az   |   en   |    ru

"Manatın devalvasiyası və onun iqtisadi nəticələri"

  • Oxunub 823 dəfə

   “Doktorantlar klubu”nda i.f.d. Fuad Qənbərovun təqdimatı

  Mayın 19-da AMEA İqtisadiyyat İnstitutunda "Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər" şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dos. Fuad Qənbərov doktorantlar qarşısında "Manatın devalvasiyası və onun iqtisadi nəticələri" mövzusunda təqdimatla çıxış etdi. “Kreativ iqtisadiyyat klubu”nda 2015-ci iln mart ayında manatın devalvasiyasının səbəbləri və həmin vaxtdan keçən iki ay müddətində devalvasiyanın makroiqtisadi göstəricilərə təsiri barədə müzakirələr aparıldı.

  Məruzəçi qeyd etdi ki, devalvasiyanın əsas səbəbini iki başlıq altında qruplaşdırmaq olar: fiskal səbəblər və qeyri-neft sektorunun rəqabətqabiliyyətliliyinin gücləndirilməsi. Neftin dünya bazar qiymətlərinin ucuzlaşması nəticəsində ölkəyə valyuta axının azalması valyua bazarına əlavə təzyiq yaratmış, valyuta ehtiyatları kəskin azalmaqla ölkənin iqtisadi təhlükəsizliyi üçün təhdidlər yaranmışdı. Həmçinin ticari tərəfdaş olan ölkələrdə milli valyutaların son 2 ildə kəskin ucuzlaşması manatın həmin valyutalar qarşısında real dəyərini möhkəmlətmiş və qeyri-neft sektorunun məhsullarının ixracını səmərəsiz etmişdir. 2014-cü ilin oktyabr ayında Rusiya rublunun 2 dəfəyədək ucuzlaşması Azərbaycandan bu ölkəyə ixrac edilən məhsulların həcminin azalmasına və idxalın artmasına şərait yaratmışdır. F.Ə. Qənbərovun fikrincə, bu səbəblər baxımından manatın devalvasiya edilməsi qaçılmaz idi.

  Müzkirədə həmçinin qeyd edilmişdir ki, devalvasiyadan sonra valyuta ehtiyatları bir qədər azalsa da, may ayından başlayaraq valyuta bazarında sabitlik əmələ gəlmiş, qeyri-neft sektorunun ixracı üçün imkanlar yaranmışdır. Statistik məlumatlara görə, cari ilin birinci rübündə qeyri-neft sektorunun ixracı azalsa da, nəzəriyyə və dünya ölkələrinin təcrübəsi göstərir ki, devalvasiya ixracın stimullaşmasına adətən 6-7 aydan sonra müsbət təsir göstərir. Məruzəçi həmçinin qarşıda duran iqtisadi prioritetlər barədə də məlumat vermişdir.
  Sonra doktorantların məruzəçiyə sualları ətrafında müzakirələr davam etdirilmişdir (economics.com.az)