az   |   en   |    ru

“Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlim keçirilib

  • Oxunub 151 dəfə

economics.com.az saytının baş redaktoru Mahir Zeynalova BMT-nin Azərbaycan nümayəndəliyinin adından sertifikat təqdim olunub

 Qulam İshaqzai: “Dayanıqlı İnkişaf Məqsədləri özündə 17 istiqamət üzrə 169 hədəfi birləşdirib"

 Fevralın 6-da “Hilton” oteldə BMT-nin İnkişaf Proqramı tərəfindən Azərbaycan Mətbuat Şurası ilə birgə “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri (DİM)” mövzusunda seminar keçirilib. Jurnalistlər üçün nəzərdə tutulan tədbirdə BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzai, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Mələk Çakmak, BMTİP-in İstanbul Regional Mərkəzinin Kommunikasiya və KİV-lə əlaqələr üzrə mütəxəssisi Nikolas Douiller, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov iştirak ediblər.

Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri hökumət və insanlar üçün çağırışdır. İshaqzai BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə bir sıra ölkələrin, həmçinin Azərbaycanın qoşulduğunu vurğulayıb: "Əsas məqsəd dünyada yoxsulluğun azaldılması, təhsili dəstəkləmək, ana və uşaq ölümlərinin qarşısını almaqdır. Bura qoşulan ölkələr bu kimi problemlərlə mübarizə istiqamətində öhdəlik götürüblər. Bizim qarşımızda böyük gündəlik dayanır. Belə ki, 17 məqsədi həyata keçirmək üçün 13 il vaxt müəyyənləşdirilib. Dayanıqlı İnkişaf Məqsədləri özündə 169 hədəfi birləşdirib". Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat Azərbaycanda dayanıqlı inkişaf üçün hökumətə dəstək verir. Bu sahədə qısa bir zamanda milli hesabat hazırlanıb və əlaqələndirmə şurası yaradılıb: “Bununla bağlı hazırlanan hesabat ötən ilin iyun ayında baş nazirin müavini Əli Əhmədov tərəfindən Nyu-Yorkda BMT-yə təqdim edilib. O zamandan Azərbaycan Dayanıqlı İnkişaf Məqsədinin Yol Xəritəsi üçün BMT-yə müraciət edib. İki il öncə isə Dayanıqlı İnkişafa dair sənəd qəbul olunub. Buna əsasən 193 ölkə yoxsulluğun azaldılması, ekoloji problemlərin aradan qaldırılması, ana və uşaq ölümlərinin azaldılmasına dair öhdəliklər götürüb”.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycan əvvəllər də BMT proqramlarında iştirak edib: “Azərbaycan Minilliyin İnkişaf Əsasnaməsi çərçivəsində çox ciddi uğurlar əldə edib. Son 10 ildə ölkəmizdə ÜDM-in səviyyəsi bir neçə dəfə, büdcə gəlirləri 2 dəfə artıb. Azərbaycanda əsas məqsəd yoxsulluğun həcminin azaldılmasıdır. 2000-ci illərin əvvəllərində Minilliyin İnkişaf Proqramına qoşulanda Azərbaycan əhalisinin 50 faizi yoxsul olduğu halda bu gün həmin rəqəm 5 faizə enib”.

BMT-nin Ərzaq və Kəınd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Mələk Çakmak bildirib ki, FAO əsasən 5 məqsədə çatmaq üçün çalışır. Bunlar aclıqla mübarizə, qida çatışmazlığını aradan qaldırmaq, kənd təsərrüfatının, meşəçilik, balıqçılığın inkişafı, iqtisadi imkanlara yol açan yaşayış vasitələrinin təhdid və böhranlara qarşı dayanıqlılığını təmin etməkdir. Dünyada ac insanların sayı 2050-ci ildə daha da artacaq. Ona görə də ərzaq istehsalını 50 faiz artırmaq məqsədəuyğundur. Hazırda istehsal olunan ərzaq məhsullarının 30 faizi israf olunur ki, bunun da qarşısını almaq lazımdır. Tədbirdə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov bildirib ki, Azərbaycan Minilliyin İnkişaf Konsepsiyasına 2015-ci ildə qoşulub və çox fəallıq göstərir.

Sonra Nikolas Douiller jurnalistlər üçün “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlim kiçib. Təlimdə uğurla iştirak edən jurnalistlərə, o cümlədən economics.com.az saytının baş redaktoru Mahir Zeynalova BMT-nin Azərbaycan nümayəndəliyinin adından sertifikat (certificate of completion) təqdim olunub (economics.com.az).