az   |   en   |    ru

Doktorantlarla növbəti görüş keçirilmişdir

  • Oxunub 512 dəfə

 Fevralın 16-da AMEA İqtisadiyyat İnstitutunda “Doktorantlar klubu”nda İnstitutun rəhbərliyinin şöbə müdirlərinin də iştirakı ilə doktorantlarla növbəti görüşü keçirildi.

 İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva doktorantlarla iş sahəsində görülən işlərdən, “Doktorantlar klubu”nda elmi müzakirələrin təşkili problemlərindən və doktorantların həmin müzakirələrdə aktiv iştirakının vacibliyindən danışdı.

 İnstitutun şöbə müdirləri – professorlar Şahbaz Muradov, Tofiq Hüseynov, Gülşən Yüzbaşıyeva, i.f.d. Cəlil Quliyev və diğərləri doktorantlarla birgə işin təşkili, tədqiqatların aparılmasında şöbələr tərəfindən onlara kömək göstərilməsi, dissertasiyaların keyfiyyəti, dissertasiyaların yazılmasında doktorantların və elmi rəhbərlərin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, müasir iqtisadi ədəbiyyatlarla tanışlıq, elmi məqalələrin yazılması və çapı, xaricdə dərc olunmuş elmi məqalələr haqqında şöbələrə də məlumatların verilməsi, alimlərimizin əsərlərinə istinad edilməsi və s. kimi problemlərlə bağlı öz fikirlərini bölüşdülər, irad və təkliflər səsləndirdilər.

 Görüşdə doktorantlar da dissertasiyaların yazılmasından müdafiəsinədək olan prosedurlarla bağlı öz mülahizələrini bildirdilər. Onları narahat edən bütün məsələlərə aydınlıq gətirən İnstitutun rəhbərliyi tərəfindən doktorantlara mövcud imkanlar daxilində hər cür kömək ediləcəyi vurğulandı (economics.com.az).