az   |   en   |    ru

“Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin inkişaf istiqamətləri”

  • Oxunub 251 dəfə

 Dörd şöbənin birgə iclasında dosent Mayis Gülalıyevin bu mövzuda doktorluq dissertasiya işinin müzakirəsi keçirildi

 Oktyabrın 10-da AMEA İqtisadiyyat İnstitutunda “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər”, “Sənaye siyasəti və investisiya problemləri", “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” və “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbələrinin birgə iclası keçirildi. Professor Tofiq Hüseynovun sədrliyi ilə baş tutan iclasda “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin müdiri, f.f.d., dosent Mayis Gülalı oğlu Gülalıyevin iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin inkişaf istiqamətləri” adlı dissertasiya işinin müzakirəsi aparıldı.

 İddiaçı M.Gülalıyev dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi. İşlə bağlı rəyçilər – i.e.d., professorlar Dünyamalı Vəliyev, Hacıağa Rüstəmbəyov, Tərbiz Əliyev və Tofiq Hüseynov mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. M.Gülalıyev ona ünvanlanan sualları cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Şöbə əməkdaşları da tədqiqat işi ilə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. İclasda iştirak edən İnstitutun direktoru, prof. Nazim Müzəffərli də işin aktual mövzuya həsr olunduğunu, müəllifin diqqət çəkən tədqiqat işi yerinə yetirdiyini, çox maraqlı müzakirələr aparıldığını və bir sıra iradların nəzərə alınmasının zəruriliyini qeyd etməklə yanaşı öz tövsiyələrini verdi.

 Geniş müzakirələrdən sonra dissertasiya işi açıq səsvermə yolu ilə qeyd olunan irad və təkliflərin nəzərə alınması, iddiaçının düzəlişlərdən sonra onları rəyçilərlə razılaşdırması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu (economics.com.az).