az   |   en   |    ru

PYER JOZEF PRUDON

  • Oxunub 96 dəfə

 (1809, Bezanson, Fransa - 1865, Paris, Fransa)

  Əsərləri: “Mülkiyyət nədir?” (1840), “İqtisadi ziddiyyətlər sistemi və ya yoxsulluq fəlsəfəsi” (1846), “İnqilabçının etirafı" (1849), “Vergi nəzəriyyəsi” (1861), “İşçi sinfinin siyasi gücü haqqında” (1865)

 Prudon iri burjuaziyaya və dövlət zülmünə qarşı etiraz edən xırda burjuaziyanın nümayəndəsi olmuşdur. İqtisadi və fəlsəfi - sosioloji xarakterli əsərlərində kapitalizmi dinc yolla yaxşılığa doğru dəyişdirməyə səy göstərmişdir. O, mülkiyyəti ədalətə zidd olduğu üçün oğurluq adlandırmaqla onun əleyhinə çıxır və hesab edirdi ki, mülkiyyət məhvə məhkumdur, çünki təbiətə və şüura ziddir. Prudon onun mövcudluğunu zorakılıq və yalanla bağlayır və buna görə də mülkiyyəti məhv edib, mülkü saxlamağı təklif edirdi ki, yalnız bu zaman yer üzündə pislik yox olacaqdır. O, mülkiyyəti faizin və mənfəətin yox edilməsi ilə aradan qaldırmağı təklif edirdi. Bu layihəni həyata keçirməyi hökumətin üzərinə qoyurdu.

 İqtisadçı belə hesab edirdi ki, əmək bölgüsünün, mülkiyyətin, dəyərin, rəqabətin və s. mənfi tərəflərini aradan qaldırmaqla kapitalist əmtəə təsərrüfatını yaxşılaşdırmaq olar. Belə ki, əmək bölgüsündə yoxsulluğun, işsizliyin artımına aparan pis tərəfi aradan qaldırmaq, sərvətin artmasına kömək edən yaxşını isə saxlamaq; xüsusi mülkiyyətdə bərabərsizliyə aparan tərəfi aradan qaldırıb, azadlıq və müstəqilliyi təmin edən yaxşı tərəfi saxlamaq lazımdır. Prudona görə, müsbət tərəflər kiçik mülkiyyətə, mənfi cəhət isə iri mülkiyyətə xas olduğundan, birincini saxlamaq və ikincini ləğv etmək lazımdır. O, torpağa sahib olmaq və ondan istifadə etməkdə bərabərlik yaratmaq qabiliyyətini rentanın müsbət tərəfi, torpağın məhsuldarlığının fərqli olması səbəbindən torpaq sahibinin gəliri mənimsəməsini mənfi hesab edirdi. İqtisadçı düşünürdü ki, əmək hamı üçün azad olmalıdır; yəni, hər kəs cəmiyyət üçün eyni çalışmalı və sənayenin bütün mərhələlərini keçməlidir: şagird, işçi və sahibkar olmalıdır.

Prudonun mülahizələrində dəyərin şərhi daha orijinaldır. O, etiraf edirdi ki, sərvətin bütün elementlərini yalnız əmək yaradır, lakin eyni zamanda o, mübadilənin də mühüm rolunu göstərirdi. Bu onun “mübadilə dəyəri”nin təhlilindən və “müəyyən edən dəyər” adlandırılan dəyərdən xüsusilə görünür. Prudon hesab edirdi ki, mübadilə dəyərinin yaranması mübadiləni doğuran bir insan tələbatlarının müxtəlifliyi ilə bağlıdır. O, mübadilə dəyərini az tapılanla; istehlak dəyərini bolluqla eyniləşdirirdi. Belə ki, az tapılan və bolluq anlayışları bir-birinə əks münasibətdədir, o, bunu iqtisadi kateqoriyalara da aid edirdi. Mübadilə və istehlak dəyərləri arasındakı ziddiyyətlərin həlli vasitəsi kimi Prudon “müəyyən edən dəyəri” bilavasitə iş saatlarında ifadə olunmuş proporsional dəyər adlandırmışdır.

Prudon yoxsulluğun səbəbini ziddiyyətlərlə dolu olan iqtisadi sistemin natamamlığında görürdü. Bütün bu ziddiyyətlərin aradan qaldırılmasına isə o,
natural mübadilə vasitəsilə nail olmağa çalışırdı. Onun fikrincə, qarşılıqlı faydalılıq tələb edir ki, sahibkar işçisinə işçisinin ona verdiyi qədər ödəsin; ədalət tələb edir ki, dəyər həmişə bərabər dəyərə mübadilə edilsin.

Prudon əmək-dəyər qanununu pozan və iri burjuaziyaya işçiləri və xırda burjuaziyanı qarət  etməyə imkan verən haqsız və ədalətsiz qeyri-bərabər mübadilə sisteminin əleyhinə çıxırdı. O, mübadilənin rolunu ictimai sərvət elementlərinin məlum proporsiyada vahid bütövə birləşməsində, onların “müəyyən edən dəyərə” çevrilməsində və maddi nemətlərin bir hissəsinin uzaqlaşdırılmasında görürdü. Bu mənada həcmlə yol verilə bilən “müəyyən edən dəyər” proporsional dəyər kimi çıxış edir. İqtisadçı hesab edirdi ki, bütün məhsullar müvafiq “müəyyən edən dəyərlə” satılarsa, onda tələblə təklifin uyğunluğu təmin olunacaq və hər kəs öz alıcısını tapacaqdır.

Prudon “müəyyən edən dəyər” nəzəriyyəsi ilə göstərmək istəmişdir ki, heç də hər bir dəyər bazarda reallaşdırılmır, əsl dəyər olmur və bazarda tutulmur. O, belə nəticəyə gəlirdi ki, lazımsız mallar istehsal etməmək və dəyəri qabaqcadan müəyyən etməyə səy etmək lazımdır ki, məhsul hökmən realizə olunsun, çünki onların dövriyyəyə düşəcəyi və istehlak sferasına keçəcəyi qabaqcadan məlum olmur. Bütün məhsulların öz alıcılarını tapması üçün yığımın qarşısını almaq məqsədilə pulu ləğv etmək lazımdır. Belə halda böhranların qarşısını almaq mümkündür.

Prudon hesab edirdi ki, kapitalistlər xərclərə faiz artırırlar, bunun nəticəsində fəhlələr öz şəxsi məhsullarını buraxa bilmirlər. O, faizi istismar gəlirinin əsas forması hesab edərək, onun əleyhinə çıxış etmişdir. Prudon kapitalizmi tənqid edərkən, iki sinfin (proletariat və burjuaziya) birləşməsi haqqında ideya irəli sürmüşdür. Onun arzusu xırda xüsusi mülkiyyətin əbədiləşdirilməsi idi.

 P.S. Siyasətçi, jurnalist, filosof, sosioloq və iqtisadçı olmuş Prudon kasıb ailədə dünyaya gəlmiş, uşaqkən kənd təsərrüfatı işlərində çalışmalı olmuşdur. Məktəbdə təhsil alması üçün kitabları (və hətta ayaqqabı) təmin edə bilməməsi onun üçün böyük çətinliklər yaratmış və tez-tez zəngin sinif yoldaşları tərəfindən nifrət obyektinə çevrilmişdir. Buna baxmayaraq, Prudon öyrənmək üçün güclü iradə göstərmiş, vaxtının çox hissəsini məktəb kitabxanasında kitab oxumaq və müxtəlif fənlərin araşdırılmasına sərf etmişdir.

O, Fransa parlamentinin üzvü olmuşdur. Özünü anarxist adlandıran ilk şəxs  və anarxizmin ən nüfuzlu ideoloqlarından biri hesab olunur. Anarxiyanı qayda hesab edən Prudon onun əsas sosial ideyalarını hazırlamış və kütlələr arasında yaymışdır. O, vurğulayırdı ki, yalnız şəxslərin geniş və tam azadlığı və onların öz maraqlarını bilməsi nəticəsində həqiqi qayda və real birlik olan əsl anarxiya ola bilər. Hökumətdən tam imtina etmək ideyasına görə Prudona “anarxiyanın atası” titulu verilmişdi. Prudon həmçinin reformizmin banisi hesab edilir. Parisdə sürgündə olan Karl Marksla Prudonun dostluq əlaqələri Marksın onun “Yoxsulluğun fəlsəfəsi”ni istehza ilə “Fəlsəfənin yoxsulluğu” adlandırması ilə başa çatmışdır. Prudon prezident Lui-Napoleon Bonapartı təhqir etdiyinə görə həbs edilmiş və 1849-1852-ci illərdə məhkumluq həyatı yaşamışdır.

Onun nəzəri irsi ziddiyyətlidir və iqtisadi nəzəriyyəsinin təhlili çətindir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva