az   |   en   |    ru

JAN ŞARL LEONAR SİMOND DE SİSMONDİ

  • Oxunub 81 dəfə

(1773, Cenevrə, İsveçrə - 1842, Cenevrə, İsveçrə)

  Əsərləri: “Toskananın kənd təsərrüfatının tənqidi” (1801), “Kommersiya sərvəti haqqında...” (1803), “İtalyan respublikalarının tarixi” (1807), “Siyasi iqtisadın yeni əsasları və ya əhalinin sərvəti haqqında” (1819), “Siyasi iqtisad üzrə etüdlər” (1837).

 Sismondi iqtisad elmi tarixində kapitalizmin iqtisadi sisteminin ilk ağıllı və dərin tənqidçisi, klassik siyasi iqtisadın bir çox ideyalarının əleyhinə olmuşdur. Sismondi nəzəriyyəsinin mərkəzində bazarlar problemi, iqtisadi böhranlar, cəmiyyətin sinfi strukturu ilə bağlı məsələlər durur. Onun fikrincə, iri sənaye bəşəriyyət üçün fəlakətdir, iki sinifli “xalis” kapitalizm cəmiyyəti qəddar böhranlara məhkumdur, o, qurtuluşu “üçüncü şəxslər”də - ara siniflərində (kəndlilər, kustarlar, sənətkarlar) görürdü.

Sismondi əməyin sərvətin yeganə mənbəyi olduğunu elan edərək, əmtəənin dəyərini əməklə müəyyən edirdi. Kapitalı istehsal ehtiyatı kimi, sərvətin mənfəət gətirən hissəsi kimi müəyyənləşdirirdi. Gəlirin üç növünün: renta, mənfəət və əmək haqqının olduğunu qəbul etmiş, bunların məcmusunu isə milli gəlir adlandırmışdır. Sismondi mənfəətin, kapitalın özünün məhsuldarlığının nəticəsi olduğu fikrini irəli sürür. Mənfəəti “artıq dəyər” adlandıraraq onun fəhlə tərəfindən yaradıldığını, kapitalist tərəfindən isə mənimsənildiyini qeyd etmişdir. Renta haqqında təlimində Sismondi rentanın torpağın sovqatı olduğunu göstərmişdir. Aşağı əmək haqqını kapitalist münasibətləri ilə əlaqələndirən Sismondi zənn edirdi ki, əmək haqqı fəhlə əməyinin məhsulunun bütün dəyərinə bərabər olmalıdır. İqtisadçı hesab edirdi ki, yalnız fəhlələr öz gəlirindən (əmək haqqından) əlavə gəlir: torpaq mülkiyyətçiləri üçün renta və kapitalistlər üçün mənfəət yaradır.

Pula daxili dəyərə malik olan əmək məhsulu kimi baxmış, onun ümumi dəyər ölçüsü kimi çıxış etdiyini qeyd etmişdir. İnflyasiyanı tədavül kanallarının əlavə kağız pullarla həddindən artıq doldurulmasının nəticəsi kimi izah etmişdir. O, əhalinin böyük əksəriyyətinin payına cüzi bir hissə düşdüyünə görə milli sərvəti mahiyyət etibarilə sərvət hesab etmirdi. Sərvətin mənbəyini əməkdə, maddi istehsalda görürdü. İstehsalı ictimai həyatın həlledici sferası sayırdı. Bütün istehlakı isə şəxsi istehlak kimi şərh edirdi. Sismondi adi əmtəə istehsalçıları və kapitalist cəmiyyətləri arasındakı fərqi yalnız kəmiyyət fərqində görürdü. O, istehlakı kapitalist istehsalının məqsədi hesab edirdi.

Əmək haqqının minimum səviyyədə olması səbəbini iqtisadçı əməyin maşınlarla əvəz olunması, artan işsizlikdə görürdü ki, məhz bu səbəblər işçiləri aşağı əmək haqqı ilə işləməyə məcbur edir. Bundan başqa, xüsusi kapitalist münasibətlərinin nəticəsi kimi kapitalistlərin daha çox mənfəət qazanması məqsədilə işçiləri sıxması da buna misaldır. İşçilərin gəlirinin azalması onların alıcılıq qabiliyyətinin aşağı düşməsinə və nəticədə məcmu tələbin azalmasına gətirib çıxarır. İqtisadiyyatın daha çox mal istehsal etmək qabiliyyəti əsas məhsuldar siniflər tərəfindən qeyri-kafi tələb ilə qarşılaşır. Nəticədə istehsal və istehlakın uyğunsuzluğu yaranır, istehlakın kifayət qədər olmaması ilə böhranlar yaranır. O, istehsalın gəlirlə müəyyən olunması fikrini irəli sürürdü. Belə olduqda, milli gəlir və illik istehsal qarşılıqlı surətdə tarazlaşar və bərabər kəmiyyət formalaşır. Bu deyilənlər Sismondinin böhranlar nəzəriyyəsinin məğzini təşkil edir.

Xarici bazarların olmayacağı təqdirdə kapitalizmin iflasının mümkünlüyünü bildirən Sismondi kapitalizm yoluna qədəm qoymuş ölkələrin hökumətlərinə kapitalist inkişafını dayandırmaq xahişi ilə müraciət edirdi. Onun fikrincə, ümumi rifahı və bolluğu yalnız hökumət təmin edə bilər. O, zəhmətkeşlərin mənafeyini müdafiə edən yeni bir sistemin qurulmasının tərəfdarı idi. Təbii azadlıq sisteminin xaosa sürükləndiyini əsas gətirərək vətəndaşların qorunması üçün sosial islahatların aparılmasını zəruri sayırdı. Sismondi işçinin xəstələndiyi, qocaldığı və qəza halında ödənilməsi üçün sosial təminatın yaradılmasını, iş saatlarını nizamlayan, uşaqların işləməsini qadağan edən qanunların çıxarılmasının tərəfdarı idi.

P.S. İmkanlı ailədən olan isveçrəli iqtisadçı və tarixçi Sismondi əvvəlcə  Smitçi olmuş, Adam Smitin ideyalarını vicdanla təbliğ etmiş, rəqabət azadlığı və şəxsi mənafelərin azad oyunu uğrunda çıxış etmişdir. Lakin sonralar azad rəqabəti bütün bəlaların kökü hesab etmiş, dövlət müdaxiləsinin tərəfdarı olmuşdur. Bu fikrinə görə, o, bazar iqtisadiyyatının dövlət tənzimlənməsi nəzəriyyəsinin banisi Con Meynard Keynsin sələfi hesab edilir. Sismondi iqtisad elminin heç bir cərəyanına və məktəbinə daxil olmamışdır.

Həyatı boyunca İsveçrə, Fransa, Böyük Britaniya, İtaliyada yaşamışdır. Fransada yaşadığı müddətdə Napoleon Bonapartı dəstəkləmiş və hətta bir dəfə onunla görüşmüşdür. Doğum yeri və hissləri baxımından cenevrəli, zəka təbiəti və əsərlərinin istiqaməti baxımından isə fransız hesab edilən, bir çox əsərlərin müəllifi olan Sismondi uzun illər gün ərzində heç vaxt səkkiz saatdan az işləməmişdir. O, latın, alman, ingilis, ispan, portuqal dillərini səlis bilmişdir. Sismondi avropalı və kosmopolit olmuşdur. Müasirlərindən birinin dediyinə görə, Sismondi gənc yaşlarında fərsizlik və bacarıqsızlığı ilə fərqlənirdi. Çox incə təbiətli və mehriban olan Sismondini həqiqi dost, nümunəvi ər, qayğıkeş oğul və qardaş kimi xarakterizə edirdilər.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva