az   |   en   |    ru

ANN ROBER JAK TYÜRQO

  • Oxunub 88 dəfə

 (1727, Paris, Fransa - 1781, Paris, Fransa)

  Əsərləri: “Sərvətin yaranması və bölgüsü haqqında düşüncələr” (1766)

 XVIII əsr fiziokrat iqtisadi məktəbinin görkəmli nümayəndələrindən biri Ann Rober Jak Tyürqodur. Onun 1766-cı ildə yazdığı “Sərvətin yaranması və bölgüsü haqqında düşüncələr” adlı kitabında iqtisadi baxışları öz əksini tapmışdır.

 Tyürqo kapitalizmin yaranması, bərabərsizliyin və siniflərin meydana gəlməsi barədə dəyərli elmi fikirlər irəli sürmüşdür. O, hesab edirdi ki, kapitalizmin yaranması prosesində xalq kütlələri yoxsullaşmış, kəndlilərin torpaqdan və istehsal alətlərindən məhrum edilməsi onları muzdlu əmək səviyyəsinə gətirib çıxarmışdır. Əgər torpaq bərabər bölüşdürülsəydi, onda hər kəs özünə lazım olan yemək şeyləri əldə edə bilərdi və muzdlu əmək sistemi də olmazdı, heç kim digəri üçün işləməzdi.

 Yalnız kənd təsərrüfatı sahəsindəki əməyi məhsuldar əmək kimi qəbul edən və onu sərvətin yaradılmasının mənbəyi hesab edən iqtisadçının fikrincə, torpağın məhsuldarlığının nəticəsi əkinçilər və sahibkarlar arasında bölüşdürülür ki, bu da xalis məhsul yaradır. Xalis məhsul və ya gəlir, Tyürqoya görə, sahibkarların verəcəkləri əmək haqqı və ödəyəcəkləri xərclər çıxıldıqdan sonra qalan hissədir. Bu hissə üç yerə bölünür. Birinci hissə kapitalistin mənfəətidir. İkinci hissə sahibkarın gəliridir. Üçüncü hissə isə torpaq rentasıdır. Onun bu baxışları iqtisad elmində yeni fikirlər idi.

 Tyürqo qət edirdi ki, bütün kapitallar torpaqdan yaranır və kapitalı hərəkət  edən dəyərlərin yığımı kimi izah edirdi. Torpağın məhsulunu “sərbəst gəlir” kimi qəbul edən iqtisadçı göstərirdi ki, “sərbəst gəlir” yığımın ilkin mənbəyidir və bu gəlirin yaranmasında torpağın alınmasına sərf edilən kapital əsas rol oynayır. Tyürqo göstərirdi ki, əgər torpaq alınmasa idi, daha çox gəlir verərdi. Torpaq sahibi kapitalistdir. Kapitalist öz əməyinə görə əmək haqqı almalıdır. Buna görə də kapitalist qayğıkeş olmalı, risk etməli və nəhayət öz bacarığını göstərməlidir. Əgər bu belə olmazsa onda kapitalist öz əməyinə görə gəlir əldə edə bilməz. Tyürqo torpaqdan əldə edilən gəlirin beş üsulunu izləmişdir: muzdlu əmək sisteminin müxtəlifliyi, köləlik, təhkimçilik, yarılığa işləyənlər, qeydə alınan icarədarlıq.

 Tyürqo iddia edirdi ki, cəmiyyət üç sinifdən ibarətdir: məhsuldar sinif (kənd təsərrüfatı ilə məşğul olanlar), əmək haqqı yaradanlar və ya bəhrəsiz sinif (sənayedə, xidmət sferasında və digər maddi istehsal sahəsində çalışanlar) və sərbəst sinif (torpaq sahibləri). İlk 2 sinfi avans verən sahibkarlar (kapitalistlər) və əmək haqqı alan işçilərə bölürdü. Əkinçilər öz əməyinə görə əmək haqqı alırlar. Əmək haqqını “öz əməyini başqalarına satış”ın nəticəsi hesab edir və onu yaşayış üçün zəruri minimum vəsaitlə məhdudlaşdırırdı.

 Tyürqo pul nəzəriyyəsinə əlavələr etmiş və qeyd etmişdir ki, kağız pulların kütləsi malların miqdarına uyğun gəlmədiyi halda disbalans yaranır. Pul vasitəsilə əmtəələrin dəyərliliyi ölçülür və ifadə olunur. O, öz iqtisadi baxışlarında belə bir nəticəyə gəlmişdir ki, pulun özünün də əmtəə təbiəti vardır. Pul və kapital arasındakı fərqi göstərir və deyirdi ki, puldan fərqli olaraq kapital gəlir gətirir ki, bu da iki hissəyə bölünür. Birinci hissə məhsulların yaradılması, eləcə də, işçilərin əməyinin ödənilməsi ilə bağlı xərclərə xidmət edir, ikincisi isə kapital üzrə gəlir və torpaq icarəsidir. Kapital və gəlirin təhlilini verərək qeyd edirdi ki, kənd təsərrüfatı kapitalı kapitalın əsas forması, torpaq icarəsi isə gəlirin əsas formasıdır.

 Tyürqo hesab edirdi ki, rəqabət qiymətləri bərabərləşdirir və onların bazar səviyyəsini yaradır, satıcılar və alıcılar da bununla razılaşırlar. Qiyməti iki yerə bölürdü: cari (bazarda tələb və təklifin nisbətindən yaranan) və əsas (dəyərlə müəyyən edilən).

 O, proteksionizm siyasətini pisləmiş, iqtisadi fəaliyyət azadlığı prinsiplərini  müdafiə etmişdir. Fiziokratizm hərəkatına rəhbərlik etmiş Jak Tyürqonun ideyalarının iqtisadi fikrin sonrakı inkişafına böyük təsiri olmuşdur.

P.S. Fransız iqtisadçısı, filosofu və dövlət xadimi Jak Tyürqo tarixə iqtisadi liberalizmin yaradıcılarından biri kimi düşmüşdür. Ailənin üçüncü oğlan övladı olan və anasından qorxan Tyürqo erkən yaşlarında sakit, utancaq, dini ruhda böyüdülən, yad adamların evə gəlişi zamanı divan və ya stul altında gizlənən oğlan olmuşdur. Ailə ənənəsinə görə dini təhsil alan, lakin iqtisadiyyatla maraqlanan Tyürqo yaşa dolduqca “həyatı boyunca üzünə maska geyinmək” istəməmiş və atasından onu keşiş olmaq vəzifəsindən azad etməyi istəmişdi. Sonralar o, dövlət xadimi kimi fəaliyyət göstərmiş, XVI Lüdovikin dövründə əvvəlcə dəniz qüvvələri naziri, sonra maliyyə naziri vəzifəsində çalışmışdır. O,  müntəzəm poçt və nəqliyyat sisteminin yaradılmasında, vergi islahatlarının həyata keçirilməsində böyük işlər görmüşdür.

1755-ci ildə fiziokrat məktəbinin rəhbəri Fransua Kene ilə tanış olmuşdur. Tyürqo xaraktercə sadə, idealist, şərəfli, ədalət və həqiqətpərəst olmuşdur.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva