az   |   en   |    ru

TOMAS ROBERT MALTUS

  • Oxunub 298 dəfə

(1766, Uestkot, Böyük Britaniya - 1834, Bat, Böyük Britaniya)

 Əsərləri: “Əhali qanunu haqqında təcrübə” (1798), “Torpaq rentasının təbiəti və onun artırılması haqqında tədqiqat” (1815), “Siyasi iqtisadın prinsipləri” (1820)

 XIX əsrin iqtisadi fikir tarixində mühüm yer tutmuş və iqtisad elminə özünəməxsus töhfəsi olan məşhur iqtisadçılardan biri Tomas Maltus olmuşdur. O elmdə demoqrafik problemləri və əhalinin sayının dəyişməsi qanunauyğunluqlarını öyrənən ilk alim olmuşdur. Onun əhali nəzəriyyəsi yarandığı vaxtdan kəskin mübahisələr obyekti olmuşdur. O göstərirdi ki, insan cəmiyyəti yarandığı vaxtdan əhali yaşayış vasitələrinə nisbətən daha sürətlə artma meylinə malikdir. Maltus israr edirdi ki, hər 25 ildə əhalinin 2 dəfə (yəni həndəsi silsilə ilə) artdığı zaman, insanların yaşayış vasitələri ədədi silsilə ilə artır. Əhalinin yaşayış vasitələrini üstələyən əhali qanunu da məhz çoxalmaq meylindən ibarətdir.

 Maltus əhalinin cəmiyyətin ərzaq resurslarından sərt asılılığını göstərir və bununla da sonradan yaşayış minimumu ilə müəyyən edilən əmək haqqı nəzəriyyəsini əsaslandırır. Yoxsulluğun səbəbi, onun fikrincə, əhali artımı ilə yaşayış vasitələri arasındakı nisbətdədir. Əmək haqqı yaşayış minimumu ilə müəyyən edilməlidir. Yaşayış minimumu adı altında fiziki mövcudluğu saxlamaq üçün vəsaitin minimum məbləği başa düşülür.

 İqtisadçı-demoqraf iddia edirdi ki, bəşəriyyətin bütün fəlakətlərinin səbəbi əhalinin çox olmasıdır; burada ictimai quruluşun heç bir təsiri yoxdur. Maltusa görə, əgər əməyə artan tələbə uyğun olaraq əmək haqqı da (yəni yaşayış minimumu da) artarsa, çoxalmağa meyllik əhalinin artmasına səbəb olacaq. Nəticədə, əməyə təklif artacaq və əmək haqqı əvvəlki səviyyəsinə qayıdacaq. Onun fikrincə, işçilərin kasıb, miskin yaşayış səviyyəsi sosial şərtlərlə deyil, təbii,
bioloji qanunlarla müəyyən edilir.

 Maltus “yoxsulluq haqda qanun” və əmək haqqı artımına qarşı çıxırdı. O, iddia edirdi ki, mövcudluq üçün lazım olan vəsaitin əhali artımına xas olan nisbətdə artırılması mümkün deyil, çünki əvvəla, ehtiyatlar məhduddur, ikincisi, əmək və kapitala əlavə investisiyalar daha az artımı təmin edəcək. Çünki əhali
artımı ilə əlaqədar aşağı keyfiyyətli torpaqlar emala cəlb ediləcək. Torpaq münbitliyinin azalması qanununa əsasən, Maltus deyirdi ki, nə kapital toplanması, nə də elmi-texniki tərəqqi təbii ehtiyatların məhdudiyyətlərini kompensasiya etmir.

 Maltusun xidmətlərindən biri də odur ki, o, istehsal olunmuş məhsulun reallaşdırılması problemlərini araşdırmışdır. O, işsizliyin ağırlığını yumşaltmaq üçün ictimai işlər proqramını təklif etmişdir. Onun yaradıcılığı və elmi araşdırmalarının nəticələri müasir iqtisadi nəzəriyyə üçün qiymətlidir və onun ayrılmaz tərkib hissəsi hesab edilir.

 P.S. Zəngin mülkədar ailəsində doğulan və yaxşı təhsil alan Maltus həyatı boyunca çox sadə tərzdə yaşamışdır. İngilis kilsəsində ruhani rütbəsi almış və evlənənə qədər kənd keşişi işləmişdir. Sonralar prinsip etibarı ilə həm hökumət tərəfindən ona təklif edilən yüksək dövlət vəzifələrindən, həm də ruhani karyerasından imtina etmiş, elmi fəaliyyəti həyatının əsas işi hesab etmişdir. Riyaziyyat, ritorika, latın və yunan dillərini mənimsəmişdir.

 Baxışlarında skeptik və pessimist olan Maltus iqtisadi fikir tarixinə bir fikir, bir qanunla, əhalinin artma qabiliyyəti – “Əhali qanunu” ilə daxil olan şəxs olmuşdur. Onun nəzəriyyəsinə əsasən, nəzarətsiz əhali artımı dünyada aclığa gətirib çıxarmalıdır. Maltusun fikrincə, əhali artımı yalnız müharibə, epidemiya, aclıq kimi fəlakətlərlə dayandırıla bilər. Demoqraf həmçinin əhali sayının könüllü məhdudlaşdıırlması yollarının (cinsi əlaqədən imtina, dul qalmaq, nigahsızlıq, nigaha gec daxil olma) da olduğunu qeyd edirdi. O, ilk olaraq cəmiyyətin sosial proqramların köməyi ilə təkmilləşdirilməsinin qeyri-mümkün olduğunu demişdir.

 Müasirlərinin dediyinə görə, Maltus mehriban, sakit və xoş xasiyyətli adam olmuşdur. Heç kim onu qəzəbli, çox şən və depressiyada görməmişdir. David Rikardo onun daimi dostu və opponenti idi. Maltusun fikirləri Çarlz Darvinin təkamül nəzəriyyəsi ilə bağlı düşüncələrinə güclü təsir göstərmişdir (economics.com.az).

 Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva