az   |   en   |    ru

“Çin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir”

  • Oxunub 284 dəfə

 İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, i.f.d. Nəsimi Əhmədov: “Bir qurşaq - Bir yol” şəbəkəsi daxilindəki marşrutlar üzrə ölkələr arasında enerji əlaqələrinin təşviq edilməsi onların inkişafı baxımından faydalı olacaq”

 Xəbər verdiyimiz kimi, noyabrın 5-dən 18-ə qədər Çinin paytaxtı Pekin şəhərində Çin Sosial Elmlər Akademiyasının İpək Yolu İnstitutu və Çin Sosial Elmlər Akademiyasının Kəmiyyət və Texniki İqtisadiyyat İnstitutu tərəfindən təşkil olunan və  Beynəlxalq Enerji Forumu tərəfindən dəstəklənən “Bir qurşaq - bir yol təşəbbüsü və qlobal enerji əlaqələrinin inkişafı üzrə 1-ci beynəlxalq seminarda AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Nəsimi Əhmədov da iştirak edib. N.Əhmədov “economics.com.az” saytına müsahibəsində səfər təəssüratlarını bölüşüb

 - Tədbirin keçirilməsinin əsas məqsədi, məramı nə idi?

- Seminarda Çin iqtisadiyyatı, beynəlxalq enerji əməkdaşlığı, qlobal enerji idarəçiliyi və digər əlaqədar sənaye sahələri müzakirə olundu. Tədbirin əsas proqramına mühazirələr və müzakirələr, əlaqədar şirkətlərə və yerli idarəetmə orqanlarına səfərlər daxil idi. Seminarın əsas məqsədi qlobal enerji tələbatını ödəmək üçün yaşıl, təmiz və iqtisadi cəhətdən səmərəli yolu təşviq etmək naminə qlobal enerji əlaqələrinin inkişafı üzrə müzakirəni gücləndirməkdir. Beynəlxalq enerji əməkdaşlığı “Bir Qurşaq - Bir Yol Təşəbbüsü”nün ən mühüm tərkib hissələrindən və enerji inqilabının idarə olunması üçün mühüm məsələlərdən biridir. “Bir Qurşaq - Bir Yol” şəbəkəsi daxilindəki marşrutlar üzrə ölkələr arasında enerji əlaqələrinin təşviq edilməsi onların inkişafı baxımından faydalı olacaq.

- Seminarda hansı aktual məsələlər ətrafında müzakirələr aparıldı?

- Noyabrın 6-da seminarın rəsmi açılış mərasimi oldu. Çin Sosial Elmlər Akademiyasının (Çin SEA) Kəmiyyət və Texniki İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Li Ping, Çin SEA-nın assosiativ prezidenti, prof. Fang Cai, Maliyyənin İnkişafına Yardım Assosiasiyasının icraçı direktoru, Çin İnkişaf Bankının keçmiş vitse-prezidenti Jiping Li, Qlobal Enerji Əlaqələrinin Tədqiqi İnstitutu və Qlobal Enerji Əlaqələrinin İnkişafı və Əməkdaşlığı Təşkilatının assosiativ direktoru Yuanbinq Zhou çıxış etdilər.

Noyabrın 6-dan 9-na qədər Pekin şəhərində Çin Sosial Elmlər Akademiyasının (Çin SEA) Kəmiyyət və Texniki İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Li Ping “Çinin iqtisadi inkişaf perspektivləri və Çin emal sənayesi – 2025”,  Çin SEA-nın assosiatİv prezidenti, prof. Fang Cai, Maliyyənin İnkişafına Yardım Assosiasiyasının icraçı direktoru, Çin İnkişaf Bankının keçmiş vitse-prezidenti Jiping Li “Bir Qurşaq-bir yol Təşəbbüsünün infrastrukturu və əlaqələndilrilməsi”, Çin Kommunikasiya Universitetinin Mədəni İnkişaf İnstitutunun dekanı, prof. Zhou Fan “Ağıllı texnologiyalar və yaradıcı sənaye sahələri”, Çin Beynəlxalq Neft-Kimya Şirkətinin tədqiqat üzrə direktoru, Tədqiqat və Strategiya Departamentinin baş menecerinin müavini Pey Vang “Asiya-Sakit okean regionu və Çin neft bazarı”, Çin Enerji Fondu Komitəsinin sədr müavini və baş katibi Patrik C.P. “Qlobal enerji əməkdaşlığı və qarşılıqlı əlaqələr”, Enerji İqtisadiyyatı İnstitutunun keçmiş baş iqtisadçısı, Çin Dövlət Elektrik Şəbəkəsi Enerjisinin Tədqiqi İnstitutundan prof. Zhaoguang Hu “Enerji sektoru və ağıllı enerji”, Milli İnkişaf və İslahat Komissiyasının Enerji Tədqiqatı İnstitutundan Jian Liu “Ağıllı nəqliyyat sistemləri və təmiz enerjili nəqliyyat vasitələri” mövzusunda mühazirələr oxudular.

- Çinin müasir iqtisadi inkişafı ilə bağlı hansı məqamlar diqqətinizi cəlb etdi?

- Çıxışlarda qeyd olunurdu ki, Çin dünya enerji bazarının mühüm iştirakçılarından biridir. Hazırda dünyada neft tələbinin Asiya bazarlarına doğru meyl etməsi müşahidə olunur. Çin iqtisadiyyatı neft-qaz sərvətlərindən müəyyən qədər asılıdır. Son illərdə neft idxalı artmışdır. Bu ölkə alternativ enerjidən (külək, günəş, hidro) istifadəni artırmağa çalışır. Lakin neft sənayesi elektrik mühərrikli avtomobillərdə alternativ enerjidən istifadənin inkişafına mane olur. Mühazirəçilər qeyd etdilər ki, Çində «bir dövlət - iki quruluş» prinsipi uğurla həyata keçirilir, yeni erada Çin spesifik sosialist ideologiyasının əsas xüsusiyyətləri onun xalqa, əhalini maddi rifahının qorunması və artırılmasına yönəlmiş olmasıdır. Bununla yanaşı, müasir dövrdə Çin tarazlı və yetərli olmayan inkişafla xalqın daha yaxşı bir həyat üçün hər zaman artan ehtiyacları arasındakı ziddiyyətlə üzləşmişdir.

Enerji inqilabı Çində energetika sektorunun transformasiyası deməkdir. Strategiyaya görə, Çində yerin təkindən hasil edilməyən yanacağın payı 2020-ci ildə 15%-ə, 2030-cu ildə 20%-ə yüksəlməli, 2030-cu ilə qədər bütün kömür elektrik stansiyalarının tullantısı ultra aşağı səviyyədə olmalı, köhnələri bağlanmalıdır. ÜDM-in enerji intensivliyi 15%, istifadə olunan kömürün həcmi 15% azalacaqdır. 2050-ci ilədək bütün enerjidə faydalı qazıntıların payı 50% azalmalı və Çinin enerji sistemi qabaqcıl enerji texnologiyaları və avadanlıqları ilə təmin olunmalıdır.

- Siz müzakirə edilən problemlərə dair öz münasibətinizi bildirdinizmi?

- Aparılan müzakirələrdə mən də yaxından iştirak edirdim, tədqiq edilən problemlərlə bağlı fikir mübadiləsi aparırdım.  Çıxışlarımda Azərbaycan ərazisinin müxtəlif hissələrində geniş yayılmış zəngin təbii sərvətlər içərisində enerji resurslarının ölkənin inkişafı baxımından hər zaman müstəsna əhəmiyyətə malik olduğunu qeyd etdim. Bildirdim ki, müstəqillik illərində ölkədə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı məqsədilə regionların sosial-iqtisadi inkişaf səviyyəsində olan fərqlərin aradan qaldırılması, Abşeron iqtisadi rayonu ilə digər regionlar arasında tarazlığın təmin olunması üçün geniş imkanlar yaranmışdır. Ölkədə qəbul olunmuş və artıq həyata keçirilməsinə başlanılan milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji yol Xəritələrində orta və uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının inkişafına təsir edəcək qlobal meyllərdən biri kimi neft-qaz amili və qiymətləri göstərilir, həmçinin əldə edilmiş makroiqtisadi sabitlik və rifah üzərində neft amilinin mühüm təsirə malik olduğu qeyd olunur. Bütün bunlar ölkəmizdə kapital əsaslı modeldən məhsuldarlıq-səmərəlilik əsaslı artım modelinə transformasiyanın zəruri olduğunu göstərir. 2025-ci ildə isə ölkənin səmərəlilik əsaslı modeldən innovasiya əsaslı modelə keçməsi nəzərdə tutulur. Bu isə enerji sərvətlərindən milli iqtisadiyyatın davamlı və inklüziv inkişafını təmin edəcək istiqamətdə səmərəli və optimal istifadə edilməsini tələb edir.

Hesab edirəm ki, enerji sahəsində, xüsusilə alternativ enerjidən istifadə sahəsində Çinlə əməkdaşlıq ölkəmizə fayda verə bilər. Hazırda Çin günəş və külək enerjisinin dünyada əsas istehsalçısı kimi texnologiya və səmərəlilikdəki nailiyyətləri ilə xərcləri azaltmışdır.

- Çinin şəhərləri, təbiəti və insanları sizdə hansı təəsüratlar yaratdı?

- Çin qədim tarixə, zəngin mədəniyyətə malik bir ölkədir. Çinin şəhərləri sürətlə inkişaf edir. Pekin şəhərinin və ona yaxın ərazilərin Yaponiya, Cənubi Koreya ilə coğrafi yaxınlığı texnologiyada, elektronikada özünü göstərməkdədir. Dünyanın 7 möcüzəsi arasında göstərilən Böyük Çin Səddində, Pekində dünyanın iri saray kompleksi olan “Qadağan olunmuş şəhər”də, Fucou şəhərinin mərkəzində “Üç yol və yeddi dar küçə” adlanan, 268 qədim evin olduğu Ming və Qing sülaləsinin yaxşı qorunub saxlanılan memarlıq kompleksində də olduq. 

Çinlilər mehriban, gülərüz insanlardır. Ölkənin təbiəti olduqca rəngarəngdir. Çin mətbəxi də çox zəngindir. Siçuan mətbəxi isə istiotlu-ədviyyatlı xörəklərilə məşhurdur.

- Beynəlxalq tədbir daha hansı maraqlı məqamlarla yadda qaldı?

- Noyabrın 10-da Pekin şəhərindəki “Mədəni və İnnovasiya  Parkı 751”lə tanışlıq oldu. Bu kreativ klaster öz sənaye resurslarını texnologiya, moda, incəsənət və s. ilə birləşdirmişdir. Həmçinin Zhengdong Qrupunun Cənub Enerji İstehsalı Stansiyasının idarəetmə mərkəzində olduq. Həmin gün Çin SEA-nın Kəmiyyət və Texniki İqtisadiyyat İnstitutunda Çin Mühəndislik Akademiyasının akademiki, Tianjin Universitetinin professoru Yu Yiksin “Enerji inqilabı və enerjinin paylanması” mövzusunda çıxış etdi.

Noyabrın 11-12-də Tianjin şəhərinə gedərək Sino-Sinqapur Tianjin Eko Şəhərinin Xidmət Mərkəzində və Günəş Enerjisi istehsalı Stansiyasında olduq. Sino-Sinqapur Tianjin Eko Şəhəri Çin və Sinqapur hökumətləri arasında sosial cəhətdən harmonik, ekoloji cəhətdən səmərəli və resursları qoruyan bir şəhərin inkişaf etdirilməsi üçün birgə əməkdaşlıq müqaviləsinin nəticəsidir. Bu şəhərdə aşağı və orta gəlirli vətəndaşlar ev ala biləcək, əlillər və hərəkət qabiliyyəti məhdud olanlar rahat hərəkət edəcək, insanlar ictimai və rekreasiya obyektlərinə asanlıqla gedəcəklər. Nəqliyyat əsasən yüngül relsli dəmir yolu, tramvay və avtobusdan ibarət olacaq ki, bu da havanı az çirkləndirəcək. Bu şəhər üçün 26 səmərəlilik göstəricisi mövcuddur. Ekoşəhərdə 2020-ci ilədək səfərlərin ən azı 50%-i mühərriksiz (velosipedlə, piyada) və ictimai nəqliyyatla olmalı, enerji istehlakında bərpa olunan enerjinin (geotermal, su, günəş) payı 15%-dən az olmamalıdır. Günəş stansiyasının ümumi gücü 5,46 Mvattdır. 2014-cü ildə burada 4,6 milyon kilovatt-saat, 2016-cı ildə isə 5,5 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilib. Stansiyada 22 invertor və 11 konvertor mövcuddur. 

Noyabrın 13-də Pekin şəhərində  Qlobal Enerji Əlaqələrinin İnkişafı və Əməkdaşlığı Təşkilatından fəlsəfə doktoru Honq Şen “Ultra yüksək gərginlikli elektrik şəbəkəsinin Çində inkişafı və tətbiqi” mövzusunda çıxış etdi.

Noyabrın 14-də Pekindən Çinin cənub-şərq hissəsində yerləşən Fucou şəhərinə yollandıq. Fucian Planlaşdırılma Sərgi Salonunda şəhərin inkişaf layihələri təqdim edildi. Noyabrın 15-də isə enerji istehsal edən külək turbinlərin yerləşdiyi Fuqing Zeqi Külək Parkında tədqiqat apardıq. Burada baş menecer Çen Siu Linq məlumat verdi ki, parkda hər biri 2MV gücündə olan 24 turbin var. Küləyin orta sürəti saniyədə 5,8 metr, istehsal edilən elektrik enerjisinin hər kvattının maya dəyəri 9 min yuan, hər kvatt.saatın maya dəyəri 0,5 yuan, investisiyaların qaytarılması isə 8,8%-dir. Parkın fəaliyyəti hökumət tərəfindən dəstəklənir, ətraf ərazilər enerji ilə təmin olunur. Ətraf mühitə ziyan verilməməsinə xüsusi diqqət yetirilir. Kəndlər buradan 2 km aralıda yerləşir.

Daha sonra Fuyao Şüşə Sənayesi Qrupunun işi ilə tanış olduq. 1987-ci ildən fəaliyyətə başlayan bu müəssisə avtomobillər üçün təhlükəsizlik şüşələri və sənaye-texniki şüşələr istehsalında ixtisaslaşmış multumilli şirkətdir. Dünyanın ən böyük avtomobil şüşəsi istehsalçılarından birinə çevrilmiş Fuyao Qrupunun məhsulları Bentley, Mercedes-Benz, BMW, Audi, GM, Toyota, Volkswagen, Ford və Chrysler kimi dünyada tanınmış avtomobil istehsalçıları tərəfindən qəbul edilir və alınır. Biz məhsullarla tanış olduq və şüşə istehsalı prosesini müşahidə etdik. İstehsalda təbii qazdan və elektrik enerjisindən istifadə olunur. Şüşənin hər paqonmetrinin maya dəyəri 0,54 yuan, sərf edilən qazın həcmi hər 1 kilometrə 0,3 milyard kubmetrdir.

Noyabrın 16-da Fucou Bələdiyyə Xalq İdarəsində Daimi Komitənin üzvü, merin icraedici müavini Lin Fey, katibin müavini Quo Cian Quo ilə görüşdük. Daha sonra CAS (Fucou) Rəqəmsal Sənaye Parkında araşdırma apardıq. Baş menecer Cek Cao, brendinq üzrə direktor Eko Bien ilə görüşdə ətraflı məlumat əldə etdik. Bu park böyük həcmli məlumatların, sənaye inkubatorlarının, investisiya və maliyyələşdirmənin vahid bir kompleksdə tədqiqi və tətbiqini həyata keçirməklə elmi sənaye sahəsini tam xidmətlərlə təmin edir.

- Tədbirlə bağlı başqa demək istədikləriniz varmı?

- Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə Çin Sosial Elmlər Akademiyasının Kəmiyyət və Texniki İqtisadiyyat İnstitutuna, onun baş direktoru prof. Li Pinqə, assosiativ direktoru Donqonq Çenə, enerji bölməsinin rəhbəri, prof. Liu Qianqa, proqramın məsul şəxsi Rui Vanqa, Çin Sosial Elmlər Akademiyasının İpək Yolu İnstitutuna, Beynəlxalq Enerji Forumuna təşəkkür edirəm. Seminarda Çin, Sinqapur, Türkiyə, Bosniya və Hersoqovina, Xorvatiya, Sloveniya, Polşa, İsrail, İordaniya, Mərakeş, Belarus, İtaliya, Rumıniya, Pakistan, Qazaxıstandan olan nümayəndələr iştirak edirdi. Tədbirin bağlanış mərasimində iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilidi. Həm Çindən, həm də digər ölkələrdən olan iştirakçılar bizimlə əməkdaşlığa böyük maraq göstərirlər. Belə tədbirlər ölkələri və xalqları bir-birinə daha da yaxınlaşdırır və gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığa əlverişli şərait yaradır.

- Müsahibəyə görə təşəkkür edirik.