az   |   en   |    ru

  • Oxunub 2437 dəfə

ÖLKƏVİ NƏTİCƏLƏR

 

“Metodologiya” bölməsində qeyd edildiyi kimi, İqtisadiyyatın solluğu (sağlığı) indekslərinin (İnteqral indekslərin) hesablanması zamanı Dövlət maliyyəsi sub-indeksinə daha böyük xüsusi çəki verilmişdir:

İS(S)İi = 0,30*DMi + 0,14*QTi + 0,14*XTi + 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi

İS(S)İ üzrə cədvəlləri yuxarıdan aşağıya “oxuduqda” ölkələr dövlət tənzimləməsinin az olduğu ölkələrdən daha sərt olduğu ölkələrə doğru, başqa sözlə – sağdan sola, aşağıdan yuxarıya “oxuduqda” isə soldan sağa sıralanmış olur. Yüksək gəlirli ölkələr rəng fonunda kursivlə verilmişdir.

= = =

Cədvəl 7. İqtisadiyyatın solluğu (sağlığı) indeksləri (2016)

 Şkala 7. İqtisadiyyatın solluğu (sağlığı) indeksləri (2016)

 

Ölkələr nisbi mərkəz ətrafında sayca təxminən bərabər paylanır. Sağçı və solçu iqtisadiyyatlar nisbi mərkəzdən təqribən bərabər kənarlaşmada yerləşir.

Ayrı-ayrı sub-indekslər üzrə olduğuna nisbətən, yekun indeks üzrə iqtisadiyyatlar nisbi mərkəz ətrafında daha sıx cəmləşir, çünki müxtəlif meyarlar üzrə aparılmış təsnifatlar bir-birini müəyyən qədər balanslaşdırır. Məsələn, Dövlət maliyyəsi sub-indeksi üzrə Avstriya iqtisadiyyatı solçu (0,516), qiymət tənzimlənməsi sub-indeksi üzrə isə sağçı (0,099) xarakterə malikdir, MƏH sub-indeksi üzrə sağ qütbə yaxın yerləşən Cənubi Afrika Respublikası iqtisadiyyatı (0,080) məşğulluğun tənzimlənməsi sub-indeksinə görə 95 ölkə arasında ən sol iqtisadiyyata malik olan ilk onluqdadır (0,495). Sub-indekslərin bir-birini balanslaşdırması nəticəsində İS(S)İ üzrə bu iqtisadiyyatların hər ikisi nisbi mərkəzin yaxınlığında yer almışdır (Avstriya – 0,266, CAR – 0,253).

Təhlil edilən iqtisadiyyatların sayı 2014-cü illə müqayisədə 3 dəfəyə yaxın, 2015-ci ilə nisbətən 1,5 dəfəyə yaxın artmışdır. 2014-cü ildə tədqiq olunmuş 37 ölkə üçün eyni məlumat bazaları və eyni metodika əsasında hesablanmış İS(S)İ-lərin paylanma sıxlığı 2016-cı ildə 2014-cü illə müqayisədə bir qədər azalmışdır: 2014-cü ildə bu ölkələrin İndeksləri 0,117-0,276 aralığında, 2015-ci ildə 0,114-0,375 aralığında, 2016-cı ildə isə 0,116-0,371 aralığında yerləşir.

= = =

95 ölkə arasında ən sağçı iqtisadiyyat Sinqapurun iqtisadiyyatıdır (0,116). Sinqapurda dövlətin iqtisadiyyata müdaxiləsi minimal səviyyədədir. Birləşmiş Ərəb Əmirliklərinin (0,157), Gürcüstanın (0,174), İsveçrənin (0,176), Qətərin (0,179), Bəhreynin (0,187), İslandiyanın (0,188), və Danimarkanın da (0,190) iqtisadiyyatı sağçılıqla səciyyələnir. Tədqiq edilən ölkələr arasında ən solçu iqtisadiyyat Argentinanın (0,476) iqtisadiyyatıdır.

İqtisadiyyatı sol qütbə ən yaxın olan digər ölkələr isə Venesuela (0,454), Mərakeş (0,401), İran İslam Respublikası (0,390) və Braziliyadır (0,380). Yüksək gəlirli ölkələrdən sol qütbə ən yaxın olanları Fransa (0,371) və Belçika (0,358) iqtisadiyyatlarıdır.

Azərbaycan (0,301) 95 ölkə iqtisadiyyatının sağdan sola sıralamasında 57-ci, soldan sağa sıralamasında isə 39-cu yeri tutur və nisbi mərkəzdən (0,288) soldadır. 

= = =

Son 3 ildə İS(S)İ-nin müxtəlif ölkələrdəki dəyişikliklərini qiymətləndirmək məqsədi ilə 2014-cü ildə tədqiq olunmuş 37 ölkə üçün İS(S)İ, 2016-ci ildə istifadə olunmuş məlumat bazaları və metodika əsasında bir daha hesablanmış və 3 ilin nəticələri eyni ölçüyə gətirilmişdir. 

Cədvəl 8. İqtisadiyyatın solluğu (sağlığı) indeksləri
(ŞAMA dövlətləri və bəzi inkişaf etmiş ölkələr, əlifba sırası ilə,
2014, 2015 və 2016-cı illər)

Qısa bir müddətdə iqtisadiyyata müdaxilənin ümumi səviyyəsində dərin dəyişikliklərin baş verməsi ehtimalı, əlbəttə, böyük deyil. 2014-2016-cı illərdə İqtisadiyyatın solluğu-sağlığı şkalasının nisbi mərkəzi, praktik surətdə, dəyişməz qalmışdır: 2014 – 0,276, 2016 – 0,275.

Lakin iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsinin dəyişmələrini daha dəqiq qiymətləndirmək üçün hər ölkəni ayrıca təhlil etmək lazımdır, çünki eyni bir göstəricinin ayrı-ayrı ölkələrdə eyni istiqamətdə dəyişməsi (artması və ya azalması) müxtəlif səbəblərdən baş verə bilər.

Məsələn, Dövlət maliyyəsi sub-indeksini formalaşdıran iki göstəricidən biri Büdcə xərclərinin ÜDM-də xüsusi çəkisidir. Bu göstərici həm vergi dərəcələrinin artırılması sayəsində (büdcə gəlirlərinin xüsusi çəkisinin artması vəsiləsi ilə), həm də vergi dərəcələrini dəyişməz saxlamaqla (hətta bəzən aşağı salmaqla) vergi inzibatçılığını təkmilləşdirmək və vergilərin yığım səviyyəsini artırmaq hesabına yüksəldilə bilər. Büdcə xərclərinin ÜDM-dəki xüsusi çəkisinin bu iki əksyönlü iqtisadi siyasətin hansının hesabına çoxalmasından asılı olmayaraq, nəticədə Dövlət maliyyəsi sub-indeksi artır və iqtisadiyyatın sollaşması təəssüratı yaranır. Halbuki ikinci halda iqtisadiyyat əslində sollaşmır, çünki maliyyə intizamının möhkəmləndirilməsi (yaxud zəifləməsi) iqtisadiyyata liberallıq-dirijistlik xassələri vermir (maliyyə intizamının sərtliyi iqtisadiyyata dövlət müdaxiləsinin modelyaradıcı formalarına aid deyil). Vergi dərəcələrinin aşağı salınması isə – vergidən yayınmaların azaldılması sayəsində vergi yığımları artmışdırsa belə – iqtisadiyyatın liberallıq (sağlıq) səviyyəsini yüksəldir.

2014-2015-ci illərdə olduğu kimi, 2016-cı ildə də Sinqapur, Gürcüstan və Danimarka ən sağçı, Fransa, Serbiya və Ukrayna isə, kiçik yerdəyişmə ilə, solçu iqtisadiyyata malikdir. Bu dəfə Moldova ilə Bosniya-Hersoqovina da ən solçu iqtisadiyyata malik ölkələr sırasına qatılmışlar. “Köhnə” (liberal və ya dirijist) mövqelərini “qoruyub saxlamış” ölkələrdə də iqtisadiyyata dövlət müdaxiləsi səviyyəsində müəyyən dəyişikliklər baş vermişdir.

İqtisadiyyatı əhəmiyyətli dərəcədə sağlaşmış və ya sollaşmış ölkələrin sayı çox deyil. İqtisadiyyatın solluğu (sağlığı) indeksinin mütləq göstəricisinə görə, iqtisadiyyatı 2014-cü illə müqayisədə 2016-cı ildə ən çox sağlaşmış iqtisadiyyatlar İrlandiyanın (- 0,061), Yaponiyanın (- 0,028) və Ukraynanın (- 0,020), ən çox sollaşmış iqtisadiyyatlar isə Almaniyanın (+ 0,056), Bosniya-Hersoqovinanın (+ 0,036), Yeni Zelandiyanın (+ 0,034) və Albaniyanın (+ 0,025) iqtisadiyyatıdır.

İqtisadiyyatların liberallığı-dirijistliyi, prinsip etibarilə, bir-birinə nəzərən müəyyənləşdiyinə görə sağdan-sola və soldan-sağa sıralamalarda ölkələrin tutduğu yerlərin necə dəyişməsi də maraq doğurur. İqtisadiyyatın solluğu (sağlığı) indeksinin mütləq qiymətlərinin artıb-azalmasından asılı olmayaraq, liberallıqdan dirijistliyə doğru sıralamada ən çox irəliləmiş (yəni dirijistlikdən liberallığa doğru sıralamada geriləmiş) ölkələr İrlandiya, Niderland, Yaponiya (hərəsi 8 pillə), İtaliya (6 pillə), İsveç, Latviya və Rusiyadır (hərəsi 4 pillə). Bu ölkələrin iqtisadiyyatı nisbi ifadədə liberallaşmışdır. Dirijistlikdən liberallığa doğru sıralamada ən çox irəliləmiş (yəni liberallıqdan dirijistliyə doğru sıralamada geriləmiş) ölkələr isə Almaniya (17 pillə), Bosniya-Hersoqovina (9 pillə), Yeni Zelandiya (8 pillə), Albaniya (6 pillə) və Makedoniyadır (5 pillə). Bu ölkələrin iqtisadiyyatı isə nisbi ifadədə dirijistləşmişdir. Hərçənd, aydındır ki, sıralamadakı yer ölkənin İndeksi dəyişməz qaldıqda belə, dəyişə bilər.

Bu və ya digər ölkə üçün İndeksin mütləq qiymətinin dəyişmə səbəblərini müəyyənləşdirməkdən ötrü onun iqtisadiyyatını liberallaşdırmış və ya əksinə, dirijistləşdirmiş islahatları təhlil etmək lazımdır. Məsələn, 2014-2016-cı illərdə Almaniya iqtisadiyyatı, qeyd edildiyi kimi, əhəmiyyətli dərəcədə sollaşmışdır. Lakin nəzərə almaq lazımdır ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Almaniyanın İndeks qiyməti praktik surətdə dəyişməz qalmışdır (müvafiq olaraq, 0,317 və 0,316) və ölkə, iqtisadiyyatların liberaldan dirijistə doğru sıralamasında hətta 2 pillə irəliləmişdir. 2014-2016-cı illərdə baş vermiş əsas dəyişiklik 2015-ci ilə təsadüf edir. Həmin il Almaniyanın İndeks qiyməti 2014-cü ildəki 0,260-dan 0,317-yə qalxmış və ölkə sağdan sola sıralamadakı 13-cü yerdən 32-ci yerə enmişdi. Səbəb – 2015-ci ildən başlayaraq, Almaniyada minimum əmək haqqının dövlət tərəfindən təsbit edilməsi idi. Bunun nəticəsində Almaniya iqtisadiyyatı, bəzi sub-indekslər üzrə sağlaşmasına baxmayaraq, MƏH sub-indeksinin kəskin şəkildə yüksəlməsi nəticəsində (2014-cü ildəki 0,050-dən 2015-ci ildə 0,477-yə qədər) ümumən sollaşmışdı. (Amma əlbəttə, eyni müvəffəqiyyətlə belə də söyləmək mümkündür ki, 2015-ci ildə Almaniya iqtisadiyyatı, 37 ölkə iqtisadiyyatının soldan sağa sıralamasında 25-ci yerdən 6-cı yerə yüksəlmişdi).

2014-2016-cı illərdə Azərbaycan iqtisadiyyatı müəyyən qədər sollaşmışdır. Əvvəlki illə müqayisədə 2015-ci ildə Azərbaycanın İndeks qiyməti bir qədər azalsa da (- 0,005), 2016-ci ildə nəzərəçarpacaq dərəcədə artmışdır (+ 0,021). 37 iqtisadiyyatın sağdan sola sıralamasında Azərbaycan 2014-cü ildə Albaniya ilə 22-23-cü yerləri bölüşdürmüş, 2015-ci ildə 20-ci, 2016-cı ildə isə 25-ci yeri tutmuşdur. 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycan iqtisadiyyatı Xarici ticarətin tənzimlənməsi (- 0,009), Məşğulluğun tənzimlənməsi (- 0,001) və Minimum əmək haqqı (- 0,001) sub-indeksləri üzrə sağlaşmış, Dövlət maliyyəsi (+ 0,012), Qiymətlərin tənzimlənməsi (+ 0,113) və Lisenziyalaşdırma (+ 0,025) sub-indeksləri üzrə isə, əksinə, sollaşmışdır. Göründüyü kimi, İS(S)İ-nin ümumi artımına əsas “töhfəni” Qiymətlərin tənzimlənməsi sub-indeksinin yüksəlməsi vermişdir.

İS(S)İ – 2016 hesabatı 2015-ci ilin yekunlarını əks etdirən statistik məlumatlar əsasında hazırlandığı üçün 2015-ci ildə Azərbaycanda həyata keçirilmiş devalvasiyaları və onların nəticələrini də əks etdirir. Qeyd edildiyi kimi, həmin devalvasiyalardan sonra Azərbaycan hökuməti əhalinin sosial müdafiəsi məqsədi ilə istehlak malları qiymətlərinin artmasını sərt bir şəkildə önləyirdi. Azərbaycan manatının ABŞ dollarına qarşı ucuzlaşması və eyni zamanda qiymətlərin manat ifadəsində aşağı səviyyədə saxlanması AQP üzrə “kənarlaşma əmsalının” əhəmiyyətli dərəcədə artması ilə nəticələnirdi. 2015-ci ildə Azərbaycanda Qiymətlərin tənzimlənməsi sub-indeksinin yüksəlməsi məhz bununla izah edilir.

= = =

Əgər bu və ya digər göstərici üzrə (bu halda İS(S)İ üzrə) sıralamada ölkələr “məntiqli” düzülürsə, yəni müxtəlif iqtisadi inkişaf səviyyəsinə malik olan dövlətlər (məsələn, adambaşına ÜDM-i müəyyən bir həddən – bizim araşdırmada 35 min Beynəlxalq dollardan – aşağı və yuxarı olan dövlətlər) ayrı-ayrı qruplarla sıralanır¬sa, bu o deməkdir ki, müqayisələri qruplar daxilində aparmaq, inkişaf etmiş dövlətləri bir-biri ilə, digərlərini isə öz aralarında müqayisə etmək lazımdır. Müxtəlif iqtisadi inkişaf səviyyəsinə malik olan dövlətlər qarışıq sıralanırsa, bu o deməkdir ki, istənilən ölkələrin bir-biri ilə müqayisəsi nəzəri xəta törətmir.

2016-ci il üzrə nəticələrə görə, adambaşına ÜDM-i 35 min Beynəlxalq dollardan artıq olan ölkələrin hamısında (Fransa və Belçika istisna olmaqla) dövlətin iqtisadiyyata müdaxiləsi bəlli bir həddən aşağıdır (İS(S)İ < 0,320). Bu nəticə belə də təfsir edilə bilər ki, dövlətin iqtisadiyyata nisbətən az müdaxilə etməsi iqtisadi inkişaf üçün daha əlverişli mühit yaradır.

Lakin, əlbəttə, nəzərə almaq lazımdır ki, bəzi ölkələr yüksək iqtisadi inkişaf səviyyəsinə dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrini aşağı səviyyədə saxlayıb iqtisadi artımı sürətləndirmək yolu ilə deyil, sadəcə olaraq, təbii resursların (neftin) ixracı sayəsində nail olmuşlar. Bu halda İS(S)İ-nin aşağı qiymətlərlə ifadə olunması iqtisadi inkişafın səbəbi kimi yox, nəticəsi kimi çıxış edir. Məsələn, Bəhreyndə, Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə, Qətərdə və bəzi digər müsəlman ölkələrində gəlir vergisi tətbiq edilmir (və ya “0” dərəcə ilə “tutulur”). Bunun dini səbəblərlə bağlılığı özünü ən bariz şəkildə Səudiyyə Ərəbistanında göstərir: orada vətəndaşlar gəlir vergisi ödəməsələr də, rəsmən zəkat verirlər. Sadalanan öl-kələr yüksək gəlirli ölkələr qrupuna daxildir və onların hamısında adambaşına ÜDM 35 min Beynəlxalq dollardan çoxdur. Amma onların iqtisadi zənginliyi daha liberal iqtisadi modelə sahib olmaları sayəsində yox, neft hesabına əldə olunmuşdur. Və bu zənginlik onlara imkan verir ki, həm vətəndaşlarının, həm də müəssisələrinin vergi yükünü aşağı səviyyədə saxlasınlar.

İnkişaf etmiş ölkələrdə İS(S)İ bəlli bir həddi, bir qayda olaraq, aşmasa da, araşdırılan 95 ölkənin İndeks qiymətləri üzrə sıralanması, əsas etibarilə, qarışıq xarakter daşıyır: istər “iqtisadi uğur” dövlətləri, istərsə də inkişaf etməkdə olan ölkələr nisbi mərkəzdən həm sağda, həm də solda yer almaqdadır. Yəni dövlət müdaxiləsinin hansısa bir həddən aşağı və ya yuxarı olması iqtisadi inkişaf üçün kafi şərt deyil. Sağ qütbdə qərarlaşmış Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri kimi, sol qütbün yaxınlığında yerləşən Fransa da, nisbi mərkəzə yaxın yerlərdə dayanan Malta və Niderland da istər iqtisadi inkişaf sahəsində, istərsə də ictimai rifahın yüksəldilməsi sahəsində uğur qazanmış ölkələrdir. Başqa sözlə, bir ölkəyə sağçılıq, digərinə solçuluq uğur gətirir.

Tədqiqata daxil edilmiş 95 ölkə üzrə İS(S)İ ilə son 5 ildə ÜDM-in kumulyativ artımının tutuşdurulması göstərir ki, İndeksin bütün ölkələr üçün optimal sayıla biləcək vahid bir qiyməti mövcud deyil. Aşağıdakı Diaqramdan göründüyü kimi, həm adambaşına ÜDM-i 35 min Beynəlxalq dollardan yüksək olan ölkələrdə (qırıq-qırıq loqarifmik əyri), həm də xüsusilə digərlərində (bütöv loqarifmik əyri) İS(S)İ ilə iqtisadi artım tempi arasındakı asılılıq zəifdir.

Nəzəri cəhətdən, iqtisadi inkişafın başqa şərtlərinin dəyişməzliyi halında, bu və ya digər ölkədə dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin səviyyəsi (və ya liberallıqla dirijistlik arasındakı nisbət) öz optimal qiymətinə yaxınlaşdıqda iqtisadi artım sürətlənməli, optimal qiymətdən uzaqlaşdıqda isə zəifləməlidir. Və ya əksinə: ölkədə iqtisadi artım tempi nə qədər yüksəkdirsə, İS(S)İ bu zaman kəsiyində həmin ölkə ücün optimal olan nöqtəsinə bir o qədər yaxındır.

Təxminən eyni iqtisadi inkişaf səviyyəsinə malik olan Macarıstanda (2016-cı ildə adambaşına ÜDM – 27,5 min Beyn. doll.), Polşada (a/b ÜDM – 27,8 min Beyn. doll.) və Portuqaliyada (a/b ÜDM – 28,9 min Beyn. doll.) İS(S)İ-nin qiymətləri də çox yaxındır (müvafiq olaraq – 0,307, 0,309 və 0,293), lakin bu ölkələrdə ÜDM-in 2012-2016-ci illərdəki kumulyativ artımı arasında əhəmiyyətli fərq vardır (müvafiq olaraq – 9,9%, 13,5% və -1,4%). Hesab etmək olar ki, İS(S)İ-nin bu qiyməti, ən böyük kumulyativ iqtisadi artıma nail olmuş Polşada onun üçün optimal olan qiymətə daha yaxındır.

Alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla hesablanmış adambaşına ÜDM göstəricilərinə görə, bir qrupda Avstraliya (48,9 min Beyn. doll.), Slovakiya (31,3 min Beyn. doll.) və Estoniya (29,3 min Beyn. doll.), digər qrupdasa Uruqvay (21,5 min Beyn. doll.), Meksika (18,9 min Beyn. doll.), İordaniya (12,3 min Beyn. doll.) və Ekvador (11,1 min Beyn. doll.) müxtəlif inkişaf səviyyələrinə nail olmuş ölkələrdir. Bu ölkələrdə İS(S)İ-nin aldığı qiymətlər də fərqlidir: müvafiq olaraq, 0,266, 0,325, 0,267, 0,290, 0,263, 0,318 və 0,364. Yəni bu ölkələrdə dövlətin iqtisadiyyata modelyaradıcı müdaxiləsinin səviyyəsi əhəmiyyətli dərəcədə fərqlənmişdir. Lakin bu 7 ölkə 2012-2016-cı illərdə ÜDM-in təqribən eyni kumulyativ artımına nail ol¬muşdur: müvafiq olaraq – 14,2%, 13,5%, 13,5%, 13,9%, 13,2%, 13,7% və 13,8%. Bu statistik sıraların tutuşdurulması belə də təfsir edilə bilər ki, həmin ölkələrdə İS(S)İ öz optimal qiymətindən eyni kənarlaşmada yerləşmişdir.

Bir ölkədə iqtisadi inkişaf dövlətin öz tənzimləmə tədbirlərini artırması və sərtləşdirməsi nəticəsində sürətlənirsa, digər ölkədə, əksinə, liberal islahatlar sayəsində güclənir. Bu və ya digər ölkədə (ölkələrdə) dövlətin iqtisadiyyata müdaxiləsinin hansı səviyyəsinin daha səmərəli olması haqqında mühakimə yürütmək üçün İndeksin həmin ölkə (ölkələr) üçün optimallıq “sahəsini” müəyyənləşdirmək tələb olunur. İqtisadiyyat institutu bu yöndə tədqiqatlarını davam etdirməkdədir.

= = =

Cədvəl 9-da 95 ölkənin İS(S)İ üzrə paylanması ilə həmin ölkələrdə 2012-2016-cı illərdə ÜDM-in kumulyativ artımı tutuşdurulmuşdur. Müqayisə, ölkələrin həm İS(S)İ intervalları, həm də kumulyativ artım intervalları üzrə qruplaşdırılması əsasında aparılmışdır.

İS(S)İ üzrə ən böyük sayda ölkənin yer aldığı intervallar 0,251 - 0,300 (33 ölkə) və 0,301 - 0,350 (26 ölkə) aralıqlarıdır. Ölkələrin təqribən üçdə ikisi məhz bu mərkəzi aralıqlarda yerləşir. 0,251 – 0,350 aralığında yer alan ölkələrdə 2012-2016-cı illərdə ÜDM-in orta kumulyativ artım tempi 15,4%, o cümlədən 0,251 - 0,300 intervalındakı ölkələrdə 15,2%, 0,301 - 0,350 intervalındakı ölkələrdə isə 15,7% olmuşdur. 

Cədvəl 9. Ölkələrin İS(S)İ intervalları və
ÜDM-in kumulyativ artımı intervalları üzrə paylanması 

Azərbaycan da İS(S)İ üzrə mərkəz qrupu ölkələrinə aiddir (0,301). Lakin 2012-2016-cı illərdə Azərbaycanda əldə edilmiş 8,2%-lik kumulyativ iqtisadi artım (2011-2015-ci illərdə – 12,4%) mərkəzi aralıqlar üçün orta göstəricilərdən aşağıdır. Bu müqayisələr bir daha təsdiqləyir ki, Azərbaycanda İS(S)İ öz optimal qiymətindən kənarlaşmışdır və yaxın illərdə ölkədə liberal iqtisadi islahatların sürətlə davam etdirilməsi başlıca vəzifədir.

= = =

İqtisadiyyatın solluğu (sağlığı) indeksi son 25 ildə dünya iqtisadiyyatında baş vermiş ən fundamental dəyişikliklərdən birini üzə çıxarır. “Sosializmdən çıx¬mış” yeni dövlətlər, bu müddət ərzində, bazar iqtisadiyyatının çoxdan oturuşduğu zəngin ölkələrə nisbətən daha sağçı iqtisadiyyat qurmuşlar. Cəmi 25 il bundan əvvəl ifrat solçu iqtisadiyyata malik olan Azərbaycan indi Fransaya, Belçikaya, Almaniyaya və bir çox başqa “köhnə” bazar iqtisadiyyatı ölkələrinə nisbətən daha liberal iqtisadiyyata sahibdir.

1990-cı illərin əvvəllərinə qədər ifrat solçu iqtisadiyyata malik olan ölkələrdə o vaxtdan bəri aparılmış iqtisadi islahatlar həm mahiyyətcə, həm də intensivliyə (sürətə) görə fərqlənmişdir. İS(S)İ bu islahatların nəticələrini müqayisəli şəkildə qiymətləndirməyə imkan verir. Hər üçü liberal iqtisadi islahatları dövlət siyasətinin əsas prioritetləri sırasına aid etsə də, Azərbaycan Serbiyaya nisbətən daha sağçı iqtisadiyyat qurmağa nail olmuş, amma dövlətin iqtisadiyyata müdaxiləsini Gürcüstana nisbətən daha yüksək səviyyədə saxlamışdır.