az   |   en   |    ru

Klasterlər və onların əsas xüsusiyyətləri...

  • Oxunub 197 dəfə

 "Kreativ iqtisadiyyat" Diskussiya Klubunda bu mövzuda müzakirələr aparıldı

  Yanvarın 12-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun 2018-ci ildə ilk toplantısı keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərli əsas müzakirə mövzusunun klasterlər, onların yaranması və  əsas xüsusiyyətləri olduğunu bildirdi, mövzuya üç müxtəlif aspekdən yanaşan məruzəçiləri təqdim etdi.  

 Öncə İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Rəvanə Davudova riyazi analizlərdə klaster anlayışı, kibernetikada klaster, onun mahiyyəti, klasterləşdirmənin məqsədi, əlamətləri və onların ölçülə bilən olması, klasterləşdirilə biləcək obyektlər və onların seçilməsi, riyazi qiymətləndirmələr, təhlillər və nəticələrin alınması məsələləri ətrafında təqdimatla çıxış etdi.

 İkinci məruzəçi, İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.e.d., professor Tərbiz Əliyev klasterlərin meydana gəlməsi, elmi ədəbiyyata bu anlayışın daxil edilməsi, klasterlərin və klasterləşdirmənin iqtisadi mahiyyəti, spesifik xüsusiyyətləri, növləri və üstünlükləri, xarici və Azərbaycan alimlərinin bu sahədəki tədqiqatları və məsələyə yanaşmaları barədə danışdı. Alimin fikrincə, klasteri yaratmaqda məqsəd klasterin iştirakçıları arasında yeni texnologiyaya asan əl çatmaq, risklərin asan bölüşdürülməsi, xarici bazara birgə çıxış, elmi biliklərdən və əsas vəsaitlərdən kollektiv istifadə etmək kimi qarşılıqlı fəaliyyəti möhkəmləndirməkdan ibarətdir. Klaster sahə (region, ərazi) iqtisadiyyatının idarə edilməsinin mütərəqqi formalarından biri olmaqla yanaşı, həm də innovasiya infrastrukurudur.

 Üçüncü məruzəçi, İqtisadiyyat İnstitutunun “Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin müdiri, i.e.d., professor Tofiq Hüseynov klasterləri iqtisadi, ticarət və texnoloji əlaqələri olan infrastrukur, iqtisadi fəaliyyət növü kimi xarakterizə etdi. Bu sahədə Rusiyanın təcrübəsindən danışdı. Alim Azərbaycanda bəzi sənaye sahələrində klasterlərin yaradılması imkanlarını qeyd etməklə yanaşı, dövlət proqramlarında klasterləşdirmənin nəzərdə tutulmasına baxmayaraq bu sahədə indiyədək normativ-hüquqi bazanın olmadığını vurğuladı.

 Sonra mövzu ətrafında maraqlı müzakirələr aparıldı, xüsusən də klasterləşdirmə modelləri, klasterlərin növləri, formaları, bu sahədəki dünya təcrübəsi geniş diskussiyalara səbəb oldu (economics.com.az).