az   |   en   |    ru

FRİDRİX ENGELS

  • Oxunub 351 dəfə

 (1820, Barmen, Almaniya – 1895, London, Böyük Britaniya)

 Əsərləri: “Müqəddəs ailə” (1844), “İngiltərədə işçi sinfi” (1845), “Alman ideologiyası” (1845-1846), “Kommunist partiyasının manifesti” (1848), “Almaniyada kəndli müharibəsi” (1850), “Mühacirət ədəbiyyatı” (1874-75), “Antidürinq” (1878) “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” (1884), “Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu” (1886), “Fransa və Almaniyada kəndli problemi” (1894).

 Fridrix Engels dünyada müasir proletariatın ən yaxşı alim və müəllimi olmuşdur. Engels əsərlərində kapitalist cəmiyyətinin ziddiyyətli xarakterini göstərməyə çalışmışdır. Karl Marksla birgə beynəlxalq əmək hərəkatının inqilabi nəzəriyyə və təcrübəsinin birliyi haqda fikirlər söyləmiş, proletariatın elmi proqramı, taktika və strategiyasını işləyib hazırlamış, yeni cəmiyyətin yaradıcısı kimi onun dünyada tarixi rolunu, sosialist inqilabının baş verməsini və proletariatın diktaturasının qurulmasını özünəməxsus şəkildə əsaslandırmışdır.

 O, ilk olaraq göstərmişdir ki, işçi sinfi və onun tələbləri çağdaş iqtisadi qaydanın zəruri məhsuludur. Bu işçi sinfi burjuaziya ilə birlikdə istər-istəməz proletariatı yaradır və təşkil edir. Engels öz yazılarında izah etmişdir ki, sosializm xəyalpərəstlərin ixtirası deyil, müasir cəmiyyətdə məhsuldar qüvvələrin inkişafının son məqsədi və zəruri nəticəsidir. Bütün tarix indiyə qədər sinfi mübarizənin və müəyyən sosial sinfin başqaları üzərində qələbəsi tarixi olmuşdur. Bu, sinfi mübarizənin əsasları və sinfi dominantlıq - xüsusi mülkiyyət və anarxist ictimai istehsal yox olana qədər davam edəcək.

 O, cəmiyyətin inkişafı məsələlərini tədqiq edən iqtisadçı 3 əsas mərhələni qeyd etmişdir: vəhşilik (nitqin meydana gəldiyi ibtidai insan mərhələsindən primitiv əmək alətlərinin ixtirasına qədər); barbarlıq (heyvandalıq və bitkiçilik kimi ən aşağı ev təsərrüfatı formalarından dəmir alətlərin yaranmasına qədər) və mədəniyyət (onun əsas xüsusiyyəti sənayenin inkişafıdır).

 P.S. Varlı fabrikant və çoxuşaqlı ailədə dünyaya gələn Fridrix Engels XIX əsr alman filosofu, sahibkarı, ictimai-siyasi xadimi, marksizmin yaradıcılarından biri, Karl Marksın yaxın dostu, köməkçisi və bir çox əsərlərinin həmmüəllifi olmuşdur.

Müstəqil surətdə daim öz təhsilini artıran Engels poliqlot adlandırılırdı. Xüsusi fitri-istedadının hesabına iyirmiyə qədər xarici dil öyrənmişdir. Bu səbəbdən də kəkələyəndə dostları zarafatla “bizim Engels iyirmi dildə kəkələyir” deyərdilər.

O, öz zamanının ən böyük düşüncə adamı hesab etdiyi Marksın ailəsinə mütəmadi maddi yardım göstərmişdir. Engels ailə institutunun əleyhinə olmuşdur. İlk həyat yoldaşı, onun fabrikində işləyən irlandiyalı Merinin ölümündən sonra, o, baldızı Lidiya ilə evlənmişdir. Lidiyanın ölümündən bir gün əvvəl Engels öz prinsiplərindən keçərək onunla rəsmi nikah bağlamışdır.

Ölümündən əvvəl əmlakının böyük hissəsini dostu Karl Marksın qızlarına vəsiyyət etmiş və arzusuna uyğun olaraq öldükdən sonra cənazəsi yandırılmış, külü isə İngiltərənin İstborn şəhəri yaxınlığında dənizə batırılmışdı, bura Engelsin ən çox sevdiyi istirahət yeri idi və indi də onun külünün dənizə batırıldığı yerdə xatirə abidəsi ucalmaqdadır.

Ömrü boyu fəlsəfə ilə maraqlanan iqtisadçı “dialektik məntiq” termininin müəllifi hesab olunur.

Engels ifaçılığı, musiqini sevir, şeir, ədəbi-tənqidi məqalələr yazır, karikaturalar çəkir, üzgüçülük, at sürmə, qılıncoynatma kimi idman növləri ilə məşğul olmuşdur. Gənclik yaşlarından gümrahlıq, nikbinlik, yumora meyllik kimi xarakter xüsusiyyətləri özünü göstərimişdir. Onun maraq dairəsinə həmçinin tülkü ovu və Londonun solçu ziyalıları üçün müntəzəm bazar günü yığıncaqlarının keçirilməsi daxil idi. Bu yığıncaqları heç kəs gecə saat 2-3-dən tez tərk etmirdi. Engelsin şəxsi devizi “həyata asan yanaşmaq” olmuşdur.

Engels müntəzəm olaraq hərbi işin tarixi, nəzəri və texniki aspektləri ilə də məşğul olmuşdur. O, ikiüzlülüyə və diş həkimlərinə nifrət etmişdir.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

 Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva