az   |   en   |    ru

İqtisadiyyata investisiya qoyuluşunun həcmi daha da artacaq

  • Oxunub 73 dəfə

 Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti сənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Ölkə başçısı yola saldığımız ilin yekunlarını müsbət dəyərləndirdi və cari ildə ölkə iqtisadiyyatının qarşısında duran əsas strateji hədəfləri müəyyənləşdirdi.

  Ötən ildə də ölkəmizin inkişafının əsasında xalq – iqtidar  birliyinin dayandığını vurğulayan Prezident İlham Əliyev, eyni zamanda, yaradılmış sabitlik və təhlükəsizliyin əhəmiyyətini xüsusi qeyd etdi. Məhz bu amillər ölkə iqtisadiyyatına 2017-ci ildə də investisiya qoyuluşlarının artmasına təkan vermişdir. Belə ki, keçən il ölkə iqtisadiyyatına 14,6 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. Qeyd edək ki, 2016-cı ildə iqtisadiyyata yatırılan yerli və xarici investisiyaların ümumi həcmi 11,7 milyard dollar təşkil etmişdi. Təbii ki, əvvəlki illərlə müqayisədə bu məbləğ nisbətən aşağıdır, lakin neftin qiymətinin 3,4 dəfə düşməsi ilə dövlətin gəlirlərinin azalması və dünyada hələ də davam edən maliyyə böhranı fonunda iqtisadiyyata yönəldilmiş bu məbləğ ölkəmizdə münasib sərmayə iqliminin mövcud olduğunu deməyə əsas verir. Ümumilikdə isə, müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 220 milyard dollardan çox investisiya yatırılıb.

Prezident İlham Əliyev 2017-ci ili dərin iqtisadi islahatlar və sabitləşmə ili kimi xarakterizə etmişdir. Həqiqətən ötən ildə həyata keçirilmiş antiböhran tədbirləri ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçidini təmin etdi. Ölkə rəhbərinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət makroiqtisadi tarazlığın sürətlə bərpa olunmasına imkan yaratdı. Bu proses, ilk növbədə, əlverişli biznes mühitinin yaradılması, sahibkarlığın inkişafına əməli dəstək verilməsi istiqamətində ciddi tədbirlərin həyata keçirilməsi yolu ilə təmin edilmişdir. 

Qeyd edək ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı məqsədilə müvafiq hüquqi – normativ bazanın yaradılması və onların praktik olaraq həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. O cümlədən, institusional islahatların aparılmasına geniş yer verilir. Son 3 ildə bu sahədə aparılan islahatlara diqqət yetirək: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 1 noyabr 2015-ci il tarixindən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmış, 2017-ci ilin oktyabr ayında isə bu müddət 2021-ci ilə qədər uzadılmışdır.

Ölkə Prezidentinin  “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il,  “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 20 aprel 2016-cı il,  “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” və “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 may 2016-cı il fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilən “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”, Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında” 21 aprel 2016-cı il tarixli Sərəncamı sahibkarlığın inkişafına ciddi təkan vermişdir.

Lisenziya və icazələr sahəsində aparılan islahatlara əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 29-a endirilmiş, icazələrin sayı isə təqribən 4 dəfə azaldılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi məqsədi ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir.

2017-ci il yanvarın 1-dən qüvvəyə minən “Vergi Məcəlləsi”nə dəyişikliklərin də əsas məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, vergi yükünün optimallaşdırılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, onların vaxt itkisinə məruz qalmaması və vergi öhdəliklərinin daha rahat şəkildə yerinə yetirilməsi, bir sıra vergi ödəyiciləri üçün güzəştlərin müəyyən edilməsi yolu ilə sosial bərabərliyin təmin olunması, nağdsız əməliyyatların həcminin artırılması, vergitutma bazasının genişləndirilməsi, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, uçotun dürüstlüyünün və şəffaflığının təmin olunmasıdır.

Bundan başqa, 2017-ci ilin "Dövlət satınalmaları haqqında" Qanunda yerli sahibkarlığın inkişafına müsbət mənada ciddi  təsir göstərəcək bir dəyişiklik edildi. Bu dəyişikliyə əsasən yerli müəssisələr dövlət satınalmaları prosesində 20 faizlik güzəştə malik olacaqlar. Həmçinin  sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və hesablanan faizlərə görə subsidiya ödənilməsi qaydaları da təsdiq edilib. Bu qaydalar iş adamları üçün maliyyə vəsaitlərinin əlçatan olmasına birmənalı şəkildə imkan verəcək.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə  əsas hədəf  Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) inkişafı üçün biznes mühitinin daha da təkmilləşdirilməsi və maliyyə vəsaitlərinə və satış bazarlarına çıxışın asanlaşdırılması, biznes bilik və bacarıqlarının artırılması ilə rəqabətqabiliyyətliliyin təmin olunması, maliyyə və vergi siyasətinin stimullaşdırıcı təsirinin gücləndirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılmışdır. Bu agentlik kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə ölkədə sahibkarlığın inkişafını dəstəkləyəcək, KOS subyektlərinə bir sıra xidmətlər göstərəcək, dövlət orqanlarının bu sahədə xidmətlərini əlaqələndirəcək və tənzimlənməni həyata keçirəcək.

Ölkədə reallaşdırılacaq iqtisadi islahatların səmərəliliyinin artırılması özəl sektorla sıx əməkdaşlığın qurulmasını da zəruri edir. Bu istiqamətdə diqqət tələb edən əsas məsələ dövlət-özəl sektor tərəfdaşlığıdır.  Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində dövlət-özəl sektor tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiyanın hazırlanması da nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev müşavirədəki yekun nitqində 2018-ci ildə ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin artırılması, makroiqtisadi sabitliyin təmin olunması istiqamətində dövlət tərəfindən bütün zəruri tədbirlərin davam etdiriləcəyinin anonsunu verdi. Dövlət başçısının qətiyyətli mövqeyi yerli sahibkarlarda, eləcə də, ölkəmizdə iş görmək arzusunda olan xarici investorlarda Azərbaycan iqtisadiyyatına marağı və dövlətimizə inamı  daha da artırmışdır.

Aqil EYVAZOV,

AMEA İqtisadiyyat İnstitutunun aparıcı
elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru

 

"Xalq qəzeti", 18.01.2018