az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda elmi şöbələrin illik hesabatları dinlənildi

  • Oxunub 615 dəfə

 Şöbələrin yerinə yetirdikləri elmi tədqiqat mövzuları geniş müzakirə olundu

  Noyabrın 14-dən AMEA İqtisadiyyat İnstitutunda şöbələrin yerinə yetirdikləri elmi tədqiq işləri üzrə illik hesabatları ilə bağlı iclasların keçirilməsinə başlanılıb. İnstitutun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantılarda elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov və elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva da iştirak edirlər. Qeyd edək ki, hazırda AMEA İqtisadiyyat İnstitutunda iki illik dövrü - 2017-2018-ci illəri əhatə edən “Azərbaycan Respublikasında postneft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri” mövzusunda tədqiqatlar aparılır.

 İlk iclasda “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsinin əməkdaşlarının 2017-ci ildə “Azərbaycanda iqtisadi fikir və iqtisadi tarixin tədqiqi” mövzusunda yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatı dinlənildi. Şöbə müdiri, professor Gülşən Yüzbaşıyeva əsas məruzə ilə çıxış etdikdən sonra əməkdaşlar da tədqiqatları barədə danışdılar. Müzakirələrdən sonra şöbənin tədqiqatlarının təkmillləşdirilməsi üzrə tövsiyyələr verildi.

 Günün ikinci yarısında «Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri» şöbəsinin əməkdaşları şöbə müdiri, professor İsa Alıyevin rəhbərliyi ilə “Aqrar sektorun dövlət tənzimlənməsi istiqamətləri” və “Ərzaq təhlüksizliyinin təmin edilməsi istiqamətləri” mövzularında yerinə yetirdikləri tədqiqatlar üzrə hesabat verdilər. Mövzular üzrə geniş müzakirələr aparıldı və fərdi hesabatların bir qədər də konkretləşdirilməklə təkmilləşdirilərək İnstitutun rəhbərliyinə təqdim olunması qərara alındı.

  Noyabrın 15-də “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri, i.f.d. Aqil Əsədov şöbədə bu il ərzində “Nəqliyyat, rabitə və turizm sahələrinin inkişafı istiqamətləri” və “Mənzil kommunal xidmətlərin dövlət tənzimlənməsi istiqamətləri” mövzularında aparılmış tədqiqatlar, şöbə əməkdaşlarının müxtəlif elmi tədbirlərdə, müzakirələrdə iştirakı barəsində məruzə etdi. Şöbənin əməkdaşları öz elmi tədqiqat mövzuları və tədqiqatlarının nəticələri barədə danışdılar. Xüsusən də turizm, nəqliyyat və kommunal xidmətlərin müasir vəziyyəti və onların kefiyyətinin yüksəldilməsi məsələləri ətrafında müzakirələr aparıldı, ümumi illik hesabatların tezliklə yekunlaşdırılması tövsiyə edildi.

  Noyabrın 16-da “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin “Əhalinin həyat səviyyəsinin və yaşayış keyfiyyətinin yaxşılaşdırılmasının əsas istiqamətləri” mövzusunda apardığı tədqiqatlar üzrə hesabat dinlənildi. Şöbə müdiri, i.f.d. Cəlil Quliyevin əsas məruzəsindən sonra digər əməkdaşlar da tədqiqatları barədə məlumat verdilər. Həyat səviyyəsinin müasir vəziyyəti, əhalinin real gəlirləri, həyat keyfiyyətinin yüksəldilməsi, insan inkişafı indeksi, təhsil və səhiyyənin inkişafının həyat səviyyəsinə təsiri və s. məsələlər ətrafında müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi. 

  Günün ikinci yarısında “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin əməkdaşlarının “Dövlət tənzimlənməsinin iqtisadi səmərəliliyinin ölçülməsinin metodoji əsasları” mövzusunda yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatı dinlənildi. Şöbə müdiri, f.f.d., dosent Mayis Gülalıyev əsas məruzə ilə çıxış etdi, aparılan tədqiqatların əsas istiqamətləri və əldə olunan nəticələr, şöbənin il ərzindəki başlıca nailiyətləri barədə məlumat verdi. Əməkdaşlar da öz tədqiqatları, apardıqları təhlil və qiymətləndirmələr barədə danışdılar. Rəhbərlik tərəfindən xüsusən də gənc tədqiqatçılara elmi araşdırmalarının təkmilləşdirilməsi üzrə konkret tövsiyələr verildi.

 Noyabrın 17-də “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin əməkdaşları “Xarici iqtisadi əlaqələrin tənzimlənməsinin sosial-iqtisadi problemləri” mövzusunda yerinə yetirdikləri elmi-tədqiqat işləri ilə bağlı hesabat verdilər. Şöbə müdiri, i.e.d. Fuad Qənbərov il ərzində aparılmış tədqiqatlar, şöbə əməkdaşlarının ölkədə və xaricdə müxtəlif elmi tədbirlərdə, müzakirələrdə iştirakı barəsində məruzə etdi. Şöbənin əməkdaşları öz elmi tədqiqat mövzuları və tədqiqatlarının nəticələri barədə danışdılar. Sonra şöbənin əsas tədqiqat istiqamətləri və onların təkmilləşdirilməsi məsələləri ətrafında geniş müzakirələr aparıldı.

 Noyabrın 20-də “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsi “Regionl iqtisadiyyatın dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri” və “Təbii sərvətlərdən  istifadənin iqtisadi-ekoloji problemlərinin tədqiqi” mövzularında apardığı tədqiqatlar üzrə hesabat verdi. Şöbə müdiri, i.e.d., professor Rəna Sultanova şöbənin əməkdaşları tərəfindən aparılmış tədqiqatlar, əməkdaşların ölkədə və xaricdə keçirilən elmi konfranslarda iştirakı, monoqrafiyaların, elmi məqalələrin nəşri barəsində geniş məlumat verdi. Regionların sosial-iqtisadi inkişafı problemləri və bu sahədə tədqiqatların əsas istiqamətləri ətrafında müzakirələr aparıldı.

  Günün ikinci yarısında “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinin əməkdaşlarının şöbə müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Şahbaz Muradovun rəhbərliyi ilə “Demoqrafik proseslərin tənzimlənməsinin sosial-iqtisadi problemləri” və “İnsan potensialından istifadənin sosial-iqtisadi problemləri” mövzularında apardıqları tədqiqatlar üzrə hesabat dinlənildi. Tədqiqat mövzuları ətrafında müzakirələr aparıldı, tədqiqatların dərinləşdirilməsi və təkmilləşdirilməsi, növbəti ildə konkret təkliflərin hazırlanması üzrə şöbə əməkdaşlarına tövsiyələr verildi.

 Noyabrın 21-də “Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin “Emal sənayesinin inkişafının sosial-iqtisadi problemləri” mövzusunda hesabatı dinlənildi. Şöbə müdiri, i.e.d., professor Tofiq Hüseynov il ərzində şöbədə hər bir əməkdaşın yerinə yetirdiyi tədqiqatlar, təhlil və qiymətləndirmələr, əldə olunmuş nəticələr, çap olunmuş elmi məqalələr, mətbuatda dərc edilmiş yazılar, növbəti il üçün nəzərdə tutulan tədqiqat mövzuları barəsində məruzə etdi. Sonra Azərbaycanda emal sənayesinin inkişafının müasir sosial-iqtisadi problemləri və bu sahədə tədqiqatların əsas istiqamətləri ətrafında müzakirələr aparıldı.

  Günün ikinci yarısında “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin “Biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişaf  istiqamətləri” mövzusunda apardığı tədqiqatlar üzrə hesabatı dinlənildi. Şöbə müdiri, i.f.d., dos. Əbdül-Səməd Həsənov il ərzində şöbənin əməkdaşları tərəfindən aparlmış tədqiqatlar, elmi işçilərin ölkədə və xaricdə keçirilən elmi konfranslarda iştirakı, monoqrafiyaların, elmi məqalələrin nəşri barəsində məlumat verdi. Azərbaycanda biznes mühiti, bu sahədə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyi, sahibkarlığın inkişafı istiqamətləri ətrafında müzakirələr aparıldı, tədqiqatların dərinləşdirilməsi üzrə tövsiyələr verildi.  

 Noyabrın 22-də “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin müdiri Tanrıverdi Paşa   şöbədə bu il ərzində “Maliyyə bazarlarının inkişaf istiqamətləri” və “Vergi sisteminin təkmilləşdirilməsi istiqamətləri” mövzularında aparılmış tədqiqatlar, məqalələrin çapı və onlara istinadlar, şöbə əməkdaşlarının müxtəlif elmi tədbirlərdə, konfranslarda, müzakirələrdə iştirakı barəsində məruzə etdi. Şöbənin əməkdaşları da öz elmi tədqiqat mövzuları və onların əsas nəticələri barədə danışdılar. Xüsusən də ölkəmizdə maliyyə bazarlarının inkişafı, vergi siyasəti, bu sahədə aparılan elmi tədqiqatların əsas istiqamətləri ilə bağlı müzakirələr aparıldı.

  Günün ikinci yarısında “İnnovasiya menecmenti və elmin inkişafı problemləri” şöbəsinin əməkdaşları şöbə müdiri, i.f.d, dos. Allahyar Muradovun rəhbərliyi ilə “İnnovasiyalı iqtisadi inkişafın dövlət tənzimlənməsi istiqamətləri” mövzusunda yerinə yetirdikləri tədqiqatlar üzrə hesabat verdilər. Mövzular üzrə geniş müzakirələr aparıldı və fərdi hesabatların bir qədər də təkmilləşdirilərək İnstitutun rəhbərliyinə təqdim olunması qərara alındı.

  Sonra “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin əməkdaşlarının hesabatı dinlənildi. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev yeni yaradılmış şöbədə aparılan əsas tədqiqat mövzuları, elmi konfranslarda iştirak, çap olunmuş məqalələr, kitablar, onlara istinadlar barəsində ətraflı məlumat verdi. İqtisadiyyatda riyazi metodların, modellərin tədbiqi, iqtisadi tədqiqatların riyazi təminatı və onların təkmilləşdirilməsi məsələləri ətrafında müzakirələr aparıldı (economics.com.az).