az   |   en   |    ru

KLOD FREDERİK BASTİA

  • Oxunub 153 dəfə

 (1801, Bayonna, Fransa – 1850, Roma, İtaliya)

 Əsərləri: “Kobden və Liqa” (1845), “Hüquq”, “İqtisadi harmoniya” (1850)

 Məşhur  fransız iqtisadçısı Frederik Bastia proteksionizmin qızğın əleyhdarı və fritrederçiliyin coşğun tərəfdarı kimi tanınmışdır. Onun təliminin əsasında şəxsi maraq və azad mübadilə ideyaları dururdu. O, mübadiləni və heç nəylə məhdudlaşdırılmayan rəqabəti maraqların tam harmoniyasının mənbəyi hesab edirdi. Bastia şəxsi xidmətlərə üstünlük verirdi. “Xidmət” dedikdə, yalnız istehsal prosesindəki real əmək sərfini deyil, həm də kimsə tərəfindən qoyulan hər hansı qüvvəni və ya bu xidmətdən istifadə edənin azad olmasını başa düşürdü, yəni dəyər istehsalına “xidmətləri” həm fəhlələr, həm də kapitalist və torpaq sahibləri göstərirlər.

 Bastia həm də iqtisadi təlimlər tarixində iqtisadi nəzəriyyələrin ahəngdarlığı konsepsiyasının görkəmli nümayəndələrindən biri kimi tanınırdı. O, iqtisadi harmoniya kateqoriyasını həm istehsala, həm də bölgü münasibətlərinə tətbiq edirdi. Bununla qət edirdi ki, məhsul yaradılan zaman kapitalistin payı aşağı düşür, fəhlənin payı isə artır. Bastia əmək və kapital arasında harmoniyanı əsaslandıraraq qeyd edirdi ki, kapitalın artması ilə fəhlələrin payı nəinki mütləq, həm də nisbi, kapitalistlərin payı isə yalnız mütləq artır. Torpaq rentası isə torpağa qoyulmuş kapitalın faizinin müxtəlifliyinə gətirilir və bununla da əmək və kapitalın harmoniyası və torpaq mülkiyyətçilərinin də sosial harmoniyası ilə tamamlanır. Onun fikrincə, dövlət insanlar arasında olan münasibətlərə qarışdığı zaman harmoniya pozula bilər.

 İqtisadçı yazırdı ki, sosial ziddiyyətlər yoxdur və müasir cəmiyyət (onun yaşadığı əsr) ən gözəl təkmilləşdirilmiş, möhkəm, ümumdünyəvi və ədalətli assosiasiyadır. O, dəyərin obyektiv məzmununu (dəyərin əmtəə istehsalı prosesində yaradılması fikrini) inkar edirdi. Bastia dəyəri dəyərlilik kateqoriyası kimi izah edir və iddia edirdi ki, dəyərlilik mübadiləyə daxil olan iki xidmət arasındakı münasibətdir. 

 Bastia sübut etməyə çalışırdı ki, istehsal dəyər yaratmaq xidməti göstərsə də bu prosesdən kapitalistlər, fəhlələr və əkinçilər kənara çıxmırlar. Çünki fəhlələr, kapitalistlər və əkinçilər istehsal dairəsində bir-birlərinə xidmətlər göstərirlər. Onun fikrincə, kapitalistin gəliri olan mənfəət kapitalın istehlakının bir hissəsi olub kapitalistə mükafat kimi verilir, yəni kapitalın istehlak olunmayan hissəsi ona pay şəklində çatır. Torpaq rentasını isə o, kapitala olan faiz hesab edirdi.

 Bastia iddia edirdi ki, torpağa qoyulan kapital əkinçilərin və onların əcdadlarının göstərdiyi xidmətlərə renta gətirir. Çünki əkinçilər alicənab hərəkət edərək torpağı becərirlər, ona qayğı göstərirlər, nəticədə də renta alırlar.

 Bastia vergini qanun çərçivəsində qarət hesab edirdi. Rəqabətə isə təzyiqin olmaması prosesi kimi baxırdı. Onun fikrincə, mübadilə nəticəsində hər kəsin sərvəti hamıya fayda gətirir. Bastia iqtisadiyyata istehlakçı nöqtəyi-nəzərindən baxır və hesab edirdi ki, iqtisadiyyatda hadisələr istehlakçı mövqeyindən qiymətləndirilməlidir. O, rəqabətin məhdudlaşdırılması əleyhinə çıxış edirdi, sahibkarlıq fəaliyyətinə tam azadlıq verilməsinin tərəfdarı idi. Onun bu ideyaları o demək idi ki, kapitalizmin inkişafına heç nə maneəçilik etməməlidir.

 P.S. Varlı tacir ailəsində doğulan, ailənin yeganə oğul övladı olan və yaxşı təhsil alan fransız klassik liberal nəzəriyyəçisi, publisist, siyasi iqtisadçı Frederik Bastia öz əsərlərini 1848-1849-cu illər inqilabı ərəfəsi və inqilab zamanı yazmışdır. Adam Smitin əsərləri və Jan Batist Seyin “Traktat”ı ilə tanışlıq onun iqtisadiyyata marağını artırmışdır. Onun iqtisadçı kimi ictimai karyerası cəmi 6 il davam etmişdir. İntellektual maraq dairəsinin müxtəlifliyi ilə seçilən Bastia həmçinin latın, ispan, italyan və ingilis dilləri, fəlsəfə, coğrafiya, tarix, fizika, kimya, botanika, cəbr, mexanika, musiqi, siyasət, səyahət, poeziya, din ilə də maraqlanmışdır. İnqilabdan sonra Fransanın siyasi həyatında fəal iştirak etmişdir. O, barışıq hakimi seçilmiş, milli yığıncağın deputatı olmuşdur. Həmin vaxtlar məşhur olan Karl Marksla mövqeləri ziddiyyət təşkil etmişdir.

Deyilənə görə, Bastia ölümündən qısa müddət əvvəl Nis şəhərində qəzetlərin birində özü haqqında səhvən çap olunmuş nekroloqu oxuyub.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva