az   |   en   |    ru

“Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda elmi-praktik konfrans

  • Oxunub 170 dəfə

 Sentyabrın 21-də AMEA-nın əsas binasında akademiyanın İqtisadiyyat İnstitutunun və Çin Sosial Elmlər Akademiyası (ÇSEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda elmi-praktik konfrans keçirildi

 Əvvəlcə konfrans iştirakçıları, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müşayəti ilə ÇSEA-nın prezidenti Van Veyquanın rəhbərlik etdiyi Çin nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoydular. Habelə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anıldı. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoydular.

 AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin moderatorluğu ilə keçirilən konfransda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olmasından, 1992-ci il aprelin 2-də Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasından danışdı. Akademik bildirdi ki, 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin Çinə rəsmi səfəri ilə ölkələrimiz arasında əlaqələrmizin yeni mühüm mərhələsinin əsası qoyulmuş, sonrakı dövrdə iqtisadiyyat, ticarət və mədəniyyət sahəsində əməkdaşlıq genişlənmişdir. Həmin səfəri zamanı Heydər Əliyev Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasında çıxış etmişdir. Sonrakı dövrdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib.

 AMEA prezidenti qeyd etdi ki, Azərbaycan coğrafi baxımdan böyük İpək yolunun mərkəzində yerləşir və bu çərçivədə həyata keçirilən iri beynəlxalq nəqliyyat və logistika layihələrinin vacib iştirakçısıdır. Azərbaycan ilk günlərdən “İpək Yolu İqtisadiyyat Kəməri”nin yaradılması təşəbbüsünə dəstək verib. Əgər 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyon ABŞ dolları təşkil edirdisə, bu göstərici 2016-cı ildə artaraq 770 milyon ABŞ dollarına çatıb. Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşından biridir. Çinlə Azərbaycan arasında nəqliyyat, rabitə, kənd təsərrüfatı, tikinti, maşınqayırma, yüngül sənaye və digər sahələrdə uğurlu əməkdaşlıq qurulub.

 Akademik Akif Əlizadə vurğuladı ki, son illər Azərbaycanla Çin arasında elmi əlaqələr, akademik institutlar arasında əməkdaşlıq da inkişaf edir, genişlənir. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti 2015-ci ildə Çinə səfər edib və burada İctimai Elmlər Akademiyasında müxtəlif formatda görüşlər keçirib, elm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair mühüm razılaşma əldə olunub. O, bundan sonra da qarşılıqlı elmi əlaqələrin uğurla davam edəcəyinə, konfransın da bu baxımdan faydalı olacağına əminliyini bildirdi.

 Sonra çıxış edən ÇSEA-nın prezidenti Van Veyquan vurğuladı ki, hazırda Azərbaycan-Çin əməkdaşlığının sürətli inkişaf dövrüdür. “Bir kəmər - bir yol” layihəsinin əhəmiyyətindən danışan V.Veyquan ölkəsində bu təşəbbüsə görə ayrılan vəsaitlər barədə məlumat verdi. Diqqətə çatdırdı ki, əlverişli coğrafi mövqeyi Azərbaycanı Çin üçün strateji tərəfdaşa çevirir. “Bir kəmər - bir yol” layihəsi Azərbaycan-Çin münasibətlərini yeni bir müstəviyə çıxarır. İki ölkənin akademiyaları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edən V.Veyquan bugünkü konfransın da bu sahədə mühüm platforma olacağını vurğuladı.

 Tədbirdə Çinin Azərbaycandakı səfiri Vey Cinhua çıxış edərək Azərbaycan-Çin ədəbi əlaqələrinin tarixindən danışıb, ölkələrimiz arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən səfir ikitərəfli əməkdaşlığın bir çox sahələrdə sürətlə inkişaf etdiyini bildirib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən konfransların, imzalanan çoxsaylı sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb.

 Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan – Çin münasibətləri: müasir baxış və perspektivlər”, ÇSEA İqtisadiyyat İnstitutu Elmi Şurasının sədri, professor Pey Çanxunun “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq”, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin “Yeni müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişaf strategiyası haqqında”, ÇSEA İqtisadiyyat İnstitutunun “Makroiqtisadi tədqiqatlar şöbəsi”nin müdiri Çan Sinin “13-cü beşillik plan dövründə Çinin əsas iqtisadi və sosial inkişaf trendləri”, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Mayis Gülalıyevin “Çin və Azərbaycan iqtisadiyyatlarında liberallıq və dirijizm: müqayisəli təhlil”, ÇSEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Van Çjenin “Çində gəlir bölgüsü və sosial təhlükəsizlik sistemi”, AMEA İqtisadiyyat İnstitutunun elmi katibi Rəsmiyyə Abdullayevanın “Pensiya sisteminin dövlət tənzimlənməsi: ölkələrarası müqayisəli təhlil”, ÇSEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi Yao Yunun “Çinin məşğulluq sistemində sağlamlıq təhlükəsizliyi siyasəti” mövzularında məruzələri dinlənildi. Məruzələrdə ölkələrarası elmi əlaqələrin prioritetləri və qarşılıqlı maraq doğuran məsələlərdən bəhs olunub (economics.com.az).

Fotoqalereya (yüklə)