az   |   en   |    ru

“İqtisadiyyat İnstitutunda ölkəmizin gələcək inkişafına öz töhfəsini vermək potensialına malik dissertasiya işləri öz layıqli qiymətini alır”

  • Oxunub 137 dəfə

Dosent Emin Məmmədzadə: “İnnovasiya infrastrukturunu səmərəli təşkil etmədən milli innovasiya sistemini qurmaq mümkün olmayacaq”

 AMEA İqtisadiyyat İnstitutunun “İnnovasiya menecmenti və elmin inkişafı problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Emin Məmmədzadənin “economics.com.az” saytına müsahibəsi

- Emin müəllim, ilk öncə söhbətimizə ondan başlayaq ki, sizin tədqiqat apardığınız sahə - innovasiya infrastrukturu nə deməkdir? Bu sahədə ölkəmizdə vəziyyət necədir?

- Bildiyiniz kimi, son illərdə Azərbaycanda elmin inkişafının təmin olunmasında, təhsil sisteminin modernləşməsində, istehsalatda, xüsusən də qeyri-neft sektorunda xeyli islahatlar aparılmışdır. Bu islahatların əsasında idarəetmədə və birbaşa istehsalatda (o cümlədən, xidmət sahəsində) yeni və daha səmərəli fəaliyyət üslub və formaların tətbiqi durmuşdur. Bu baxımdan diqqət mərkəzində yeniliklərin və yaxud elmi dildə desək innovasiyaların infrastrukturunun yaradılmasıdır. İnfrastruktur termininin linqvistik məzmunu latın sözlərindən “infra”- aşağı (təməl, özül) və “struktura” - qurğu söz birləşmələrindən yaranaraq fundament, təməl mənasını daşıyır. XX əsrdə bu terminlə hərbi qüvvələrə xidmət edən arxa sıralarda (maddi vəsaitlərin anbarları, hərbi bazalar, poliqonlar) yerləşən qurğular adlanırdı. “İnnovasiya infrasrtukturu” dedikdə bu gün iqtisad elmində əsasən innovasiyaların formalaşması və həyata keçirilməsini təmin edən dövlət, özəl və qarışıq mülkiyyətli müəssisələrin elmi tədqiqatlar maliyyə fondu, elmi-texniki və tədris bazasının cəmi başa düşülür. Hazırda Azərbaycanda milli iqtisadiyyatın inkişafına dair xüsusi “Yol xəritələri” icra olnur. Bu “yol xəritələri”ndə 3-cü strateji hədəf kimi insan kapitalının inkişafı göstərilmişdir. Bu hədəfin gerçəklənməsində artıq bir sıra tədbirlər həyata keçirilir. Bunlara misal olaraq respublikada bir neçə yeni texnoparkların, sənaye və aqroparkların açılmasını qeyd etmək olar. Ən mühüm texnopark isə Sumqayıt şəhərində yerləşir və texnoparkın tikinti-montaj və istehsalat sahələrində 4500 işçi işləyir. Lakin formalaşması prosesi qurtarandan sonra Sumqayıt Kimya Sənaye Parkı daha iri innovasiyalar infrastrukturu elementi olacaq. Bu sənaye parkına 15 rezident daxildir. Təkcə SOCAR Polymer Zavodunun tikintisinə 1 milyard manatdan çox investisiya qoyulacaq. Məhz bu innovativ tədbirlərin həyata keçirilməsinin nəticəsi odur ki, Davos Forumunun hesabladığı rəqabətqabiliyyətlilik indeksi üzrə Azərbaycan 2017-ci ildə 137 ölkə arasında 35-ci yerə yüksələ bilmişdir.

- Azərbaycanda innovasiyaların tətbiqi sahəsində hansı problemlər mövcuddur?

- Azərbaycanda innovasiyaların tətbiqi birbaşa innovasiyaların keyfiyyətindən asılıdır. Çünki istənilən sahibkar (nəzərə alaq ki, innovasiyaların istehlakçısı ilk növbədə özəl sektordu) yeni məhsulu istehsal etmək və ya texnologiyanı istifadə etmək üçün onun səmərəliliyini nəzərə alır. Təəsüf ki, neft sektorundan başqa hələ ki, milli mənşəli məhsullar “innovativ” səciyyə daşımır. Bu da onunla bağlıdır ki, bir çox hallarda inkişaf etmiş ölkələrdən idxal olunmuş texnologiyalar əsasında yerli malları “innovativ” məhsul kimi təqdim edirlər. Halbuki bu qətiyyən elə deyil. Yenilik buraxılan məhsulun dəyərində əlavə olunan dəyərin miqdarı ilə ölçülür. Əgər buraxdığın məhsulun ya xidmətin əlavə dəyəri alınan resursların və xammalın cəmi 5-10% civarında dəyişirsə hansı yeni məhsuldan danışmaq olar (təbii inhisarçı–müəssisələr istisna olmaqla, burada əlavə dəyər süni şəkildə də artırıla bilər). Ona görə milli elm və konstruktor büroların fəaliyyəti daha çox stimullaşdırılmalıdır. Milli kadrların elmi-texniki fəaliyyəti optimal təşkil olunmasa, hətta möhkəm innovasiya infrastrukturu olduğu təqdirdə, milli innovasiyaların yaradılması mümkün olmayacaqdır. Digər tərəfdən, təbii ki, yeni fikirlərin və ideyaların gerçəkləşməsi, yeni “start up”ların yaradılmasının və s. tələb olunan müvafiq maliyyələşdirilməsi olmadan, yenə də innovasiyaların yaradılması mümkün olmayacaq. Bu baxımdan Azərbaycanda “Vençur fondları haqqında” qanunun qəbul olunması heç şübhəsiz ki, innovasiyaların tətbiqinə güclü təkan verə bilər. Təəssüf ki, bu gün innovasiyaları xaricdən almaq onları yerli mühitdə istehsal etməkdən daha sərfəlidir.

- Sizcə, innovasiya tipli milli iqtisadiyyatın formalaşması üçün hansı addımlar atılmalıdır?

- Zənnimizcə, innovasiya infrastrukturu innovasiyalı inkişafın “mühərrik”idir. Yəni innovasiya infrastrukturunu səmərəli təşkil etmədən Milli İnnovasiya Sistemini (MİS) qurmaq mümükün olmayacaq. Bu baxımdan, MİS-in formalaşması üçün ilk öncə innovasiya fəaliyyəti subyektləri arasında üfüqi və şaqulu əlaqələr yaradılmalıdır. Buna görə də innovasiya və texnoloji mərkəzlərin, biznes-inkubatorların, texnoparkların, elmi parkların, texnopolislərin yaradılması və inkişaf etdirilməsini xüsusi olaraq qeyd etmək olar. Həmçinin, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, innovasiyaların inkişafına orijinal elmi-texniki ideyaları həyata keçirilən kiçik innovasiya müəssisələrinin səmərəli fəaliyyəti də təsir göstərir. Bura kiçik müəssisələrin potensialından müvəqqəti istifadə etmək üçün istehsal meydançaları, maddi-texniki baza, informasiya şəbəkələri aid edilir, həmçinin belə kiçik müəssisələr tədqiqat alət və avadanlıqları ilə təmin olunur, onlara geniş məsələlər üzrə, elmi-texniki, iqtisadi və hüquqi məsələlərlə bağlı məsləhət yardımı göstərilir. Bu tip addımları bizim hökümət strukturlarının da həyata keçirməsini tövsiyə edərdim.

- Azərbaycanda xidmət sahəsində innovativ inkişafın yaxşılaşdırılması üçün hansı tədbirlər görülməlidir?

- Xidmət sahəsinin müasir iqtisadiyyatda rolu iqtisadi inkişafın mühüm amillərindəndir. Bu baxımdan xidmət sahəsinin innovativ inkişafı öncül məsələlərdən olmalıdır. Bundan irəli gələrək bu sahədə intellektual kapitalın, informasiya texnologiyalarının, maliyyə xidmətlərinin, konsaltinq və menecment mexanizmlərinin daha geniş istifadəsi nəzərdə tutulmalıdır.

- Azərbaycanda Nəqliyyat sahəsində hansı innovativ dəyişikliklər tətbiq etmək olar?

- Konkret olaraq nəqliyyat infrastrukturunda innovasiya yönümlü dəyişikliklər kompleks səciyyə daşımalıdır. Məsələn, sərnişin daşıma nəqliyyatında bir çox təkmilləşdirilmələr aparıla bilər. Yəni, nəqliyyatda bilet satışından, sərnişinlərin turniketlərdən keçməsindən, dayanacaqlarda sərnişinlərin təmərküzləşməsinin dərəcəsini müəyyən edilməsindən, hər nəqliyyat vasitəsinin texniki vəziyyətini və nəzərdə tutulan marşrutunu əks etdirən məlumatları toplamasından, hətta nəqliyyat vahidlərinin salonunda havanın temperaturunun dərəcəsinin qeyd olunmasından başlayaraq, analitik hesabatların tərtib olunmasına qədər sərnişinlərin şəhərdaxili daşımalarını tamamilə avtomatlaşdırılmış rejimdə aparılmasını təmin edən informasiya idarəetməsi sistemləri yaradılmalıdır. Təəsüf ki, bizim sərnişin daşıma nəqliyyat vasitələrində bu hələlik hiss olunmur. Digər tərəfdən şəhərdə tıxac probleminin də aradan qaldırılması yeni yolsalma texnologiyalarının tətbiqi ilə həyata keçirilə bilər.

- Qeyd etdiyiniz həmin innovasiya infrastrukturu hansı elementlərdən ibarətdir?

- İnnovasiya infrastrukturu sistem kimi müəyyən elementlərdən ibarətdir, həmin elementlər ölkədə mövcud olan qanunvericilik bazasına əsasən istehsal-texnoloji, maliyyə-iqtisadi, hüquqi-normativ, ərazi-kadr yarımsistemlərinə bölünür. Məsələyə bir qədər ətraflı yanaşaraq aşağıdakıları xüsusi olaraq qeyd etmək olar:
- istehsal-texnoloji strukturlar (texnoparklar, innovasiya-texnoloji mərkəzlər və biznes inkubatorlar);
- informasiya sistemi obyektləri (analitik, statistika mərkəzlər, informasiya baza və şəbəkələri);
- kadrların hazırlanması, ixtisas səviyyələrinin yüksəldilməsi və yeni ixtisaslara yiyələnməsi, texnoloji menecment sahəsi üzrə kadrlar;
- maliyyə strukturları (büdcə fondları, qeyri-büdcə fondları, vençur, sığorta)
- ekspertiza sistemi (istehsalçılar, investorlar və sığorta xidmətləri və s. üçün ekspert dəyərləndirmələri apararaq müvafiq nəticələr çıxaran mərkəzlər);
- sertifikatlaşdırma, standartlaşdırma və akkreditasiya sistemi;
- satış, innovasiya məhsullarının milli və xarici bazarlarda rəğbət görməsinə yardım göstərən təşkilatlar (marketinq, reklam fəaliyyəti, intellektual mülkiyyətin qorunması (patent sistemi) və s.).

- Son illər bilik iqtisadiyyatı anlayışı çox papulyardır. Hazırda ölkəmizdə bu səhədəki vəziyyətlə bağlı nə deyə bilərsiniz?

- Azərbaycanda bilik iqtisadiyyatına keçid meyilləri var. Bilik iqtisadiyyatı – postindustrial iqtisadiyyatın yeni inkişaf mərhələsidir. Bu iqtisadiyyatda informasiya cəmiyyəti mövcuddur və məhsulların əksəriyyəti informasiya texnologiyaları əsasında yaradılır. Lakin həmin iqtisadiyyat innovasiya infrastrukturu yaradılmadan formalaşa bilməz. Azərbaycanda innovasiya infrastrukturu isə formalaşmağa hələ təzə başlayır. Bu baxımdan, AMEA yanında yaradılmış Yüksək Texnologiyalar Parkının fəaliyyətinə böyük ümidlərimiz var.

- Doktorluq dissertasiya işinizin mövzusu nədir və onun yerinə yetirilməsi vəziyyəti hansı mərhələdədir?

- Doktorluq dissertasiya işimin adı – “Azərbacanda innovasiyalı iqtisadi inkişafın infrastruktur təminatının təkmilləşdirilməsi”dir ki, onun üzərində intensiv olaraq işləyirəm. Bu il də impakt faktorlu jurnallara məqalə göndərmişəm. Dissertasiya işi yekunlaşmağa doğrudur və ümid edirəm tezliklə hazır olacaq.

- Dissertasiya işini yazarkən hansısa maraqlı situasiyalarla qarşılaşmısınızmı?

- Ən maraqlı situasiya ondan ibarət olub ki, innovasiya infrasturkturu barədə yazan MDB, həmçinin Azərbaycan müəllifləri Qərb və inkşaf etmiş ölkələrdən daha çox monoqrafiya və kitab buraxmışdır. Lakin innovasiya infrasturkturu praktiki təşkili və səmərəliliyinə görə məhz Qərb ölkələrində daha üstündür. Bu paradoks məni bir az təəcübləndirdi. Ümidvaram ki, bizim ölkəmizin də innovasiya infrastukturu barədə yazan alimlər Qərbdəki kimi hökümət və biznes tərəfindən daha fəal əməkdaşlığa cəlb olunacaqlar.

- Son illər İnstitutumuzda dissertasiya işlərinin müdafiəsində şəffaflıq artırılıb, keyfiyyətli işlər asanlıqla müzakirələrdən keçir və müdafiə olunur. Sizin bir doktorant kimi bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Mən nəinki doktorant kimi, bu İnstitutda 20 ildən çox işləmiş bir əməkdaş kimi deyə bilərəm ki, son illər tədqiqatçıların, gənc alimlərin iqtisad elminə marağı artıb, doktorantlarımızın elmi fəallığı yüksəlib. Bu isə hər şeydən əvvəl ölkəmizdə elmə, alimə verilən yüksək qiymətlə bağlıdır. Xüsusən də qeyd etmək istərdim ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Prezidenti olduğu dövrdə respublikamızda elmin inkişafına dövlət qayğısı artmış və bu sahəyə xüsusi diqqət göstərilmişdir. Hazırda da bu siyasət uğurla davam etdirilir. Bu yaxınlarda cənab Prezident İlham Əliyevin sərəncamı ilə elmi işçilərin əmək haqqları artırılmışdır. Bütün bunlar ölkəmizin alimləri tərəfindən razılıqla qarşılanır, respublikamızın sosial-iqtisadi tərəqqisinə təkan verir.
Belə müsbət amillər bizim İnstitutumuzdan da yan keçməmiş, gənc tədqiqatçıların, doktorantların elmi fəaliyyətinə öz pozitiv təsirini göstərmişdir. Əlbəttə ki, AMEA İqtisadiyyat İnstitutunda dissertasiya işlərinin müdafiələri zamanı şəffaflığın tam təmin olunması, Dissertasiya Şurasının üzvlərinin öz çıxışlarında və səsvermələrdə obyektivliyə sadiq qalmaları bunun bariz göstəricisidir. Bir sözlə, bu gün əminliklə və fəxrlə deyə bilərik ki, bizim İnstitutumuzda Azərbaycanın gələcək inkişafına öz töhfəsini vermək potensialına malik olan doktorant və dissertanların dissertasiya işləri öz layıqli qiymətini alır.

- Maraqlı müsahibə üçün təşəkkür edirik.

Müsahibəni qələmə aldı: Fatma Fərəcova