müəyyənləşdirilmiş hədəflərin başlıca xüsusiyyətləri və həyata keçirilməsi çətinlikləri, dayanıqlı inkişaf məsələsində ayrı-ayrı ölkələrin əsas hədəfləri, iqtisadi maraqları, fəqrli iqtisadi göstəricilərə malik olması, qlobal və ölkəvi hədəflər və s. barədə danışdı. O, qlobal hədəflərin milli hədəflərə tranformasiyasının zəruriliyini mühüm amil kimi vurğuladı.

 Qeyd edək ki, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşdırılması üçün gördüyü işlər BMT tərəfindən yüksək qiymətləndirilir. Proqram çərçivəsində 2030-cu ilə qədər DİM-in həyata keçirilməsi üçün hesabatlar hazırlanacaq və quruma təqdim olunacaq. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin sentyabrında keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənən, 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. DİM-dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə imzaladığı müvafiq Fərmana əsasən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın əsas vəzifələri qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin olunmasıdır. Ötən müddət ərzində Milli Əlaqələndirmə Şurasının Katibliyi, müxtəlif sahələr üzrə işçi qrupları yaradılıb, iclaslar keçirilib və digər tədbirlər görülüb (economics.com.az).