az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda müvəqqəti yaradıcı qruplar formalaşdırılacaq

  • Oxunub 192 dəfə

 İnstitutun aparıcı alimləri doktorantlar qarşısında elmi mövzularda məruzə ilə çıxış edəcəklər

  Martın 16-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.

 İclasda AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə yeni çap olunan bülletenlər və nəşri nəzərdə tutulan bülletenlər barəsində həmin nəşrlərin elmi redaktoru və buraxılışa məsul i.f.d. Məzəddin Əyyubov məlumat verdi.

 Elmi Şurada bu il AMEA İqtisadiyyat İnstitutunun fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturasına qəbulun nəticələrinin müzakirəsi davam etdirildi. İnstitutun “Təhsil şöbəsi”nin müdiri, i.f.d. Arzu Hüseyn bu il qəbul olan dissertantlar barəsində məlumat verdi. Dissertantların iştirakı ilə onların dissertasiya işlərinin mövzuları müzakirə edilərək təsdiqləndi.

 İclasda İnstitutda konkret elmi mövzuların, problemlərin müəyyən vaxt ərzində araşdırılması, tədqiqatların aparılması, əsərlərin yazılması məqsədilə müvəqqəti yaradıcı qrupların yaradılması məsələsi müzakirə olundu. Elmi Şuranın üzvləri İnstitutun rəhbərliyinin bu təşəbbüsünü bəyəndilər və müvəqqəti yaradıcı qrupların formalaşdırlması qərara alındı.

 Elmi Şurada “Təhsil şöbəsi”nin müdiri, i.f.d. Arzu Hüseyn “Doktorantlar klubu”nun fəaliyyətinin təkmilləşdirilməsini, İnstitutun aparıcı alimlərinin, şöbə müdirlərinin, professorların doktorantlar qarşısında elmi mövzularda məruzə ilə çıxış etmələrini, doktorantlarla təcrübəli alimlərin birgə elmi müzakirələrinin keçirilməsini təklif etdi. Bu təşəbbüs də bəyənildi və aprel ayından başlayaraq belə tədbirlərin təşkili tövsiyə olundu (economics.com.az).