az   |   en   |    ru

Elmi Şurada doktoranturaya qəbulun nəticələri və dissertasiya mövzuları müakirə edildi

  • Oxunub 132 dəfə

 Aprelin 13-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra təşkilati və elmi məsələlər müzakirə olundu.

  İclasda 2017-2018-ci tədris ili üçün İqtisadiyyat İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturasına qəbulun nəticələri müzakirə edildi. İnstitutun “Təhsil şöbəsi”nin müdiri, i.f.d.,dos. Arzu Hüseyn bu il qəbul olan doktorantlar  barəsində məlumat verdi. Doktorantların iştirakı ilə onların hər birinin dissertasiya işinin mövzusu geniş müzakirə edilərək təsdiqləndi.

 İclasda AMEA İqtisadiyyat İnstitutunun bülletenlərinin hazırlanması və buraxılışı barədə həmin nəşrlərin elmi redaktoru və buraxılışa məsul i.f.d. Məzəddin Əyyubov məlumat verdi. Onun təklifi və Elmi Şuranın qərarı əsasında analitik bülletenlərin redaksiya heyəti (i.f.d. Məzəddin Əyyubov, i.f.d. Nəsimi Əhmədov və elmi işçi Simrah İsmayılova) formalaşdırıldı. Habelə “Azərbaycanın iqtisadi və inklüziv inkişafı – 2017” adlı yeni bülleten (müəlliflər: M.Əyyubov, S.Nəcəfli; elmi redaktoru i.e.d., prof. A.Musayev) çapa tövsiyə olundu.  

 Elmi Şuranın qərarı ilə İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinin elmi işçisi, i.f.d. Vüqar Kərimlinin “Azərbaycanda aqrar sahədə strateji menecment” adlı monoqrafiyası da (elmi redaktor: i.e.d., prof. İ.H.Alıyev; rəyçilər: i.f.d., dos. İ.Q.Soltanlı, i.f.d. Y.M.Sadıqov) çapa tövsiyə edildi

 İclasda görkəmli iqtisadçı alimlər, uzun illər İqtisadiyyat İnstitutunda direktor işləmiş akademik Əhməd Mahmudovun 95, AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərovun 90 illik yubileylərinin keçirilməsi məqsədilə i.e.d., professor Şahbaz Muradovun və i.e.d. Fuad Qənbərovun rəhbərliyi ilə ayrı-ayrı iki işçi komissiya yaradıldı.

 Elmi Şurada əmək intizamı ilə bağlı vəziyyət də müzakirə edildi. Bu barədə İnstitutun ümumi işlər üzrə direktor müavini Şakir Alıyev məlumat verdi. Əmək intizamının və şöbə müdirlərinin işçilərin davamiyyətinə nəzarətinin  gücləndirilməsi, bu sahədə İnstitutun Həmkarlar Təşkilatı ilə birlikdə müvafiq tədbirlərin görülməsi tövsiyə olundu (economics.com.az).