az   |   en   |    ru

“Biznesə başlama mühitinin qiymətləndirilməsi”

  • Oxunub 694 dəfə

“Doktorantlar klubu”nda i.f.d. Allahyar Muradovun təqdimatı

   Fevralın 16-da AMEA İqtisadiyyat İnstitutunda “Doktorantlar klubu”nda i.f.d., dos. Allahyar Muradov “Biznesə başlama mühitinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etdi. O, bu sahədə ilk tədqiqatların 2002-ci ildə Dünya Bankı tərəfindən aparıldığını, layihənin məqsədinin bütün dünya ölkələrində biznesə başlama və biznes mühitinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsinə nail olmaq olduğunu söylədi. Məruzəçinin sözlərinə görə, ilk hesabat 2003-cü ildə dərc olunub. Bu hesabatda qiymətləndirmə 133 ölkəni əhatə etməklə 5 parametr üzrə aparılırmışdı.

  Qiymətləndirmə 2014-2015-ci ildə 10 indikator əsasında 189 ölkə üzrə aparılıb. Qiymətləndirmə ölkənin ən böyük şəhərində (1 şəhər) aparılır. Yalniz əhalisinin sayı 100 milyondan yuxarı olan 11 ölkədə iki böyük şəhər seçilir (Hindistan, Çin Braziliya, İndoneziya, Yaponiya və s.). İlk hesabatdan 2012-ci ilə qədər 140 ölkədə bu sahədə 296 islahat həyata keçirilmişdir. İslahatlar nəticəsində biznesə başmala üzrə orta müddət 49 gündən 34 günə, xərclər isə adambaşına düşən gəlirin 86%-dən 41%-nə düşmüşdür. 2015-ci ilin hesabatında 123 ölkənin yerli sahibkarı keçən dövr ərzində sahibkarlıq fəaliyyəti üçün hüquqi mühitin xeyli dəyişdiyini bildirmişdir. 2013-cü ilin iyunundan 2014-cü ilin iyununa qədər 189 ölkədə biznesin tənzimlənməsi üzrə 230 islahat keçirilmişdir ki, onlardan da 145-i hüquqi institutların asanlaşdırılmasına və xərclərin azaldılmasına, 85 islahat hüquqi institutların gücləndirilməsinə yönəlmişdir.

   A.Muradov biznesin qurulması üzrə 10 parametrin hər biri - müəssisənin yaranması, tikintiyə razılıq əldə etmə, elektrik təchizatı şəbəkəsinə qoşulma, mülkiyyətin qeydə alınması, kredit alma, investorların (azlıqda olan) hüquqlarının müdafiəsi, vergilərin ödənilməsi sistemi, xarici ticarət fəaliyyətinin aparılması, müqavilələrin icrasının təminatı, müflisləşmə probleminin həlli ilə bağlı ətraflı danışdı. Çox maraqla qarşılanan təqdimatdan sonra mövzu ətrafında, habelə Azərbaycanda biznes mühiti sahəsində mövcud vəziyyətlə bağlı geniş müzakirələr aparıldı (economics.com.az).

Allahyar Muradovun təqdimatı ilə daha yaxından aşağıdakı linkdə tanış olmaq olar