az   |   en   |    ru

Elmi Şurada akademik Vladimir Papavaya İqtisadiyyat İnstitutunun “Fəxri doktoru” adı verilməsi haqqında qərar qəbul edildi

  • Oxunub 126 dəfə

 Dekabrın 19-da  AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasında iqtisad elmləri doktoru, professor Vladimir Papavaya İqtisadiyyat İnstitutunun “Fəxri doktoru” adı verilməsi haqqında qərar qəbul olundu.

 İclasda prof. N.Müzəffərli onun haqqında məlumat verərək bidirdi ki, tanınmış iqtisadçı alim, akademik V.Papava 30 monoqrafiyanın, 300-dən artıq elmi əsərin, xarici universitetlərdə tədris olunan dərs vəsaitinin müəllifidir. O, Tiflis Dövlət Universitetinin rektoru olub, Gürcüstanın iqtisadiyyat naziri işləyib, akademik institutlara rəhbərlik edib. Bunlarla yanaşı, Vladimir Papava Azərbaycanın dostudur, Gürcüstanda ölkəmizlə bağlı hər hansı bir məsələ olanda açıq mövqe ortaya qoymaqla bizi müdafiə edir.  Elmi Şurada digər çıxış edən alimlər də direktorun bu təşəbbüsünü dəstəklədilər, akademik V.Papavanı  İnstitutun “Fəxri doktoru” adına layiq alim kimi xarakterizə etdilər.

 Qaydalara əsasən, «AMEA İqtisadiyyat İnstitutunun fəxri doktoru» adı ölkə daxilində və xaricdə iqtisadiyyat sahəsində fundamental və tətbiqi elmi tədqiqatlar aparan, iqtisad elminin beynəlxalq aləmdə nüfuzunun artırılmasında və dünya elminə inteqrasiyasında, habelə beynəlxalq elmi əlaqələrin genişləndirilməsində xüsusi xidmətləri olan, yüksək elmi nailiyyətlər əldə etmiş, elmi ictimaiyyət tərəfindən qəbul olunan şəxslər layiq görülür. “Fəxri doktor” adı AMEA İqtisadiyyat İnstitutunun direktorunun təşəbbüsü ilə İnstitutun Elmi Şurasının qərarı əsasında verilir. Bu ada layiq görülmüş şəxslərə, o cümlədən də akademik V.Papavaya diplom təqdim olunacaq (economics.com.az).