az   |   en   |    ru

  • Oxunub 3319 dəfə

METODOLOGİYA


2015-ci il üçün İqtisadiyyatın solluğu (sağlığı) indeksi aşağıdakı altı sub-indeks əsasında hesablanmışdır (2014-cü ilin İndeksləri iki variantda hesablanmış, birinci varianta Sosial xərclər sub-indeksi də daxil edilmişdi):

• Dövlət maliyyəsi sub-indeksi (DM),
• Qiymətlərin tənzimlənməsi sub-indeksi (QT),
• Xarici ticarət sub-indeksi (XT),
• Lisenziyalaşdırma sub-indeksi (L),
• Məşğulluğun tənzimlənməsi sub-indeksi (MT),
• Minimum əmək haqqı sub-indeksi (MƏH).

İqtisadiyyatın solluğu (sağlığı) indeksi, onun bütün sub-indeksləri və bunların alt-indeksləri 0-1 aralığında dəyişir. “0” – iqtisadiyyatın “mütlə́q sağlığını” (dövlətin iqtisadiyyata heç bir müdaxilə etməməsini), “1” – “mütlə́q solluğunu” (iqtisadiyyatın tamamən dövlət tərəfindən tənzimlənməsini) göstərir. Bütün göstəricilər 0-1 aralığına (Vi - Vmin) / (Vmax - Vmin) düsturu ilə gətirilmiş və bəzi hallarda 1-dən çıxılmışdır.

Bəzi ölkələrdə iqtisadi tənzimləmənin ayrı-ayrı formaları üzrə (yəni ayrı-ayrı sub-indekslər üzrə) mütlə́q sağlıq və ya mütlə́q solluq halları olsa da, ümumən, hər hansı bir ölkə iqtisadiyyatının “mütlə́q sağ” və ya “mütlə́q sol” nöqtəyə düşməsi mümkünsüzdür. Odur ki, bütün ölkələr üzrə İS(S)İ 0 və 1 nöqtələrindən müəyyən kənarlaşmada yerləşir.

2014-cü ildən fərqli olaraq, 2015-ci il üzrə hesablamalarda sub-indeksləri formalaşdıran alt-indekslərin hər biri üzrə mümkün minimal göstərici Vmin, mümkün maksimal göstərici Vmax olaraq qəbul edilmişdir.

= = =

Dövlət maliyyəsi sub-indeksi gəlirlərin vergilər vasitəsi ilə yenidən bölünməsinin səviyyəsini ifadə edir və öz növbəsində iki alt-indeksin – Büdcə xərcləri alt-indeksininMüəssisələrin vergi yükü alt-indeksinin cəbri ortası kimi hesablanmışdır. Büdcə xərcləri alt-indeksi büdcə xərclərinin ÜDM-də faizlə ifadə edilən pay göstəriciləri əsasında hesablanmışdır. Faktik informasiya BVF-in statistik bazasından əldə edilmişdir (World Economic Outlook Database).*
Vergi yükü alt-indeksi, modelləşdirilmiş özəl şirkətin bir il ərzində ödədiyi vergilərin onun illik mənfəətinə nisbəti göstəricilərinin əsasında sayılmışdır. Statistik məlumatlar Dünya Bankının “Biznes mühiti” hesabatından götürülmüşdür.** 

Əgər təhlil olunan ölkələr arasında resurs ixracatçıları olmasaydı, büdcə xərclərinin ÜDM-ə nisbəti müəssisələrin vergi yükünü (və ümumiyyətlə vergi yükünü) də adekvat əks etdirərdi. Büdcə vəsaitlərinin mühüm bir qismi neft-qaz fondlarından trasferlərlə formalaşanda vergi yükü göstəricilərinin ayrıca nəzərə alınmasına ehtiyac yaranır. Bəzi araşdırma mərkəzləri vergi yükünü gəlir və mənfəət vergilərinin yuxarı həddi əsasında hesablayır, lakin yuxarı hədlə vergi ödənməsi əksər ölkələr üçün tipik deyil. Buna görə də Vergi yükü alt-indeksinin hesablanması üçün hipotetik şirkətin vergi yükü göstəricilərindən istifadə olunmuşdur. Nəzəri baxımdan, Dövlət maliyyəsi sub-indeksi gəlir vergisi vasitəsi ilə yenidən bölünən milli gəliri də əks etdirməlidir, amma bəzi ölkələrdə proporsional, digərlərində isə proqressiv vergi sistemi tətbiq edilir və onları vahid bir ölçüyə gətirmək yanlışdır.

Hər iki alt indeks üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.

* http://www.imf.org/external/pubs/ft/weo/2016/01/weodata/index.aspx
** http://www.doingbusiness.org/data/exploretopics/paying-taxes

= = =

Qiymətlərin tənzimlənməsi sub-indeksi qiymətlərin nə dərəcədə sərbəst əmələgəlməsini (sağ qütb) və eyni zamanda, dövlətin qiymətlərin formalaşmasına nə dərəcədə müdaxilə etməsini (sol qütb) ifadə edir. Sub-indeksin sıfıra yaxınlaşması qiymətqoymada liberallığın artmasını, birə yaxınlaşması isə qiymət tənzimlənməsinin güclənməsini ifadə edir. İki alt-indeksin – Qiymət azadlığı alt-indeksininMonetar azadlıq alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdır. Qiymət azadlığı alt-indeksi Freyzer İnstitutunun (Kanada) 2011-ci il üçün (sonrakı illərdə müəssisələrin qiymətqoyma sərbəstliyi ayrıca bir indikator kimi ölçülməmişdir) statistik bazası əsasında (Economic Freedom of the World 2011),* Monetar azadlıq alt-indeksi isə Heritage (İrs) Fondunun The Wall Street Journal’la birlikdə hazırladığı “İqtisadi Azadlıq İndeksi” hesabatının statistikası əsasında (2015 Economic Freedom İndex)** hesablanmışdır.

Qiymət azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 10, Monetar azadlıq alt-indeksi üçün isə Vmin = 0, Vmax = 100 götürülmüşdür. Alt-indekslərin sayılmasında istifadə olunan statistik mənbələrdə daha yüksək ballar daha məhdud dövlət müdaxiləsini ifadə etdiyinə görə sub-indeksin yekun qiymətləri 1-dən çıxılmaqla hesablanmışdır.

* http://www.freetheworld.com/2011/reports/world/EFW2011_complete.pdf
** http://www.heritage.org/index

= = =

Xarici ticarət sub-indeks xarici ticarətin liberallıq səviyyəsini (sağ qütb) və dövlətin bu sahədəki tənzimləmə tədbirlərinin sərtliyini (sol qütb) ölçür. Sub-indeksin sıfıra yaxınlaşması şirkətlərin xarici ticarət sərbəstliyinin artmasını, birə yaxınlaşması isə bu sahədə dövlət tənzimlənməsinin sərtləşməsini ifadə edir.

Üç konseptual müddəa üzərində qurulmuşdur. Birincisi, xarici ticarət azadlığını ixracın yox, idxalın sərbəstliyi ilə ölçmək lazımdır. İkincisi, idxalın sərbəstliyi yüksəldikdə daxili bazarın qorunması, bir qayda olaraq, zəifləyir. Üçüncüsü, təbii resurs ixracının iqtisadiyyatda əhəmiyyətli paya malik olduğu ölkələrdə xarici ticarət azadlığını ixrac-idxal əməliyyatlarının mütləq və nisbi həcm göstəriciləri ilə (məsələn, ixrac və idxal həcminin ÜDM-ə nisbəti ilə) ölçmək olmaz.

Xarici ticarət sub-indeksi üç alt-indeksin – Xarici ticarət azadlığı alt-indeksinin, İdxalın iqtisadi qiyməti alt-indeksininTicarətin azadlığı alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdır. Xarici ticarət azadlığı alt-indeksi Freyzer İnstitutunun eyniadlı göstəriciləri əsasında (Economic Freedom of the World 2014),* İdxalın iqtisadi qiyməti alt-indeksi Dünya İqtisadi Forumunun (İsveçrə) “Beynəlxalq ticarətdə iştirak” hesabatının materialları əsasında (World Economic Forum – The Global Enabling Trade Report 2014),** Ticarətin azadlığı alt-indeksi isə Heritage Fondu ilə The Wall Street Journal’ın birlikdə hazırladığı “İqtisadi Azadlıq İndeksi” hesabatındakı eyniadlı göstəricilər əsasında (2015 Economic Freedom İndex)*** hesablanmışdır.

Xarici ticarət azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 10, İdxalın iqtisadi qiyməti alt-indeksi üçün Vmin = 1, Vmax = 7, Ticarətin azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür. Alt-indekslərin sayılmasında istifadə olunan statistik mənbələrdə daha yüksək ballar daha məhdud dövlət müdaxiləsini ifadə etdiyinə görə sub-indeksin yekun qiymətləri 1-dən çıxılmaqla hesablanmışdır.

* http://www.freetheworld.com/2014/EFW2014-POST.pdf
** http://reports.weforum.org/global-enabling-trade-report-2014
*** http://www.heritage.org/index/pdf/2015/book/index_2015.pdf

= = =

Lisenziyalaşdırma sub-indeksinin hesablanması zamanı dörd parametri nəzərə almaq lazımdır: a) lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı; b) lisenziyalaşdırılan fəaliyyət növlərinin çeşidi; c) lisenziyaların keçərlilik müddəti; ç) lisenziyaların verilmə qaydaları. Bu göstəricilər iş sahibləri üçün nə qədər əlverişlidirsə (yəni say azdırsa, çeşid məhduddursa, müddət uzundursa və qaydalar sadədirsə), iqtisadiyyat bir o qədər daha sağdadır. Lakin bu göstəricilərin heç biri üzrə elmi tutarlılığı şübhə doğurmayan dövlətlərarası müqayisə aparmaq mümkün deyil.

Ona görə də Lisenziyalaşdırma sub-indeksi Dünya Bankının metodologiyası əsasında – modelləşdirilmiş müəssisənin hipotetik bir tikinti üçün aldığı lisenziyalara sərf etdiyi vaxt və xərc göstəricilərinin indeksləşdirilməsi əsasında (Doing Business 2015: Dealing with Construction Permits),* bu alt-indekslərin hesabi ortası kimi hesablanmışdır. Dünya Bankının istifadə etdiyi üçüncü göstərici – prosedurların sayı ümumi mənzərəni təhrif etdiyi üçün nəzərə alınmamışdır.

Vaxt alt-indeksi üçün Vmin = 0, Vmax = 1000, Xərc alt-indeksi üçün isə Vmin =0, Vmax =100 götürülmüşdür.

* http://www.doingbusiness.org/data/exploretopics/dealing-with-construction-permits

= = =

Məşğulluğun tənzimlənməsi sub-indeksi iş sahibi ilə muzdlu işçi arasında əmək prosesinin təşkili ilə bağlı münasibətlərə dövlətin nə dərəcədə müdaxilə etməsini ölçür. Ənənəvi sosial proqramlardan fərqli olaraq, bu müdaxilə birbaşa sosial müdafiə məqsədləri güdür. İşçinin birbaşa sosial müdafiəsinin gücləndirilməsi, bir qayda olaraq, iş sahibinin sərbəstliyini məhdudlaşdırmaq hesabına başa gəlir.

İki alt-indeks – Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksiİşdənçıxarma xərcləri alt-indeksi əsasında hesablanmışdır. Bunların birincisi, öz növbəsində, üç göstərici – işəgötürmənin asanlığı (çətinliyi), iş vaxtının tənzimlənməsinin sərtliyi işdənçıxarmanın asanlığı (çətinliyi) əsasında sayılır. Birinci alt-indeksin 3 komponentdən ibarət olduğu və məşğulluğun tənzimlənməsində bunların toplam rolunun daha yüksək olduğu nəzərə alınaraq, ona 0,75, ikinci alt-indeksə isə 0,25 çəkiləri verilmişdir. Statistik mənbə Dünya İqtisadi Forumunun 2015-ci il üçün məlumat bazasıdır.*

Dünya Bankı biznes mühitini qiymətləndirərkən ölkələri bir növ “yaxşıdan pisə” doğru, iş adamlarına daha rahat şərait yaradanlardan onun işini tənzimləyici qaydalarla çətinləşdirənlərə doğru sıralayır. İqtisadiyyatın sağlığı-solluğu üzrə təhlillərdə “pis” və “yaxşı” ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik olan ölkələr var. Birincilər üçün şirkətlərin operativ sərbəstliyi, ikincilər üçünsə işçilərin sosial müdafiəsi daha yüksək prioritetdir.

Hər iki alt-indeks üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.

* https://www.weforum.org/reports/global-competitiveness-report-2014-2015

= = =

Minimum əmək haqqı sub-indeksi dövlət tərəfindən müəyyənləşdirilən illik minimum əmək haqqının (AQP ilə) adambaşına ÜDM-ə (AQP ilə) nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosiallaşmasını ifadə edir.

Minimum əmək haqqının nə qanunvericiliklə, nə də kollektiv müqavilələrlə tənzimlənmədiyi ölkələrin iqtisadiyyatı bu sub-indeksə görə mütlə́q sağ qütbdə (sıfır nöqtəsində) yerləşir. Minimum əmək haqqı yalnız kollektiv müqavilələrlə tənzimləndikdə ölkənin iqtisadiyyatı şərti olaraq 0,050 nöqtəsinə, dövlət tərəfindən, amma məhdud sayda işçilər üçün müəyyənləşdirildikdə isə 0,080 nöqtəsinə qoyulmuşdur.

İllik minimum əmək haqqı üzrə statistik baza Wage Indicator saytının* və Wikipedia’nın** məlumatlarıdır. Adambaşına ÜDM göstəriciləri Dünya Bankının məlumat bazasından götürülmüşdür.*** Milli valyutalardakı minimum əmək haqqı məbləğləri ABŞ dollarına Dünya Bankının məlumat bazasındakı rəsmi mübadilə kursları əsasında çevrilmişdir.****

Vmin = 0, Vmax = 100 götürülmüşdür.

* http://www.wageindicator.org/main/salary/minimum-wage
** http://en.wikipedia.org/wiki/List_of_minimum_wages_by_country
*** http://data.worldbank.org/indicator/NY.GDP.PCAP.PP.CD
**** http://data.worldbank.org/indicator/PA.NUS.FCRF

= = =

Qeyd olunduğu kimi, 2014-cü ildən fərqli olaraq, 2015-ci il üçün İqtisadiyyatın solluğu (sağlığı) indeksi (İnteqral indeks) iki variantda deyil, bir variantda hesablanmışdır. Sosial xərclər sub-indeksi nəzərə alınmamış, amma Dövlət maliyyəsi sub-indeksinə daha böyük xüsusi çəki verilmişdir:

İS(S)İi = 0,30*DMi + 0,14*QTi + 0,14*XTi + 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi