az   |   en   |    ru

i.f.d. Mahir Zeynalov: "Elmin populyarlaşdırılmasında saytların mühüm rolu var"

  • Oxunub 250 dəfə

  AMEA-da elmi jurnalistikanın inkişafı məsələləri müzakirə olundu

  Noyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi tərəfindən təşkil olunan tədbirdə məqsəd elmi jurnalistikanın inkişafı, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsi, elmi-populyar üslubda məqalələrin hazırlanması, elmin KİV-də təbliği sahəsində mövcud problemləri, onların həlli yollarını müzakirə etmək idi.

 Tədbirdə çıxış edən İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev ötən il AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyanın hər bir institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının elmi jurnalistikanın inkişafı istiqamətində atılmış mühüm addımlardan olduğunu bildirib. İdarə rəisi elmi müəssisə və təşkilatları digər kütləvi informasiya vasitələri ilə də daha sıx əlaqələrin qurulması və Azərbaycan elminin yüksək səviyyədə təbliği üçün bütün qüvvələrini səfərbər etməyə çağırıb.

 İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəis müavini Ülviyyə Rzayeva elmin, əldə olunan nailiyyətlərin təbliğində vacib şərtlərdən olan məqalələrin elmi-populyar üslubda hazırlanması sahəsindəki mövcud problemlərdən söz açıb. O, elmi-populyar üslubda hazırlanan bütün materialların vahid informasiya resursunda toplanmasının məqsədəuyğunluğunu qeyd edərək onlayn Elmi Jurnalistlər Klubunun - www.ejk.az adlı veb-saytının yaradılması təklifi ilə çıxış edib. AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Səbuhi Qəhrəmanov respublikamızda elmi-populyar ədəbiyyatın inkişaf etdirilməsi və təbliği sahəsində mövcud problemlərə toxunub. Elmi-populyar kitab və jurnalların nəşrinin vacibliyini qeyd edib.

 Müşavirədə AMEA İqtisadiyyat İnstitutunun “İctimaiyyətlə əlaqələr şöbəsi”nin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalov çıxış edərək görülən işlər haqqında məlumat verib, AMEA institutlarının fəaliyyətinin KİV-lərdə işıqlandırılması, elmin populyarlaşdırılması və jurnalistlərin bu sahəyə marağının artırılması üçün müsabiqələrin keçrilməsi ilə bağlı təkliflərini səsləndirib.

 Tədbirdə mövzu üzrə geniş fikir mübadiləsi və müzakirələr aparılıb (economics.com.az).