az   |   en   |    ru

İctimai Elmlər Bölməsinin büro iclasında İqtisadiyyat İnstitutunun 60 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul olunub

  • Oxunub 255 dəfə

 Dekabrın 14-də AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin büro iclasında AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul olunub. 2018-ci ildə AMEA İqtisadiyyat İnstitutunun yaradılmasının 60-cı ildönümüdür və bununla əlaqədar olaraq gələn il bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

  Bu məqsədlə İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) rəhbərliyi ilə Təşkilat Komitəsi də yaradılıb. İnstitutunun Elmi Şurasının oktyabrın 6-da keçirilən iclasında Təşkilat Komitəsinin sədr müavini (Allahyar Muradov) və üzvləri  (Akif Musayev, Tofiq Hüseynov, İsa Alıyev, Şakir Alıyev, Rəsmiyyə Abdullayeva, Yulduz Əliyeva, Rüfət Efendiyev, Tanrıverdi Paşa və Mahir Zeynalov) seçilib. Təşkilat Komitəsi yubileylə bağlı Tədbirlər Planı hazırlayıb.

 Azərbaycan Milli Elmlər Akademiyası sistemində özünəməxsus yer tutan və ölkəmizdə iqtisad elminin inkişafına böyük töhvələr vermiş İqtisadiyyat İnstitutu çox şərəfli bir tarixi inkişaf yolu keçib. İqtisadiyyat İnstitutu 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılıb. İnstitutda aparılan elmi-tədqiqat işləri bütünlüklə götürüldükdə keçmiş İttifaq və respublikanın hökümət və dövlət orqanları tərəfindən müəyyən edilmiş həmim dövrlərin mühüm iqtisadi problemlərinin və dövlət tapşırıqlarının yerinə yetirilməsinə yönəldilib. Müstəqillik illərində AMEA İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və samballı elmi-tədqiqat işləri yerinə yetirib, peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərib. İnstitut tarixi missiyasını bu gün də uğurla icra etməkdədir  (economics.com.az).