az   |   en   |    ru

Tariximiz

  • Oxunub 2348 dəfə

              

       Azərbaycan Milli Elmlər Akademiyası sistemində özünəməxsus yer tutan və Azərbaycanda iqtisad elminin inkişafına böyük töhvələr vermiş İqtisadiyyat İnstitutu çox şərəfli bir tarixi inkişaf yolu keçib. İqtisadiyyat İnstitutu əvvəllər SSRİ EA-nın Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya sektorunun, 1945-ci ildən isə Azərbaycan EA nəzdində fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır.
      İnstitut fəaliyyətə başladığı dövrdə (1958-1960-cı illərdə) onun quruluşu 5 şöbədən - «Siyasi iqtisad və iqtisadi fikir», «Sənaye iqtisadiyyatı», «Kənd təsərrüfatının iqtisadiyyatı», «Sosialist istehsalının yerləşdirilməsi» və «Xalq təsərrüfatı tarixi»ndən ibarət olub. Sonrakı dövlərdə (1961-1965, 1966-1970, 1971-1985, 1986-1990-cı illər) institutda aparılan elmi-tədqiqat işləri bütünlüklə götürüldükdə keçmiş İttifaq və Respublikanın hökümət və dövlət orqanları tərəfindən müəyyən edilmiş həmim dövrlərin mühüm iqtisadi problemlərinin və dövlət tapşırıqlarının yerinə yetirilməsinə yönəldilmişdir.
      70-80-cı illərdə İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş elmi-tədqiqat işlərinin səviyyəsini xarakterizə edən ən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, bu dövrdə institut əməkdaşlarının 23 elmi nəticəsi keçmiş SSRİ EA-nın Rəyasət Heyəti tərəfindən Sovet elminin ən mühüm nailiyyətləri kimi qiymətləndirilərək SSRİ EA Rəyasət Heyətinin Hesabatına daxil edilmişdir.
   1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqillik qazanması ilə yanaşı bazar iqtisadiyyatına keçid ölkəmizin iqtisadiyyatının və iqtisad elminin inkişafı sahəsində də yeni mərhələnin başlanğıcı olmuş, habelə İqtisadiyyat İnstitutu qarşısında yeni dövrün tələblərinə uyğun vəzifələr qoymuşdur. Müstəqillik illərində AMEA İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və samballı elmi-tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərmişdir.
İnstitutda uzun illərdən bəri fəaliyyət göstərən İxtisaslaşdırılmış Doktorluq və Namizədlik Dissertasiya Şuralarında 850-dən çox namizədlik və 100-ə yaxın doktorluq dissertasiyası müdafiə olunmuşdur. 1500-dən çox monoqrafiya və kitab nəşr edilmişdir.
    AMEA Rəyasət Heyətinin 2008-ci il 26 noyabr tarixli 23/11 qərarına əsasən AMEA-nın İqtisadiyyat İnstitutunun tərkibində 12 şöbə yaradılmışdır:
1. ”İqtisadi nəzəriyyə və iqtisadi fikir tarixi”
2. ”Makroiqtisadi inkişaf və iqtisadi artım”
3. ”Sənaye siyasəti və investisiya problemləri”
4. ”Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri”
5. ”Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri”
6. ”Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri”
7. ”Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər”
8. ”Regionların inkişafı və təbii sərvətlərdən istifadə problemləri”
9. ”Maliyyə, pul-kredit siyasəti”
10. ”İnnovasiya menecmenti və elmin inkişafı problemləri”
11. ”Analitik informasiya və nəşriyyat”
12. ”Həyat səviyyəsinin sosial-iqtisadi problemləri”.
13. “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsi

   İnstitutun tərkibində elmi-tədqiqat işləri müvafiq şöbələrdə davam etdirilməkdədir. Hazırda AMEA İqtisadiyyat İnstitutunda 180 nəfər çalışır. İnstitutut əməkdaşlarından 2 nəfəri AMEA-nın müxbir üzvü, 17 nəfəri elmlər doktoru və 56 nəfəri iqtisad üzrə fəlsəfə doktorlarıdır.
    İqtisadiyyat İnstitutu yarandığı 1958-ci ildən 1964-cü ilədək onun direktoru vəzifəsində iqtisad elmləri namizədi H.T.Hüseynov, 1964-1989-cu illərdə akademik Ə.Ə.Mahmudov, 1991-1998-ci illərdə AMEA-nın müxbir üzvü A.K.Ələsgərov, 1999-cu ilin yanvarından 2008-ci ilin iyun ayına kimi AMEA-nın müxbir üzvü, i.e.d. professor Ş.M.Muradov, 2008-ci ilin iyun ayından 2014-cü ilin may ayına kimi i.e.d., professor İ.H.Alıyev çalışmışlar. 2014-cü ilin may ayından instituta i.e.d., professor Nazim Müzəffərli (İmanov) rəhbərlik edir.