az   |   en   |    ru

AMEA-nın adlı mükafatları üzrə müsabiqə elanı

 Elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti qərara alır:

1. AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli,Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə 2017-ci il üçün müsabiqə elan edilsin.

2. Nəzərə alınsın ki, AMEA-nın adlı mükafatları öz əsasnamələrinə uyğun olaraq müvafiq elm sahələri üzrə mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə verilir.

3. Mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər.

4. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən dövlət mükafatlarına və digər adlı dövlət mükafatlarına layiq görülmüş işlərin müəlliflərinin həmin işlərə görə AMEA-nın adlı mükafatlarına namizəd kimi irəli sürülməsinə yol verilmir.

5. Namizədin irəli sürülməsi barədə təqdimat, müvafiq sənədlərlə birlikdə 2017-ci il martın 17-dək AMEA prezidentinin 31 mart 2014-cü il tarixli 42 nömrəli sərəncamı ilə yaradılmış Ekspert Komissiyasına təqdim edilsin.

6. Ekspert Komissiyasına tapşırılsın ki, ciddi ekspertiza və qiymətləndirmə əsasında iddiaçılar sırasından 2017-ci il aprelin 1-dək AMEA-nın adlı mükafatları ilə təltif ediləcək namizədlər seçilsin və onlar haqqında müvafiq rəylər AMEA-nın Rəyasət Heyətinə təqdim edilsin.

7. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə (texnika üzrə elmlər doktoru Əminağa Sadıqov) tapşırılsın ki, AMEA-nın adlı mükafatları ilə bağlı keçirilən müsabiqədən irəli gələn təşkilati məsələlər həll edilsin.

8. Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilsin.

Akademik Akif Əlizadə, AMEA-nın prezidenti

 

Digər ELANLARa keçid (yüklə)