az   |   en   |    ru

RİÇARD KANTİLYON

  • Oxunub 275 dəfə

(1680, Belliheyq, İrlandiya - 1734, London, Böyük Britaniya)

Əsərləri: “Ümumiyyətlə ticarətin təbiəti haqqında təcrübə” (1730)

İqtisadi fikir tarixində unikal və gözəl iz buraxmış görkəmli alimlərdən biri ingilis iqtisadçısı, bankir və demoqraf Riçard Kantilyon olmuşdur. Onun 1755-ci ildə Londonda fransız dilində nəşr edilmiş “Ümumiyyətlə ticarətin təbiəti haqqında təcrübə” adlı yeganə əsəri iqtisad elminin, xüsusilə də klassik məktəb və fiziokratların təliminin inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Kantilyon əsərində iddia edirdi ki, kağız və ya metal olmasından asılı olmayaraq pul millətin sərvətinin real ölçüsü deyildir. Onun fikrincə, sərvətin yeganə mənbəyi torpaqdır, çünki torpaq yaşayış vasitələri ehtiyatına malikdir, insan əməyi torpaqdan sərvət yaradır. Torpaq üç növ gəlir gətirir. İlk öncə fermerin xərclərini ödəyir, sonra həqiqi sahibinə fayda gətirir, sonda mülkiyyətçi mənfəət əldə edir. Bununla da, o, fiziokrat ideyalarını irəli sürürdü. Kantilyon iddia edirdi ki, bütün əhali, zümrələr, təbəqələr torpaq mülkiyyətçiləri hesabına varlanırlar. O, cəmiyyəti əkinçilər (kənd sahibləri, icarədarlar), sənətkarlar və tacirlərdən ibarət üç sinfə də bölmüşdü.

Kantilyonun merkantilist baxışları ticarət balansı naminə sənaye məhsullarının ixracının, lazım olan xammalın isə idxalının gücləndirilməsi tərəfdarı olmasında özünü büruzə verir.

Kantilyonun ən böyük xidmətlərindən biri ilk dəfə olaraq sahibkarlığın mahiyyətini gəlir əldə etməyə yönəlmiş iqtisadi fəaliyyət kimi nəzərdən keçirməsi, “iqtisadiyyatın əsas mühərriki” hesab etdiyi sahibkarın iqtisadi rolunu tədqiq etməsi olmuşdur. O, sahibkarı müəyyən məbləğdə sabit əmək haqqı alan işçi və dövlət qulluqçusundan fərqli olaraq, qeyri-müəyyən miqdarda gəlir əldə etmək üçün öz qorxu və riski ilə hərəkət edən, itkilərə hazır olan, uzaqgörən və gələcəyə istiqamətlənən təsərrüfat subyekti kimi səciyyələndirmişdir. Sahibkar mənfəət götürmək məqsədilə digərlərindən məhsulu müəyyən qiymətə alaraq bazarda baha satmağa çalışır. Sahibkar istehsal və mübadilə proseslərini həyata keçirir. Kantilyon sənətkar, kəndli və tacirlərlə yanaşı, bu kateqoriyaya quldur və dilənçiləri də daxil edirdi. Onun fikrincə, sahibkarlıq xüsusi növ iqtisadi funksiya olub, müxtəlif növ əmtəələr bazarında tələblə təklif arasında uyğunluq yaratmağa xidmət edir. Kantilyona görə, istehsal olunmuş məhsulun bazar qiyməti əvvəlcədən məlum olmadığından sahibkarı daim kommersiya riski müşayiət edir.

Kantilyon ilk dəfə “real və ya həqiqi dəyər” terminini istifadə etmiş və real dəyərlə bazar dəyərinin əlaqəsini göstərmişdir. Kantilyon pulu malların bir növü hesab edir və bununla qızılın ölkələr arasındakı hərəkətinin fəaliyyət mexanizmini belə izah edirdi: qızıl və əmtəələr onların ucuz olduğu bir ölkədən bahalı olduğu başqa ölkəyə doğru hərəkət edirlər. O, pulun miqdarı nəzəriyyəsini izah etməklə onun yaradıcılarından biri olmuş və qeyd etmişdir ki, yerli bazarlarda qiymətlərin dəyişməsi pulun və nəticədə, müxtəlif regionlar və ölkələr arasında gəlirlərin qeyri-bərabər paylanmasının nəticəsidir.

İqtisadçının ən böyük nailiyyətlərindən biri tarixdə ilk dəfə olaraq məhsuldar kapitalın və məcmu məhsulun dövriyyəsini göstərməklə ictimai istehsalın artırılması sxemini qurması idi. Bununla Kantilyon ictimai istehsalın artırılması nəzəriyyəsini yaratmışdır. Kantilyonun fikrincə, əmtəənin həqiqi və ya daxili dəyərliliyi onun istehsalına sərf olunan əmək və torpağın miqdarına uyğun olur.

Onun işlərində mübadilə, kredit, bazar qiymətləri, faiz, faiz dərəcələrinin artıb-azalması, xarici ticarət, bank fəaliyyəti və s. kimi məsələlərə baxılıb. Kantilyon tərəfindən hazırlanmış müddəalar, xüsusilə də, mənfəət və sahibkarlıq gəlirinin fərqi, valyuta devalvasiyasının ticarətə təsirinin təhlili, dövriyyədə olan pulun miqdarı və əmtəələrin çəkisi arasında olan asılılıq və s. sonralar klassik və neoklassik iqtisadi nəzəriyyələr tərəfindən qəbul və inkişaf etdirilmişdir.

Kantilyonun iqtisadi fikrin sonrakı inkişafına təsir göstərən iqtisadi düşüncə və ideyalarının zənginliyi və müxtəlifliyi onu XVIII əsrin iqtisadi nəzəriyyə sahəsində görkəmli və orijinal mütəfəkkirləri sırasına qoymuşdur.

P.S. Böyük Britaniyanın paytaxtında tacir, daha sonra Fransada London və Paris arasında pul köçürmələri üzrə uğurlu bank işçisi kimi çalışan Kantilyon dayısının ölümündən sonra bankın sahibinə çevrilmişdir. Səyyah kimi Vest Hind, Uzaq Şərq, Braziliya və digər ölkələri gəzmişdir.
Kantilyon adam öldürməyə cəhddə ittiham olunub və iki dəfə qısa müddətə həbs edilib. O, Londonda öz evində, vəzifəsindən azad olunduğu üçün acıqlı olan qulluqçusu tərəfindən törədildiyi güman edilən yanğın zamanı vəfat etmişdir.

Kantilyon “müasir iqtisadiyyatın atası” adlandırılmışdır. Onun “siyasi iqtisadın beşiyi” adlandırılan və iqtisadi nəzəriyyə tarixində ilk tam traktat hesab edilən yeganə əsəri əlyazma şəklində geniş yayılsa da, 1755-ci ilə qədər nəşr olunmayıb.

Kantilyon, Adam Smitin “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” adlı məşhur əsərində misal gətirdiyi azsaylı iqtisadçılardandır.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva