az   |   en   |    ru

  • Oxunub 4515 dəfə

İNDEKS HAQQINDA

 

İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ – Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi illik göstəricidir. Birinci mərhələdə İndeks Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionu dövlətləri və bir sıra inkişaf etmiş ölkələr üçün (cəmi 37 ölkə) hesablanmışdır. 2015-ci il üzrə Hesabata müxtəlif inkişaf səviyyəsinə malik və dünyanın fərqli regionlarını əhatə edən daha 25 dövlət üzrə hesablamalar əlavə edilmiş və təhlil olunan ölkələrin sayı 62-yə çatdırılmışdı. 2016-cı il üzrə aparılan tədqiqatlar isə 95 ölkəni əhatə edir.

= = =

Hansı siyasi-iqtisadi məfkurəni rəhbər tutmalarından asılı olmayaraq, bütün dövlətlər və siyasi qruplar ictimai rifahın yüksəlməsini özlərinin son məqsədi elan edirlər. Solçu siyasi-iqtisadi məfkurəyə görə, həmin məqsədə çatmağın ən “qısa” və düzgün yolu dövlətin fəal tənzimləmə tədbirləri həyata keçirməsindən, sağçı məfkurəyə görə isə, iqtisadiyyatın “sərbəst buraxılması”ndan keçir. Bu iki fəlsəfə (liberalizm və dirijizm) arasındakı rəqabət müasir dünyada siyasi-iqtisadi inkişafın əsas təkanverici qüvvələrindəndir.

Dövlətin iqtisadiyyata müdaxilə formaları arasında modelyaradıcı müdaxilə formalarını ayrıca təsnifləşdirmək lazımdır. Bunlar elə müdaxilə formalarıdır ki:

iqtisadi modellər, ilk növbədə, belə müdaxilələrin səviyyəsinə görə fərqlənir. Məsələn, daxili bazarın qorunması məqsədi ilə idxalın məhdudlaşdırılması xarici ticarət rejiminin liberallıq səviyyəsini və dolayısı ilə həm də iqtisadi sistemin ümumi liberallıq səviyyəsini aşağı salır. Bu o deməkdir ki, xarici ticarətin tən¬zimlənməsi modelyaradıcı müdaxilədir. Maliyyə bazarında dövlətin həyata keçirdiyi valyuta intervensiyaları isə iqtisadiyyata liberallıq və ya dirijistlik xüsusiyyətləri vermir və deməli, modelyaradıcı müdaxilə deyil;

ikiqütblüdür. Məsələn, xarici ticarətin tənzimlənməsi qarşısında dayanan və mahiyyətcə bir-birinə əks olan hədəflərin hər ikisi – idxalın sərbəstliyi və daxili bazarın qorunması – “yaşamaq haqqına” sahibdir. Bunlar “cəmi vahidə bərabər olan toplananlardır” (yəni biri artdıqda digəri azalır). Eyni məhsul və xidmətlər üzrə (yaxud bütövlükdə ölkə üzrə) həm idxalın sərbəstliyini yüksəltmək, həm də daxili bazarın qorunmasını gücləndirmək eyni zamanda mümkün deyil;

siyasi rəqabət predmetinə çevrilir. Məsələn, solçular üçün daxili bazarın qorunması, sağçılar üçün isə xarici ticarətin liberallığı, bir qayda olaraq, daha yüksək prioritetdir.

Solçuluq və sağçılıq təkcə iqtisadi dünyagörüşlərini deyil, real iqtisadiyyatları da səciyyələndirir. Hər konkret zaman kəsiyində hər bir ölkənin iqtisadiyyatı dövlətin ona müdaxiləsinin modelyaradıcı formalarının səviyyəsindən asılı olaraq solluq və ya sağlıq əlamətləri alır. Belə formalarda dövlətin iqtisadiyyata müdaxiləsi nə qədər yuksəkdirsə, iqtisadiyyat bir o qədər daha soldadır və əksinə, nə qədər aşağıdırsa, bir o qədər daha sağdadır.

= = =

İqtisadiyyatın solluğu-sağlığı ölçüyəgələndir və İS(S)İ vasitəsilə ölçülə bilər. Hər bir konkret ölkə (və ya ölkələr qrupu) üçün İS(S)İ bunu ifadə edir ki, onun iqtisadiyyatı hansısa başqa bir ölkənin (ölkələrin) iqtisadiyyatına nəzərən daha solçu, digərinin (digərlərinin) iqtisadiyyatına nəzərən daha sağçı iqtisadiyyatdır. İndeks həm də iqtisadiyyatın solluq-sağlıq dərəcəsini ölçür, yəni onu qiymətləndirməyə imkan verir ki, “A” ölkəsinin iqtisadiyyatı “B” ölkəsinin iqtisadiyyatına nisbətən nə qədər solda və ya sağdadır.

= = =

İqtisadiyyatın solluğu (sağlığı) indeksinin bütün dövlətlər üçün optimal sayıla biləcək bir qiyməti mövcud deyil. Liberal və dirijist iqtisadiyyatlara sahib olan müxtəlif dövlətlər istər iqtisadi inkişaf sahəsində, istərsə də sosial rifahın yüksəldilməsi sahəsində eyni dərəcədə uğur qazana bilir. Bir ölkəyə sağçılıq uğur gətirirsə, digərinin müvəffəqiyyətə doğru yolu solçuluqdan keçir. Üstəlik, İndeksin optimallıq sərhədləri həm də zaman içində dəyişir.

Lakin bu və ya digər ölkədə İndeksin optimallığa nə dərəcədə yaxın olduğunu indikativ metodla, ilk növbədə iqtisadi artım tempi əsasında müəyyənləşdirmək mümkündür. İndikativ üsulla iqtisadiyyatın ayrı-ayrı sahələrinin solluq-sağlıq optimallığı da qiymətləndirilə bilər. Ölkə öz iqtisadiyyatının hansısa sahəsində idarəetməni liberallaşdırdıqda (və ya sərt tənzimləmə tədbirləri həyata keçirdikdə) onun inkişaf tempi digər sahələrlə müqayisədə yüksəlirsə, deməli, bu tədbirlər düzgün seçilmişdir və davam etdirilməlidir.

Bununla belə, İqtisadiyyat İnstitutunun bəzi mütəxəssisləri hesab edirlər ki, hər bir ölkə üzrə İS(S)İ-nin ayrı-ayrı sub-indekslərinin optimallıq səviyyəsini (həndəsi ifadədə – “optimallıq sahəsini”) nəzəri üsullarla da müəyyənləşdirmək mümkündür. Bunun üçün çoxmeyarlı riyazi modellər qurulmalıdır. Ayrı-ayrı ölkələrdə İS(S)İ-nin hər hansı konkret zaman kəsiyində (məsələn, illər üzrə) dəyişmələrinin təhlili iqtisadiyyatın liberallaşmasının (sağlaşmasının), yaxud dirijistləşməsinin (sollaşmasının) yaratdığı makroiqtisadi və sosial-iqtisadi nəticələri qiymətləndirməyə imkan verir. Bu, həmin ölkələr üçün optimal liberallıq həddinin müəyyənləşdirilməsinə (optimal inkişaf modelinin seçilməsinə) imkan verə bilər. Bu yöndə tədqiqatlar davam etməkdədir.

= = =

2016-ci il üçün İqtisadiyyatın liberallığı (dirijistliyi) üzrə tədqiqatı aşağıdakı ekspertlər yerinə yetirmişlər:

Nazim MÜZƏFFƏRLİ – i.e.d., prof.;
Mayis GÜLALIYEV – f.f.d.,dos., Koordinator;
Allahyar MURADOV – i.f.d., dos.;
Rəsmiyyə ABDULLAYEVA – i.f.d., dos.;
Bəhruz ƏHMƏDOV

Yardımçı analitik işlər Leyli Allahverdiyeva (i.f.d.), Ceyhun Hüseynov, Əkbər Hüseynov, Vəfa Həşimova, İlqar Sadıqov, Dilman Əsədov, Gülnarə Məmmədova, Minarə Məmmədzadə və Mahir Zeynalov (i.f.d.) tərəfindən yerinə yetirilmişdir.

= = =

İS(S)İ ilə bağlı bəzi nəşrlər:

N.Müzəffərli. İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə. – Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2014. 

İS(S)İ – 2015: İqtisadiyyatın liberallıq potensialı (Red. – N.Müzəffərli). – Bakı, “Elm və Bilik” nəşriyyatı, 2017.

  

M.Gülalıyev, F.Musayeva. Azərbaycan və Türkiyədə iqtisadiyyatın solluq (sağlıq) indeksi (Müqayisəli qiymətləndirmə) // AMEA İqtisadiyyat İnstitutunun “Elmi Əsərlər” Toplusu, 2015, № 3.

M.Gülalıyev, F.Musayeva. İqtisadi liberallaşma və iqtisadiyyatın solluq (sağlıq) indeksi // AMEA İqtisadiyyat İnstitutunun “Elmi Əsərlər” Toplusu, 2015, № 4.

Y.Məmmədov. İqtisadyyatın sosialyönlüyünə sağçı və solçu baxışlarla bağlı müasir araşdırma və nəticələr // AMEA-nın Xəbərləri, İqtisadiyyat seriyası, 2015, № 3.

М.Гюльалиев, Ш.Ибрагимов, Ф.Газиев. Определение уровня государственного вмешательства в аграрный сектор: сравнительный анализ Азербайджана с некоторыми странами // Crossref DOI: 10.18551/rjoas.2016-04.08.

M.Gulaliyev, N.Ok, F.Musayeva, R.Efendiyev, J.Musayeva, S.Agayeva. Economic liberalization and its impact on human development: A Comparative analysis of Turkey and Azerbaijan // International Journal of Environmental & Science Education, 2016, Volume 11 Issue 17.

M.Gülalıyev. Dövlət maliyyəsi sub-indeksinin iqtisadi artımla əlaqəsinin qiymətləndirilməsi (Azərbaycan və Gürcüstan üzrə müqayisəli təhlil) // AMEA İqtisadiyyat İnstitutunun “Elmi Əsərlər” Toplusu, 2016, № 2.

М.Гюльалиев, С.Абасова. О нижнем и верхнем пределах экономически эффективного государственного вмешательства во внешнюю торговлю // ПОЛИТЭКС (Санкт-Петербургский государственный университет), 2016, том 12, № 3.

М.Гюльалиев. Оценка зависимости экономического роста от государственных финансов (сравнительный анализ Азербайджана и Грузии) // «Інноваційна економіка» (Украина), 2017, № 1-2.

M.Gulaliyev, S.Abasova, Sh.Huseynova, R.Azizova, T.Yadigarov. Assessment of Impacts of the State Intervention in Foreign Trade on Economic Growth // Revista Espacios, 2017, No. 51, Vol. 38.

 

İS(S)İ – 2016 araşdırmaları Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə yerinə yetirilmişdir.