az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərlinin bayram təbriki!

  • Oxunub 2189 dəfə

Hörmətli həmkarlar!

Ömrümüzdən daha bir il keçib tariximizə qovuşmaq üzrədir. Həmişəki kimi yenə də, qazandıqlarımız da oldu, itirdiklərimiz də...

İşimizə gəlincə, əminliklə deyə bilərəm ki, 2017-ci il, əsas etibarilə, boşa getmədi. İnstitutumuz bir neçə “ilk dəfə”lərə imza atdı. Biz ölkəmizdə ilk dəfə olaraq, Plan elmi-tədqiqat hesabatlarının müsabiqəsini keçirdik. Qalibləri təbrik etdik. Əlbəttə, nəticələrdən narazı qalanlar da yox deyil və bir tərəfdən baxanda, bu olduqca yaxşıdır. Demək ki, alimlərimiz ambisiyalarını, birinci olmaq istəklərini hələ itirməyiblər. Bu, gələcək müsabiqələrə daha sanballı, dərin, ölkəmiz üçün əhəmiyyətli əsərlərin təqdim olunacağına ümid yaradır.

İnstitutumuz ölkəmizdə ilk dəfə olaraq Dövlət Proqramının hazırlanmasında ödənişli əsasda iştirak etdi. Proqramın hazırlanmasına əmək sərf edən həmkarlarımız bilik və bacarıq sahibi olduqlarını nümayiş etdirdilər. Düzdür, bu dəfə birbaşa sifarişçimiz “MasterCard Advisers” şirkəti idi, amma ümidvaram ki, gələcəkdə Hökumətimizdən də sifarişlər alıb yüksək səviyyədə icra edəcəyik.

“Yol Xəritələrinin” ərsəyə gəlməsinə verdiyimiz töhfəni hamı, ilk növbədə dövlət adamları yüksək dəyərləndirdilər. Başqa proqram və sənədlərin də ekspertizasında, hazırlanmasında və icrasında iştirak etdik. Bir sıra əməkdaşlarımız müxtəlif dövlət qurumlarında yaradılmış İşçi qrupların fəaliyyətində məsuliyyətlə çalışdılar. Yaxşı soraqları gəldi.

İqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsinin qiymətləndirilməsi üzrə növbəti tədqiqatı başa çatdırıb, nəticələrini Azərbaycan, ingilis və rus dillərində nəşr etdik. Builki tədqiqat daha praktik yönlü oldu. Bu araşdırmalara olan yerli və xüsusilə beynəlxalq maraq düz yolla, iqtisad elmi üçün yeni sayıla biləcək “cığırla” getdiyimizə inamımızı daha da gücləndirdi.

İlk dəfə olaraq, iqtisadiyyatın müxtəlif sahə və problemlərinə dair İllik Bülletenlər nəşr etdik və həm dövlət qurumlarına, həm də elmi ictimaiyyətə təqdim etdik. Böyük maraqla qarşılandı. Növbəti illərdə daha çox sayda və daha zəngin məlumatları əks etdirən Bülletenlər çap edəcəyimizi söyləməyə tam əsasımız var.

İl ərzində nəşr etdirdiyimiz elmi əsərlərin, o cümlədən xaricdə nəşr etdirdiyimiz əsərlərin və o cümlədən İmpakt faktorlu jurnallarda çap etdirdiyimiz əsərlərin sayı rekord göstəricilərlə ifadə olundu.

İnstitutumuzun yeni Nizamnaməsi dövlət qeydiyyatına alındı. AMEA tarixində ilk dəfə olaraq, “Vakant elmi vəzifələrin tutulması üzrə Müsabiqə Qaydaları” hazırladıq və Elmi Şurada qəbul etdik. Üzümüzə gələn il bu sənəd əsasında, nəhayət ki, müsabiqə keçirəcəyik. Bilirəm ki, bundan narahat olanlar da yox deyil, amma mütəmadi surətdə təmizlənib yenilənmədən irəli getmək mümkündürmü?!

İlk dəfə olaraq iki ölkənin – Azərbaycanın və Çinin – Akademiyalarının prezidentlərinin də iştirak etdiyi iqtisadi mövzulu beynəlxalq konfrans keçirdik. Akademiyanın il ərzində təşkil etdiyi ən əhəmiyyətli elmi tədbirlərin siyahısına düşdü. “Qabaqlayıcı vergi siyasəti”nə həsr olunmuş beynəlxalq elmi konfransımıza bir neçə ölkədən sanballı alimlər qatıldı və qarşımızda yeni əməkdaşlıq imkanları açıldı.

“Kreativ iqtisadiyyat” klubumuz – bu tipli ilk elmi mükalimə meydançası – fəaliyyətini, istədiyimiz intensivliklə olmasa da, davam etdirdi. Ümidvaram ki, gələn il elmi müzakirələrin “sıxlığını” və konstruktivliyini daha da artıracağıq.

Tariximizdə ilk dəfə olaraq, “AMEA İqtisadiyyat İnstitutunun Fəxri Doktoru” titulunu təsis etdik və ilk xarici Fəxri Doktorumuzu seçdik. Gələn il təqdimat mərasimini də keçirəcəyik.

İnstitutumuzun strukturunda bir qisim dəyişikliklər apardıq. Akademiyanın tarixində ilk dəfə olaraq, bir institutun bütöv bir şöbəsi başqa instituta keçirildi. Dəyərli əməkdaşlara malik yeni bir şöbə – “İqtisadi tədqiqatların riyazi təminatı” şöbəsini qazandıq. Əminəm ki, İnstitutumuzda aparılan həm kollektiv, həm də fərdi araşdırmalar üçün çox faydalı olacaq.

Rəsmi İnternet saytımız Akademiyanın ictimai və humanitar elmlər bölmələrindəki liderliyi­ni qoruyub saxladı. İnstitutun fəaliyyətində açıqlığı, şəffaflığı təmin etmək baxımından əvəzsiz bir elektron resursa çevrildi.

Əməkdaşlarımız dil biliklərini daha da artırdılar. Bir neçə ildir ki fəaliyyətdə olan İngilis dili kurslarımızın nəticələri artıq görünməkdədir. İndi bizim bir sıra əməkdaşlarımız var ki, xarici ölkələrdə keçirilən ingilisdilli elmi forumlarda İnstitutumuzu və ölkəmizi təmsil edə bilirlər.

İlk dəfə olaraq, İnstitutumuzda çalışan gənc, yaşı 35-dən aşağı olan elmi işçilərin xüsusi çəkisi 20%-i haqladı. Gənclərimiz sürətlə inkişaf edirlər. Ağıllı və mərifətlidirlər. Sağlam ambisiyaları var. Yüksək nəticələrə hədəfləniblər. Bəzilərimiz onlara “uşaq” kimi baxsaq da, əslində daha uşaq deyillər. Amma hələ alimə çevrilmək yolunda yeni-yeni irəliləyirlər. Onların qayğısına qalan hər kəs hörmətə layiqdir, çünki təkcə İnstitutumuzun yox, həm də Elmimizin gələcəyinə zəhmət çəkir.

İnzibati şöbələrimizin əməkdaşları öz vəzifələrinin öhdəsindən, əsas etibarilə, bacarıqla gəldilər. Maddi bazamız, iş şəraitimiz arzu olunana hələ çatmasa da, xeyli yaxşılaşdı.

Əlbəttə, indiyədək gördüyümüz işlər indən belə görməli olduqlarımız və görəcəklərimizlə müqayisədə çox kiçikdir. İstərdim ki, sizin hamınızın İnstitutumuzun gələcəyi ilə bağlı istəkləri ən azı mənimki qədər böyük olsun. Çünki yalnız böyük hədəflərə “köklənənlər” nəyəsə nail ola bilirlər.

Hörmətli həmkarlar,

hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edirəm! Özünüzə, ailələrinizə, yaxınlarınıza sağlamlıq və səadət arzulayıram! 2018-ci ildə evlərinizdə sevincdolu günlər yaşansın! Övladlarından və şagirdlərindən yarıyanlardan olasınız!

Arzu edirəm ki, boş dedi-qodular, şər və böhtan həyatınızı zəhərləməsin! Heç vaxt unutmayasınız ki, ucaltmaq ucaldanı alçaltmaz, əksinə, ucaldar; alçaltmaqsa alçandanı ucaltmaz, əksinə, alçaldar!

Arzu edirəm ki, ölkəmiz əmin-amanlıq içində inkişafını davam etdirsin və bundan bütün Azərbaycanlılara olduğu kimi, bizim əməkdaşlara da pay düşsün!

Allah bütün yaxşı işlərdə yardımçımız olsun!

 

Nazim Müzəffərli

29 dekabr 2017-ci il