az   |   en   |    ru

CON STÜART MİLL

  • Oxunub 112 dəfə

 (1806, London, Böyük Britaniya  - 1873, Avinon, Fransa )

  Əsərləri:“Siyasi iqtisad haqqında təcrübələr” (1829),“Məntiq sistemi” (1843),“Siyasi iqtisadın bəzi həll olunmamış problemlərinə dair oçerklər” (1844),  “Siyasi iqtisadın əsasları və onların sosial fəlsəfəyə tətbiqinin bəzi aspektləri” (1848),“Azadlıq haqqında” (1859),“Siyasi iqtisadın əsasları” (1890)

 Con Stüart Mill XIX əsrdə ingilis klassik iqtisad elminin görkəmli iqtisadçılarından olmuşdur. Mill öz dövrü üçün nisbətən qabaqcıl alim və ictimai xadim kimi çıxış etmişdir. O, əhalinin geniş təbəqələrinin islahatlarını fəal dəstəkləmiş, kişilərin və qadınların hüquq bərabərliyini müdafiə etmiş, mötəbər demokratiyanın genişləndirilməsi uğrunda fikirlərini bildirmiş, fəhlələrin mühüm hissəsinə ilk dəfə seçki hüququ verən qanunun qəbul edilməsində fəal rol oynamışdır.

 Mill öz tədqiqatının predmetini bölgü və istehsala bölmüş, bölgü və istehsal qanunlarını bir-birinə qarşı qoymuş və istehsalı ön plana çıxarmışdır. Onun fikrincə, istehsal qanunları texniki şərtlərlə müəyyən olunur, onlar dəyişməzdir. Bölgü qanunları isə mövcud cəmiyyətin qanun və adətlərini ifadə edir və insan münasibətlərinin nəticəsidir, onlar müxtəlif dövrlərdə və ölkələrdə müxtəlifdir. Müxtəlif dövrlərdə bölgü qanunlarının dəyişməsi mülkiyyət formasının inkişafı ilə əlaqədardır. Bölgü qiymət prosesləri ilə qarşılıqlı əlaqədə deyil.

 Dəyərə nisbi anlayış kimi yanaşan Millə görə, dəyər əsasən nemətlərin istehsalı üçün tələb olunan əməyin miqdarından asılıdır. O, hesab edirdi ki, məhsulun dəyəri istehsal xərcləri ilə müəyyən edilir və istehsal xərclərinin tərkibinə mənfəəti də daxil edirdi. Mənfəətin əməyə məsrəfdən asılı olduğunu qeyd edirdi. Mübadilə dəyəri və malların qiyməti tələb və təklifin tarazlı olduğu nöqtədə müəyyən edilir. Onun təlimində əmtəənin dəyəri, yaxud qiyməti onun nisbi qiyməti dəyişməz götürülən digər nemətlərə görə alıcılıq qabiliyətidir.

 İqtisadçı sərvətə maddi və insan kapitalının məcmusu kimi, kapitala qənaətin nəticəsi kimi, inflyasiyaya isə faiz normasının yüksəlməsi prosesi kimi baxırdı. Onun şərhində pul - dəyəri istehsal xərcləri ilə müəyyən edilən əmtəədir. Rentanı torpağın istifadəsinə görə ödənilən kompensasiya kimi izah edirdi.

 Mill kreditlə bağlı məsələlərə böyük diqqət yetirmiş və ingilis bankına açıq bazarda əməliyyatları genişləndirməyi, uçot stavkalarının tənzimlənməsi üzrə fəal siyasət yeritməyi tövsiyə etmişdir.

 İqtisadçı inanırdı ki, kapitalizmdə böhransız istehsal mümkündür: əhali artımı kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına, icarənin yüksəlməsinə və mənfəətin azalmasına gətirib çıxaracaq. Sonuncu da iqtisadi durğunluğa səbəb olacaq. Bunun qarşısını almaq üçün texniki tərəqqi və digər ölkələrə kapital ixracı lazımdır. Texniki tərəqqiyə mühüm əhəmiyyət verən Mill iqtisadi tərəqqinin məğzini texniki tərəqqi ilə kənd təsərrüfatının gəlirliyinin azalması arasında ziddiyyətdə görürdü.

 Mill infrastrukturun yaradılmasında, elmin inkişafında dövlətin iqtisadi rolunu təhlil edir, sosial təminatın dövlət sisteminə verilməsinə və eləcə də zəhmətkeşlərin təhsil və mənəvi səviyyəsinin yüksəldilməsinə böyük əhəmiyyət verirdi. Mill vergi məsələsinə də diqqət yetirmiş və vergi ödəmələrində bərabərçiliyə tərəfdar olmuşdur. O, proteksionizmi qəbul etməmiş və azad ticarətin tərəfdarı olmuşdur. O, Qərb liberal demokratiyasının inkişafına əhəmiyyətli töhfələr  vermişdir.

 P.S. Con Stüart Mill pozitivist filosof, sosioloq, ictimai xadim və iqtisadçı olmuşdur.Erkən yaşlarından intellekti ilə seçilən Mill 3 yaşından klassik yunan dilini öyrənməyə başlamış, altı yaşında artıq müstəqil tarixi əsərlərin müəllifi olmuş, səkkiz yaşına Ezopun təmsillərini, Ksenofontu, Herodotu, Platonun altı dialoqunu oxumuş, latın dilini mənimsəməyə başlamışdır. 12 yaşında ali riyaziyyat, fizika, kimya, zoologiya, astranomiya, məntiq və siyasi iqtisadı öyrənməyə başlamış, Aristotelin məntiqi traktatını orijinal dildə oxumuşdur. 14 yaşında onun təhsili başa çatmış hesab olunurdu. 20 yaşında olarkən depressiyaya düşmüş və hətta intihar haqda düşünmüşdür.

 Söz azadlığının alovlu müdafiəçisi və senzuranın rəqibi olan Mill özünü demokratiyanın nəzəriyyəçisi kimi sübut etmişdir. Dini baxışlarında aqnostik idi. Tanış olduqları vaxt ailəli olan Harriet Teylor ilə səmimi dostluq əlaqələrinin olmasına baxmayaraq Mill onunla 21 il sonra evlənmişdir.

 Rikardo məktəbinin sonuncu görkəmli nümayəndəsi hesab olunan Mill Adam Smit və yaxın dostu olan David Rikardonun ideyalarını təbliğ etmişdir. 1865-ci ildə Liberal Partiyanın üzvü kimi Britaniya parlamentinin üzvü seçilmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva