az   |   en   |    ru

Professor Nazim Müzəffərli Çində beynəlxalq konfransda çıxış etmişdir

  • Oxunub 685 dəfə

 24.11.2016.

AMEA İqtisadiyyat İnstitutunun direktoru Şanxay Universitetində “Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin baş məsləhətçisi seçilmişdir

 Noyabrın 23-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) Çin Xalq Respublikasının (ÇXR) Şanxay şəhərində keçirilən “Bir yol – bir zolaq” adlı Beynəlxalq Konfransda çıxış etmişdir. N.Müzəffərli (İmanov) beynəlxalq sərnişin və yük daşımaçılığında Azərbaycanın oynadığı və gələcəkdə oynaya biləcəyi rol haqqında, ölkələrarası nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycanda gerçəkləşdirilən infrastruktur layihələri barəsində ətraflı məlumat vermişdir.

 Noyabrın 24-də prof. N.Müzəffərli həmin konfransın “Təhlükəsizlik, iqtisadi və mədəni əməkdaşlıq sahələrində yeni imkanlar” bölməsinə rəhbərlik etmişdir. Günün ikinci yarısında isə o, Şanxay Universitetinin təşkilatçılığı ilə keçirilən “Bir yol – bir zolaq: elm və təhsil sahələrində əməkdaşlıq” adlı daha bir konfransda məruzə etmiş, Azərbaycanda elm və təhsil sahəsində dövlət siyasətinin səciyyəvi xüsusiyyətlərini açıqlamış, Azərbaycan və Çinin elmi müəssisələri və ilk növbədə akademik iqtisadiyyat institutları arasında əməkdaşlıq məsələləri, o cümlədən birgə tədqiqatların aparılması imkanları haqqında fikirlərini paylaşmışdır.

 AMEA İqtisadiyyat İnstitutunun direktoru Şanxay Universiteti nəzdində fəaliyyət göstərən “Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin baş məsləhətçisi seçilmişdir.

 Sözügedən konfranslarda Çindən, Mərkəzi Asiya dövlətlərindən, Rusiyadan və Azərbaycandan olan alim və tədqiqatçılarla yanaşı, ÇXR-nın rəsmi dövlət və hökumət nümayəndələri də iştirak etmişlər (economics.com.az).