az   |   en   |    ru

“Aqrar sektorun dayanıqlı inkişafının təmin olunmasında nəqliyyat xidmətlərinin rolu”

  • Oxunub 988 dəfə

  23-24 oktyabr 2015-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsinə həsr olunmuş “Aqrar elmin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və müasir prioritetlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d., dosent Aqil Əsədov “Aqrar sektorun dayanıqlı inkişafının təmin olunmasında nəqliyyat xidmətlərinin rolu” mövzusunda çıxış etmişdir. Həmin məqaləni təqdim edirik.

 AQRAR SEKTORUN DAYANIQLI İNKİŞAFININ TƏMİN OLUNMASINDA NƏQLİYYAT XİDMƏTLƏRİNİN ROLU

 Xülasə

 Məqalədə kənd təsərrüfatının və aqrar sektorun sosial-iqtisadi mahiyyəti və məzmunu veril­miş­dir. Müəlliflər aqrar sektora həm ərzaq təhlükəsizliyinin, həm də regional inkişafın mühüm amili kimi yanaşmışlar. Məqalədə aqrar sektorun dayanıqlı inkişafına təsir edən amillər göstər­miş­­dir. Hazır məhsulların satışı məsələsi aqrar sektorun dayanıqlı inkişafının zəruri şərti kimi nə­zərdən keçirilmişdir. Ona görə də müəlliflər aqrar sektorda nəqliyyat xidmətlərinin təşkili mə­sə­­lə­lərini geniş tədqiq etmişlər. Məqalədə regional avtobazaların yaradılması və bununla da aq­rar sektor məhsullarının bazarlara daha səmərəli şəkildə çıxarılması yolları təklif edilmişdir. Mü­əl­liflər, belə avtobazaların yaradılmasını həm aqrar sahənin rəqabət qabiliyyətliliyinin yük­səl­­­dil­məsi və  həm də dayanıqlı inkişafının təmin olunması baxımından zəruri olduğunu əsaslan­dır­­mış­lar.

 Açar sözlər: aqrar sektor, kənd təsərrüfatı, dayanıqlı inkişaf, nəqliyyat sektoru, nəqliyyat xidmətləri, avtobazalar və s.    

 ROLE OF THE TRANSPORT SERVICES IN ENSURING SUSTAINABLE DEVELOPMENT OF AGRICULTURAL SECTOR

 Summary

 İn the article was given socio-economic essence and content of the agriculture and of the ag­ra­rian sector. The authors were approached to agrarian sector as a main factor of food safety and regional development.The article shows the factors that influence to sustainable deve­lop­ment of the agrarian sector. The issue of sale of finished products were considered as a neces­sary condi­tion for sustainable development of the agrarian sector. Therefore, authors have stu­died is­su­es to organize transport services in the agrarian sector. In the article have been sug­ges­ted cre­ation of regional motor-transport depot and effective delivery ways of agrarian products to mar­kets. The authors were substantiated necessity creation of motor-transport depot for im­proving competi­ti­veness of agrarian sector and its sustainable development.

 Keywords: agrarian sector, industry, agriculture, sustainable development, transport sec­tor, transport services, motor-transport depot etc.

 РОЛ ТРАНСПОРТНЫЕ УСЛУГИ В ОБЕСПЕЧЕНИИ УСТОЙЧИВОГО РАЗВИТИЯ АГРАРНОГО СЕКТОРА

 Резюме

 В статье было дано содержание и сущность аграрного сектора в сельском хозяйстве и в сельскохозяйственном секторе. Авторы подошли к вопросу аграрного сектора с точки зрения продовольственной безопасности и регионального развития. В статье показаны фак­торы, влияющие на устойчивое развитие сельского хозяйства. Вопрос продажи гото­вой продукции считалось необходимым условии для устойчивого развития сельского хоз­яйства. Таким образом, авторы изучили широкий круг вопросы, транспортных услуг в сельскохозяйственном секторе. В статье были предложены пути создания региональных автобаз и тем самым более эффективного вывоза на рынок продуктов аграрного сектора. Авторы создание таких автобаз обосновали как необходимость обеспечения устойчивого развития аграрного сектора и повышения его конкурентоспособности.      

 Ключевые слова: сельское хозяйство, промышленность, сельское хозяйство, устой­чивое развитие, транспорт, промышленность, транспорт, услуги и т.д. депо.

  Son illər ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar milli iqtisadiyyatın ayrı-ayrı sahələ­rin­də müasir tələblərə cavab verən təsərrüfat formalarının yaranmasına və inkişafına öz töhfəsini verməkdədir. Təbii ki, həyata keçirilən islahatlar aqrar sektora da təsirsiz ötüşə bilməzdi. Bu təd­bir­lərin nəticəsidir ki, aqrar sahədə nəzərə çarpacaq irəliləyişlər əldə edilmiş və ölkəmizdə, nə­in­ki MDB məkanında, eləcə də Şərqdə analoqu olmayan aqrar islahatlar aparılmış, bu sahənin daha da inkişaf etdirilməsi üçün müxtəlif Dövlət Proqramları qəbul edilmişdir. Nəticədə ölkəmizin ayrı-ayrı regionlarında aqrar islahatların sürətləndirilməsinə, kənd təsərrüfatının inkişaf etdiril­mə­si və çoxşaxəli mülkiyyət formalarının yaradılmasında ciddi irəli­lə­yişlərə nail olunmuşdur. Nəhayət, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi də həyata keçirilən silsilə tədbirlərin da­vamı kimi aqrar sahəyə dövlət qayğısının bir nümunəsidir. Kənd təsərrüfatının da daxil olduğu aq­rar sektorun milli iqtisadiy­ya­tın aparıcı sahələrindən biri kimi daim diqqət mərkəzində saxla­nıl­ması, bu sahə­yə lazımi köməkliklərin göstərilməsi, müxtəlif təsirlərlə onun inkişafına şərait ya­­ra­­­dılması ənənəvi olaraq davam etdirilir.

 Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dünya iqtisadiyyatına inteqrasiya olun­mağa, öz istehsalını beynəlxalq əmək bölgüsünə uyğun qurmağa, ölkənin ərzaq təhlü­kə­siz­li­yi­ni formalaşdırmağa və bu sahədə digər dövlətlərdən asılı­lı­ğı minimuma endirməyə istiqa­mət­lə­nən islahatlar aparılmışdır [1].  

 Aqrar sahənin inkişafına xalq təsərrüfatının digər sahələrilə müqayisədə daha çox önəm ve­ril­məsi, eləcə də kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının stabilləşdirilməsinə dövlət qay­ğı­sının artırılması ölkənin ərzaq və iqtisadi təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhə­miyyət kəsb edir. Bu sahə həm də digər sahələrlə müqayisədə daha az gəlirli, ətraf mühit amil­lərindən və iqlim şəraitindən asılı kimi daha çox riskli sahə hesab olunur ki, bu da sahəyə da­vamlı dövlət qayğısının göstərilməsini zəruri edir.

 Ümumiyyətlə, istər qlobal, istərsə də milli səviyyədə iqtisadi tərəqqidə ayrı-ayrı sahələrin hər birinin özü­nə­məxsus əhəmiyyəti vardır. İqtisadiyyatın fərqli səciyyəvi xüsusiyyətlərə malik müxtəlif istiqa­mət­ləri cəmiyyətin normal həyat və fəaliyətinin təmin olunmasında özünəxsus rol oyna­yır­lar. Təbii ki, ayrı-ayrı sahələrin səciyyəvi xüsusiyyətləri də fəaliyyət istiqamətindən və məqsə­din­dən asılı olaraq formalaşır. İnsanların normal qidalanması, ərzaq təhlükə­siz­liyinin təmin edil­məsi, müx­təlif sənaye sahələrinin inkişafı və s. baxımdan həyati əhəmiyyət kəsb edən aqrar sektorun da­yanıqlı inkişafı günümüzün ən aktual məsələlərindən biridir.

 Son dövrlər bütün dünyanın gündəmini zəbt edən və müxtəlif mənbələrdə həm davamlı, həm də dayanıqlı kimi ifadə olunan inkişaf aqrar sektor üçün daha zəruridir. Ona görə ki, insanların normal qidalanmasının və deməli normal yaşayışının əsasını aqrar sektor təşkil edir. Aqrar sektor milli iqtisadiyyatın həyati əhə­miy­yətə ma­lik vacib tərkib hissəsi kimi kənd təsərrüfatına xidmət edən sahələri, kənd təsər­rü­fa­tının özünü, kənd təsərrüfatı məh­sul­larının istehlakçılara çatdırıl­ma­sı ilə məşğul olan sahələri özündə birləş­dirərək, ümumilikdə ölkənin tərəqqisində, iqti­sa­di və ər­zaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkənin iqtisadi təh­lü­kəsizliyinin tər­kib hissəsi kimi ərzaq təhlükəsizliyinin təmin olunması bütöv­lük­d­ə aqrar sektorun və onun tər­kibinə daxil olan ayrı-ayrı sahələrin inkişafından bir­başa asılıdır. Ona görə də aqrar sektorun in­ki­şafı Azərbaycanın müstəqilliyi şəra­i­tində son dərəcə vacib əhə­miyyət kəsb edir [2; 3].

 Bazar mü­na­sibətlərinə keçiddən sonra aqrar sektora daxil olan sahələrdə fəaliyyət göstərən mü­əs­sisələr bazarın tələbləri əsa­sında məhsul istehsal etməyə çalışırlar. Nəticədə, bazar mexa­niz­mi əsasında inkişaf edən aqrar sektor müəssisələrində şəxsi təşəbbüskarlığın genişlənməsi ilə ya­naşı, problemlər də meydana çıxır. Bu problemlər aqrar sahədə fəaliyyət göstə­rən müəs­sisə və təsərrüfatların istehsal-satış fəaliyyətlərində özünü daha qabarıq şə­kildə göstərir. Kənd təsərrüfatı isə aqrar sektorun sferaları arasında öz maraqlarının qo­run­ması baxımından zəif vasitə kimi çıxış edir və sahələrarası rəqabət müba­ri­zə­sinə davam gətirmir. Bu, son nəticədə, bütövlükdə aqrar sek­torun inkişafını lən­gi­dir və onun daha yüksək templərlə in­kişaf etməsi baxımından problemlər doğrurur, sahənin davamlı inkişafının təmin olunmasına mənfi təsir göstərir.

 Qeyd olunduğu kimi, kənd təsərrüfatı­nın davamlı və ya dayanıqlı inkişafı həm ölkədə ərzaq təhlükəsiz­liyi­nin təmin edilməsi, həm regional inkişaf, həm ümumi davamlı iqtisadi inkişaf, həm regional məşğul­lu­ğun təmin edilməsi və həm də qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqa­mətlərində hə­yata keçirilən tədbirlərin prioritetlərindən biridir. Ona görə də, Azərbaycan Res­pub­li­kası müstəqillik əldə etdikdən sonra dünya iqtisadiyyatına inteqrasiya olun­mağa, öz isteh­sa­lını beynəlxalq əmək bölgüsünə uyğun qurmağa, ölkənin ərzaq təhlükəsizliyini formalaşdırmağa və bu sahədə digər dövlətlərdən asılılığı minimu­ma endirməyə istiqamətlənən islahatlar aparıl­mış, eləcə də kənd təsərrüfatı məhsul­larına olan daxili tələbatın, əsasən yerli istehsal hesabına təmin edilməsinə nail olunmuşdur. Bu da təbiidir, çünki kənd təsərrüfatı maddi istehsalın tarixən ilkin sahəsi olub, cəmiyyətin aqrar sahənin  məhsullarına olan tələbatını ödəmək imkanlarına malikdir. Həm də kənd təsərrüfatı, milli iqtisadiyyatın mühüm xüsu­siyyətlərə malik olan istehsal sahəsidir. Ona görə ki, aqrar istehsal prosesi, onun artımı, sürəti təbii mühitdən, xüsusilə torpaq­dan, onun münbitliyindən və təbii-bioloji ehtiyatlardan, amillərdən istifadə ilə sıx bağlıdır. Təsa­dü­fi deyildir ki, klas­sik iqtisadçılar da torpağa başlıca istehal vasitəsi və sərvətin anası kimi ya­naş­mağı tövsiyə edirlər [1; 2].

 Torpağa sərvətin anası kimi yanaşmaq zəruri olsa da, aqrar sektorun dayanıqlı inkişafı üçün kifayət deyildir. Ona görə ki, bir istehsal sahəsi kimi aqrar sektorun dayanıqlı inkişafının təmin olunması əldə edilən hazır məhsulların səmərəli şəkildə reallaşdırılmasından çox asılıdır. Nəzərə alsaq ki, istehsal-satış münasibətlərinin formalaşmasında üzərinə ciddi məsuliyyət düşən sahələr­dən biri də müvafiq nəqliyyat xidmətlərini təşkil edən tərəfdir, onda aqrar sektorun dayanıqlı in­kişafının təmin olunmasında da nəqliyyat xidmətlərinin rolu aydın olar [1].

 Ümumilikdə isə, aqrar sektorun dayanıqlı inkişafı məsələsinə kompleks şəkildə yanaşılması daha məqsədəuyğundur. Belə ki, dayanıqlı inkişafın başlıca tələblərindən biri mövcud resurslar­dan qənaətlə və səmərəli istifadə, ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması ilə əla­qədardır. O cümlədən, aqrar sektorun inkişafı da ətraf mühit, iqlim və s. amillərlə sıx və birba­şa bağ­­­lıdır. Bu baxımdan da, aqrar sektorun dayanıqlı inkişafı üçün hazır məhsulların səmərəli şə­kil­də reallaşdırılması hansı səviyyədə zəruridirsə, dayanıqlı inkişafla bağlı ekoloji tələblərə əməl olunması da ən azı o qədər vacibdir. Eyni zamanda, nəqliyyat xidmətlərinin özü də müəyyən eko­loji təsirlərlə xarakterizə olun­duğu üçün, aqrar sektorun dayanıqlı inkişafında nəqliyyat xid­mət­lərinin iştirakı məsələlərinə daha kompleks şəkildə yanaşılması zəruridir. Belə ki, burada nəqliyyat xidmətləri həm aqrar məhsulların səmərəli şəkildə reallaşdırılmasını təmin etməli, həm də bu xidmətlərin özü ətraf mühit üçün zərərsiz və ya minimum zərərli olmalıdır [2; 4].

 Aydındır ki, müasir qloballaşma və inteqrasiya əsrində ölkənin milli maraqlarını qorumaq, iqtisadi və digər təhlükəsizliyini təmin etmək kimi məsələlər hər bir dövlətin qar­şı­sında duran baş­­lı­ca vəzifə­dir. Bu da ondan irəli gəlir ki, artıq qlobal iq­tisadi mü­hi­tə yaxından inteqrasiya et­mək, beynəlxalq aləmdə cərəyan edən iq­ti­sa­di pro­ses­lə­rin fəal iştirakçısına çevrilmək, xarici bazarlara rəqabət qabiliyyətli yerli məh­sul­lar­la çıxmaq və s. hər bir milli təsərrüfatın davamlı və dinamik inki­şa­fı­nın zəruri şərtinə çevrilmişdir. Bütün bunlar isə, öz növbəsində, ümumilikdə ölkə həyatında xarici amillərin rolunun artdığını göstərir. Müşahidələr göstərir ki, belə bir şəra­it­də insanların normal yaşayışının təmin olunması, onların normaya uyğun keyfiyyyətli ərzaq məh­­sul­ları ilə təchiz edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bu­nun üçün key­fiyyətli ərzaq istehsalı ilə yanaşı, vacib məsələlərdən biri də isteh­sal edilmiş məhsulların isteh­lakçılara vaxtında çatdırılmasıdır [2].

 Aydındır ki, təkrar istehsalın əsas təkanverici qüvvəsi istehsal edilmiş məhsulların satışıdır. O cümlədən də, kənd təsərrüfatının inkişafına təsir edən ən mühüm amillərdən biri də satış ba­zar­larının və məhsulun bazara çıxışının təşkilidir. Ona görə də bazar iqtisadiyyatı şəraitində is­teh­salın çoxsahəli inkişafında, məhsuldar qüvvələrin, daxili və xarici iqtisadi əlaqələrin forma­laş­masında nəqliyyat amili mühüm əhəmiyyət kəsb etdiyi üçün öz aktuallığı ilə daim diqqət mərkəzində saxlanılmalıdır. Yaxşı olardı ki, əlaqədar dövlət qurumları regional inkişafa, aqrar sa­hə­nin tərəqqisinə və kənd təsərrüfatı məhsullarının istehsalına diqqət və qayğı göstərdikləri kimi, hazır (becərilmiş, istehsal edilmiş) məhsulların lazımi bazarlara çıxarılması istiqamətində də müəyyən tədbirlər görsünlər.

 Belə ki, ərzaq məhsullarının əksəriyyətinin istifadə müddəti, saxlama və da­şı­ma müddəti spe­sifik xüsusiyyətlərə malikdir ki, bu da məhsulun istehlakçılara çatdırılması amilinin əhəmiy­yətini ifadə edir. Bu baxımdan da, istehsal prosesinin davamçısı və tamamlayıcısı olan nəqliyy­at da ölkədə ərzaq təhlükəsizliyinin təmin edil­məsində mühüm mövqeyə malikdir.­ Təbii ki, istər ölkə ərazisində müxtəlif coğ­­­­rafi məkanlarda istehsal edilmiş yerli məhsulların, istərsə də idxal hesabına tə­min edilən məhsulların lazımi bazarlara – istehlakçılara çatdırılması birbaşa nəqliy­yat sisteminin vəzifəsidir. Bu isə, ərzaq təhlükəsizliyinin təmin edilməsində nəq­liy­ya­tın rolunu bir daha sübut edir [4; 5].

 İstərt ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsi, istərsə də nəqliyyat siste­mi­­nin tək­mil­ləş­­­dirilməsi, daşıma xidmətlərinin operativ təşkili və s. istiqamətlərdə son dövrlər silsilə tədbirlər hə­yata keçirilməkdədir. Nəticədə, artıq ərzaq təmina­tın­da idxaldan asılılıq aradan qaldırılmış, elə­­cə də nəqliyyat sektorunun inkişafında ciddi nailiyyətlər əldə edilmişdir. Həyata keçirilən təd­bir­­lər nəticəsin­də, ölkə iqtisadiyyatının əsas infrastrukturlarından biri olan nəqliyyat sektoru da da­­yanıqlı inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də nəqliyyat sektoruna investi­siya­ların yönəldilməsi, dəmir yolunun, hava nəqliyyatının yenilənməsi, yeni avtomobil yollarının çə­kilişi, yenidənqurulması, iri layihələrin icrası öz müsbət təsirini gös­tər­miş­dir.

 Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2014-cü ildə 222,0 milyon ton yük daşınmış və 1,9 faiz artmışdır. Qeyri-neft yüklərinin həcmi 3,4 faiz artaraq 159,0 milyon tona çatmışdır. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 58,0 faizi avtonəqliyyat, 27,7 faizi boru kəməri, 9,8 faizi dəmir yolu, 4,5 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilmiş­dir. Qeyri-dövlət bölməsində yük daşınması 3,5 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 76,4 faiz təşkil etmişdir. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 22,0 min ton, Qərb istiqaməti üzrə 6,8 min ton və Cənub istiqaməti üzrə 5,4 min ton yüklənmə işi yerinə yetirilmişdir [6].

 Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 128,6 milyon ton yük, 1,6 milyard sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 faiz və 4,8 faiz artım qeydə alınmışdır. Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişlər. Yük dövriyyəsi 2,8 faiz, sərnişin dövriyyəsi isə 5,1 faiz artmışdır. O cümlədən, “İpək yolu” nəqliyyat dəhlizinin Azər­bay­can ərazisində 58,2 milyon ton yük, 307,3 milyon nəfər və ya 7,8 faiz çox sərnişin daşınmışdır. Yük­lərin 29,0 milyon tonu və ya 49,8 faizi avtomobil nəqliyyatı, 19,9 milyon tonu və ya 34,2 fa­izi dəmir yolu nəqliyyatı, 9,3 milyon tonu və ya 16,0 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. İl ər­zində yük daşımaları fəaliyyətindən 531,0 milyon manat, sərnişin daşınmasından isə 120,4 mil­yon manat gəlir əldə olunmuş və müvafiq olaraq 11,5 faiz və 13,1 faiz artmışdır [6].

 Göründüyü kimi, nəqliyyat sektorunda, o cümlədən tranzit daşımalarda dayanıqlı inkişaf dina­mi­kası təmin edilmişdir. Təbii ki, əldə edilən uğurlar ölkədə daşıma si­fa­rişlərinin operativ təş­kili, key­fiyyətlə, vaxtinda və daha səmərəli yerinə yetiril­mə­sinə imkan yaradacaqdır. Bütün bun­lar isə, öz növbəsində, hazır məhsulların lazımi bazarlara çıxarılmasına da öz təsirini göstə­rə­cək­dir. Xüsusilə, aqrar sahənin məhsulları üçün ixtisaslaşmış nəqliyyat vasitələrinin olması, yəni avtonəqliyyat parkının təkmilləşdirilməsi, müxtəlif ixtisaslaşmış, soyuducu ilə təmin edilmiş və s. avtomobillərlə müasirləşdirilməsi çox vacibdir. Bütün bunlar istehlakçıların lazımi kənd təsər­rüfatı məhsulları ilə vaxtında təmin edilməsinə təkan ve­rə­cəkdir ki, bu da ümumilikdə aqrar sa­hənin dayanıqlı inkişafı və ərzaq təh­lü­kə­siz­liyi üçün çox vacibdir. Eyni zamanda, nəqliyyat sek­to­runun aqrar sahənin dayanıqlı inkişafında rolunu gücləndirmək üçün müəyyən regional avto­ba­zaların yaradılması da məqsədəuyğun olardı [6; 7].

 Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı istehsalçıları daşıma xidmətləri göstərən şəxslərə daşımanın keyfiyyəti və qiyməti ilə bağlı heç bir təsir imkanında deyildir. Hal-hazırkı şəraitdə isə, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar böyük yükgötürmə qabiliyyətinə malik nəqliy­yat vasitələri ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsusdur. Qeyd etmək lazımdır ki, əvvəllər kənd təsərrüfatına xidmət göstərən yüksək yükgötürmə qabiliyyətinə malik olan avtomaşınlar müx­təlif rayonlarda fəaliyyət göstərən ixtisaslaşdırılmış nəqliyyat müəssisələrində toplanmışdır və onlardan mərkəzləşdirilmiş formada istifadə edilirdi. Son illər isə kənd təsərrüfatı məhsul­ları­nın daşınması üçün, demək olar ki, heç bir nəqliyyat vasitəsi alınmamışdır. Keçmişdən qalmış avtomobillərin isə 95-98%-i mənəvi və ya fiziki cəhətdən köhnəlmiş və öz istismar müddətini 2-3 dəfə artıq başa vurmuşdur. Ona görə də aqrar sektorun inkişaf etdrilməsində aktual problem­lər­d­ən biri də kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olan regional avtobazaların yara­dıl­masıdır. Bu avtobazalar mülkiyyət formasından asılı olaraq kooperativ, səhmdar və s. formada təşkil edilə bilər. Dövlətin bu istiqamətdə lazımi tədbirlər görməsi günümüzün vacib prob­lem­lərindəndir. Daha çox kənd təsərrüfatı məhsulları istehsal edən müxtəlif reğionlarda av­to­ba­zala­rın və ya  yük daşıma şirkətlərinin nümayəndəliklərinin yaradılması məqsədəuyğun olardı. Bu mər­kəzləri lazımi yeni avadanlıqlarla (telefon, kom-püter və s.) təmin etmək və da­şı­ma sifariş­lə­ri­ni burada qəbul etmək daha səmərəli olardı. Belə ki, hər bir mərkəz fəaliyyət gö­s­tər­diyi zonada sifarişləri qəbul etməklə nəqliyyyat vasitələrinin yükgötürmə qabiliyyətindən istifadəni artırar ki, bu da daşıma qiymətinin, son nəticədə isə məhsulların qiymətlərinin enməsinə səbəb ola bilər. Eyni zamanda, bu avtobazaların “Aqromarketinq” mər­kəz­ləri ilə paralel formada fəaliyyət gös­tər­­məsi  məqsədəuyğun olardı. Kənd təsərrüfatı məhsulları tez xarab orlan məhsul kimi yüksək sü­rətli və daşıma müddətində məhsulların keyfiyyətini qoruya bilən nəqliyyat vasitələrinin tət­biqini tələb edir. Bu baxımdan, yaradılacaq avtobazaların tərkibində sürətli və soyuducu ilə tə­min edilmiş avtomobillərin üstünlük təşkil etməsi vacibdir [2; 4; 5].

 Müasir İKT avadanlıqları ilə təmin olunmuş bu avtobazalar daşıma sifarişlərini qəbul etmək və nəqliyyat vasitələri arasında optimal bölüşdürməklə daşımaların səmərəli təşkilinə dəstək verə bilər ki, bu da aqrar sektor üçün rəqabət qabiliyyətlilik deməkdir. Başqa sözlə desək, müxtəlif re­gionlarda kənd təsərrüfatı məhsullarının daşınmasını həyata keçirən bazaların formalaş­dırıl­ma­sı hazır məhsulların bazara daha operativ və səmərəli çıxışını təmin edər ki, bu da sahənin daya­nıq­lı inkişaf üçün çox vacibdir.

 İstifadə edilmiş ədəbiyyatlar

  1.  A.K.Ələsgərov, G.Z.Yüzbaşova, S.H.Haqverdiyeva “Bazar iqtisadiyyatı şəratində Azər­baycanın milli iqtisadiyyatının dayanıqlı inkişafının əsas is­ti­qamətləri”. Bakı, Elm, 2008, 188s.;
  2.  İ.H.Alıyev “Qloballaşma şəraitində aqrar sahənin  dayanıqlı inkişafının təmin olunma­sının sosial-iqtisadi problemləri”. Bakı, “Elm”, 2007,  səh.400.;
  3.  İ.M.Rzayev “Azərbaycan Respublikasinda regionların davamlı sosial-iq­ti­sa­­di in­kişafı: möv­­cud vəziyyət və gələcək perspektivlər”. Bakı, Elm, 2010, 468 səh.;
  4.  S.Y.Hüseynov və b. “Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf”. Bakı: “Avropa” nəşriyyatı, 2013, 501 səh.;
  5.  A.M.Əsədov“Azərbaycan Respublikasında yeni nəqliyyat sisteminin for­ma­laş­ması  və da­vam­lı inkişafı: elmi-nəzəri əsasları və perspektivləri”. Bakı, 2014, Avropa, 338 səh.; 
  6.  http://www.anl.az/down/meqale/xalqqazeti/2015/fevral/421221.htm;
  7.  Azərbaycan Respublikasının Nəqliyyat Sektorunun İnkişafı Strategiyası. http://www.mot. gov.az/?mod=inside&lang=az&menu=138