az   |   en   |    ru

Regionların sürətli və tarazlı inkişafı təmin olunur

  • Oxunub 125 dəfə

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görülmüş işlər barədə ətraflı danışaraq aidiyyəti qurumlara müvafiq göstərişlərini verdi, eyni zamanda, sahibkarlara yeni fəaliyyət istiqamətləri təklif etdi.

  Ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının 2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramlarında hökumətin regional siyasətin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Bölgələrin tarazlı inkişafında, iqtisadi fəallığın artırılmasında, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, əhalinin məşğulluğunun yaxşılaşdırılmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, ölkənin dayanıqlı və sürətli inkişafının təmin olunmasında bu dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir. Hazırda bölgələrdə  yerli iqtisadi resursların səfərbər olunması, sahibkarlıq sektorunun daha sürətli inkişafı və əlverişli biznes mühitinin formalaşması üçün ciddi zəmin yaranmışdır.

 Regionların inkişafı məqsədilə həyata keçirilən proqramlar Azərbaycanın iqtisadi siyasətinin ümumi tərkib hissəsi olmaqla bərabər, həm də uzunmüddətli və davamlı tərəqqiyə, eləcə də ölkəmizdə yaşayan bütün sosial qrupların milli birliyinə hesablanmış “Yol xəritəsi” də hesab oluna bilər. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət iqtisadi tərəqqinin əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilmişdir. Bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on dörd ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası böyük rol oynamışdır.

2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq 2014-cü ildə də növbəti dörd ili əhatə edəcək regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının reallaşdırılmasına start verildi. Bu proqramda həyata keçiriləcək tədbirlər əsasən iki istiqamətdə müəyyənləşdirildi: ölkə əhəmiyyətli iqtisadi və inzibati rayonlar səviyyəsində tədbirlər. Ümumilikdə, Dövlət Proqramının Tədbirlər Planında ölkə üzrə 1127, o cümlədən ölkə əhəmiyyətli 43, iqtisadi və inzibati rayonlar üzrə isə 1084 tədbir nəzərdə tutulmuşdur. Bu tədbirlərin artıq böyük bir qismi plan üzrə icra edilmiş, digərlərinin icrası isə davam etdirilməkdədir.

Ölkə Prezidenti dövlət proqramının yerlərdə icrasını daim nəzarətdə saxlayır. Cənab İlham Əliyev mütəmadi olaraq regionlara səfər edir, görülmüş işlərlə yerindəcə tanış olur, ictimaiyyət nümayəndələri ilə görüşərək onların fikirlərini öyrənir və  müvafiq strukturlara tapşırıqlar verir. Bütün bunlar gözlənilən müsbət nəticələrin əldə olunmasına bilavasitə təsir göstərir. Eləcə də, hər il proqramın icrasının yekunlarına həsr olunan müşavirədə xalqa görülmüş işlər barədə hesabat verir. Çünki Prezident İlham Əliyev “siyasi məsuliyyət çox böyük əhəmiyyət daşıyır” - deyərək həm də öz şəxsi nümunəsində məmurlara xalqa xidmətdə və hesabatlılıqda məsuliyyətlərini artırmağı tapşırır.

Qeyd edək ki, son konfransdakı çıxışında dövlət başçısı diqqəti bir sıra vacib məsələlərə yönəltdi. Bölgələrdə özəl sektor tərəfindən sərmayə qoyuluşunun vacibliyini xüsusi qeyd edərək artıq bu istiqamətdə yeni bir prosesin başlandığını nəzərə çatdırdı. Prezident İlham Əliyev cəlb edilmiş sərmayələrin və cari ildə həyata keçiriləcək investisiya layihələrinin həcminə görə rayonların reytinqini açıqladı. Məlumdur ki, rayonlarda artıq müasir infrastruktur formalaşdırılıb və bütün sahələrdə sahibkarlığın inkişafına, sərmayələrin cəlb edilməsinə dövlət tərəfindən imkan yaradılıb. İndi yerli icra hakimiyyətlərinin vəzifəsi dövlət başçısının ölkə üzrə apardığı uğurlu və məqsədyönlü siyasətin məsuliyyətlə və fəal şəkildə həyata keçirilməsindən ibarət olmalıdır. Təəssüf ki, hələ də dövlət büdcəsindən dotasiyalar alan bir sıra rayonlarda əlverişli biznes mühiti tam formalaşdırılmayıb. Bu amili xüsusi vurğulayan ölkə başçısı  “hər bir rayonda özəl sərmayəni cəlb etmək, sahibkarlara şərait yaratmaq üçün yerli icra orqanlarının, onların rəhbərlərinin fəal işləməli” olduqlarını xüsusi vurğuladı.

Dövlətimizin başçısı konfransda iş adamlarının diqqətini daha bir mühüm məsələyə cəlb edərək onlara biznes fəaliyyətlərini səmərəli qurmaq və gəlirlərini artırmaq üçün real bazar imkanları olan bir sıra sahələrlə bağlı tövsiyələrini verdi. Prezident çıxışında pomidor, fındıq, alma, bitki yağları və digər qida məhsullarının ixracatının artdığını, bu məhsulların xarici bazara çıxarılma imkanlarının olduğunu qeyd etməklə yanaşı, respublikaya idxal olunan məhsulların da ölkədə istehsalının səmərəli təşkilinin mümkünlüyünü və ciddi gəlir gətirə biləcəyini, bununla da xaricə valyuta axınının qarşısının alınacağını xüsusi vurğuladı. Dövlət başçısı buğda, kərə yağı, mineral və qazlı sular, düyü, soya və ondan alınan məhsullar, dərman vasitələri, siqaret, trikotaj məhsulları, şüşə və ondan hazırlanan məhsullar, sabun-yuyucu vasitələr, gübrələr və s. məhsulların ölkəmizdə istehsalını artırmağı məsləhət gördü və bu malların alınmasına sərf edilən 1 milyard dollar həcmində vəsaitin ölkəmizdə qalacağını bildirdi.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən konfransda səsləndirilən fikirlər və verilən tapşırıqlar bütün dövlət qurumlarının, eyni zamanda, özəl sektorun üzərinə ciddi məsuliyyət qoyur. Heç şübhəsiz, mövcud siyasi sabitlik, əlverişli biznes mühiti, dövlət başçısının sahibkarlara göstərdiyi etimad öz bəhrəsini verəcək və regionlarımızın daha sürətli inkişafı təmin olunacaqdır.

Aqil EYVAZOV,

AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru

"Xalq qəzeti", 02.02.2018-ci il