az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda görkəmli alim Aqil Əliyevin 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

  • Oxunub 149 dəfə

 Dekabrın 22-də AMEA İqtisadiyyat İnstitutunda görkəmli iqtisadçı alim, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri dokroru, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

  Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli professor Aqil Əliyevi böyük iqtisadçı alim, mahir pedaqoq, yaxşı təşkilatçı olmaqla yanaşı, həm də gözəl və qayğıkeş insan kimi xarakterizə etdi. Onun iqtisadi inkişafın içtimai rifahın yüksəlməsinə xidmət etməli olması barədə fikirlərinin bu gün də aktual olduğunu, əhalinin rifahının yüksəldilməsi sahəsində apardığı dərin elmi tədqiqatların, yazdığı qiymətli əsərlərin əhəmiyyətini qeyd etdi.

 Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Aqil Əliyevin yetirməsi Natiq Qasımov alimin həyatı və elmi-pedaqoji fəaliyyəti ilə bağlı məruzə ilə çıxış etdi. Onun şərəfli ömür yolundan, elm sahəsindəki yüksəlişindən, yüksək ixtisaslı kadrların yetişdirilməsindəki xidmətlərindən, Azərbaycan Dövlət Tibb Universitetindəki fəaliyyətindən, qələmə aldığı əsərlərindən danışdı. Alimin tədqiqat əsərlərinin Azərbaycan iqtisad elminin inkişafına verdiyi töhfələri, elmi tədqiqatlarının orijinallığını, səhiyyənin iqtisadiyyatının inkişafındakı rolunu xüsusilə qeyd etdi. Bildirdi ki, professor Aqil Əliyevin yetişdirdiyi alimlər bu gün də ölkə iqtisadiyyatının müxtəlif sahələrində, ali məktəblərdə, tədqiqat institutlarında uğurla fəaliyyət göstərirlər. Görkəmli alimin elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, 1982-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb, "Şöhrət" ordeni, "Səhiyyə əlaçısı" döş nişanı və bir sıra digər dövlət mükafatları ilə təltif olunub.  

 Konfransda məruzə ilə çıxış edən AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., professor Rəna Sultanova da alimin həyat  yolundan, zəngin elmi-pedaqoji fəaliyyətindən danışdı. Aqil Əliyevi istedadlı, zəkalı insan, qayğıkeş alim, Azərbaycan iqtisad elminin inkişafında dərin iz qoymuş görkəmli alim kimi xarakterizə etdi. Sosial sferanın inkişafı, səhiyyənin iqtisadiyyatı sahəsində samballı tədqiqatlar apardığını, bu gün üçün də aktual olan mövzularda çox qiymətli əsərlər, kitablar, monoqrafiyalar yazdığını vurğuladı. Alimin yüksək insani kefiyyətləri barədə danışan prof. R.Sultanova onun gənc tədqiqatçılara yaxından kömək etdiyini, onların elmi-tədqiqat işlərinə rahbərlik etdiyini və iqtisadçı alimlər yetişdirdiyini, yetirmələrinin onun yaratdığı məktəbi, elmi irsi bu gün də uğurla inkişaf etdirdiklərini bildirdi.  

 Tədbirdə İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., professor İsa Alıyev professor Aqil Əliyevlə bağlı xatirələrini danışdı. Onun insani kefiyyətlərini, səmimiliyini, qayğıkeşliyini xüsusilə qeyd etdi, görkəmli iqtisadçı alim kimi gələcək nəsillərə samballı irs qoyub getdiyini vurğuladı.

 Sonda Aqil Əliyevin ailə üzvləri adından çıxış edən Etibar Qasımov alimin 90 illiyinə həsr olunmuş elmi-praktik konfransın keçirilməsinə görə AMEA rəhbərliyinə və İqtisadiyyat İnstitutunun kollektivinə dərin təşəkkürünü bildirdi (economics.com.az).