az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun yeni nəşrləri çap ediləcək

  • Oxunub 41 dəfə

İnstitutun əməkdaşları 2 kitab və 4 bülleten hazırlayıblar

  AMEA İqtisadiyyat İnstitutunun yeni nəşrləri çap ediləcək. İnstitutun əməkdaşları apardıqları tədqiqatlar əsasında 2 monoqrafiya və 4 bülleteni çapa hazırlayıblar. Kitablar İqtisadiyyat İnstitutunun Elmi Şurasında müzakirə edilərək çapa tövsiyə olunub.

 AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin rəhbərliyi ilə ekspertlər qrupu tərəfindən hazırlanan “İS(S)İ – 2016: İqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi” (Azərbaycan, rus, ingilis dillərində) adlı kitabın rəyçiləri i.f.d., dos. Yaşar Məmmədov və i.f.d. Ramil Əliyevdir. Kitab iqtisadiyyatın özünütənzimləmə mexanizmləri ilə dövlət tənzimləməsi arasında effektiv müvazinət məsələlərinə həsr olunmuşdur. AMEA İqtisadiyyat İnstitutunda hazırlanmış metodologiya əsasında 95 ölkədə iqtisadiyyatın liberallıq-dirijistlik səviyyəsi – dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin ölçülməsi əsasında – müqayisəli şəkildə qiymətləndirilmişdir. Yaxın illərdə Azərbaycan iqtisadiyyatının daha da liberallaşdırılmasının zəruriliyi və tələb olunan iqtisadi islahatların başlıca istiqamətləri nəzəri formada əsaslandırılmışdır. Müəlliflər ümid edirlər ki, tədqiqatın nəzəri tapıntıları və praktik tövsiyyələri iqtisadçılar və iqtisadi siyasət qurucuları üçün maraqlı və faydalı olacaqdır.

   İqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyevanın “Azərbaycanda rəqabətqabiliyyətli turizmin formalaşması”adlı monoqrafiyasının elmi redaktoru professor Gülşən Yüzbaşıyeva, rəyçiləri i.f.d., dos. Aqil Əsədov və i.f.d. Aqil Eyvazovdur. Kitab Azərbaycanın turizm sahəsinin mövcud vəziyyətinin tədqiqi və ölkədə rəqabətqabiliyyətli turizmin formalaşması imkanlarının aşkar edilməsinə həsr olunub. Turizmin rəqabətqabiliyyətliliyi indeksi ilə adambaşına ÜDM arasında korrelyasiya təhlilinin aparılması turizm sahəsinin inkişafı ilə ölkənin iqtisadi inkişafı arasında əlaqənin mövcudluğunu göstərib. Bununla yanaşı, xarici ticarətin dövlət tənzimlənməsi dərəcəsi ilə müxtəlif dünya ölkələrinin bir neçə turizm göstəriciləri arasında əlaqənin təhlili xarici ticarətin liberallaşmasının turizmin inkişafına təsiri barədə bəzi mülahizələr irəli sürməyə imkan verib. Kitab iqtisadçılar və turizm fəaliyyəti ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub.

  Bunlarla yanaşı, i.f.d. Yaşar Məmmədovun “Fond bazarı – 2017” (elmi redaktoru professor İrşad Kərimli), i.f.d. Nəsimi Əhmədovun “Neft sektoru – 2017” (elmi redaktoru i.f.d. Məzəddin Əyyubov), Aynur Babayevanın “Sənaye – 2017” (elmi redaktoru i.f.d. Məzəddin Əyyubov), i.f.d. Məzəddin Əyyubovun “Milli gəlir – 2017” (elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Akif Musayev) adlı  bülletenləri çap olunacaq (economics.com.az).