az   |   en   |    ru

AMEA İctimai Elmlər Bölməsində İqtisadiyyat İnstitutunun hesabatı dinlənilib

  • Oxunub 257 dəfə

İnstitutun direktoru, prof. Nazim Müzəffərli hesabat məruzəsi ilə çıxış edib

 Dekabrın 28-də AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) ümumi iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək 2018-ci ildə AXC-nin yaradılmasının 100 illik yubileyinin, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün qeyd olunacağını bildirib. Bununla bağlı tapşırıq və tövsiyələrini verib.

 Sonra bölmənin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, cari ildə İEB-də 9 elmi istiqamətdə 32 problem üzrə 113 mövzu, 305 iş üzərində elmi tədqiqat işləri aparılıb. O, bölmə institutları tərəfindən 1772 əsərin nəşr edildiyini, bunlardan 159-nun kitab, 1269-nun məqalə, 344-nün isə tezis olduğunu söyləyib. N.Axundova 12 kitab, 334 məqalə və 58 tezisin xaricdə çap olunduğunu diqqətə çatdırıb. Bölmə üzrə 39 məqalənin impakt faktorlu jurnallarda dərc edildiyini deyən alim cari ildə İEB alimlərinin əsərlərinə 1300 istinadın olduğunu vurğulayıb. Bölmə tərəfindən 16 beynəlxalq və 18 respublika konfransının keçirildiyini bildirib.

 AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim Müzəffərli rəhbərlik etdiyi İnstitutun 2017-ci ildəki elmi-təşkilati fəaliyyətinə dair geniş hesabat məruzəsi ilə çıxış edib. Direktor il ərzində Azərbaycan Prezidentinin fərman və sərəncamlarının icrası, elmi-tədqiqat planlarının yerinə yetirilməsi vəziyyəti, təsərrüfat müqavilələrinə əsasən görülmüş işlər və qrantlar, elmi-tədqiqat proqramlarının icra vəziyyəti, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər, beynəlxalq əlaqələr, elektron elmin vəziyyəti (saytın fəaliyyəti), nəşriyyat fəaliyyəti, elmi kadrların hazırlanması, İnstitutun kadr potensialı, maddi-texniki təchizat və sosial fəaliyyət, Həmkarlar Təşkilatının fəaliyyəti, təltiflər və mükafatlar, əməkdaşların stimullaşdırılması məqsədilə keçirilmiş elmi tədqiqat plan işləri üzrə müsabiqənin nəticələri barədə məlumat verib.

 Prof. Nazim Müzəffərli bildirib ki, İnstitutda “Azərbaycan Respublikasında postneft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri” (2017-2018-ci illər) mövzusunda tədqiqatlar aparılır. Tədqiqatlar əsasında artıq müəyyən ilkin nəticələr əldə olunub və onlar daha geniş şəkildə hesabatda öz əksini tapıb. O, “Milli İqtisadiyyat və İqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dovlət Proqramı”nın və digər sərəncamların icrası istiqamətində tədbirlərin davam etdirildiyini deyib. Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb. Hesabatla daha yaxından aşağıdakı faylı yükləməklə tanış ola bilərsiniz (economics.com.az).