az   |   en   |    ru

  • Oxunub 407 dəfə

ÖLKƏVİ NƏTİCƏLƏR - 2014-cü il üzrə

 

İqtisadiyyatın solluğu (sağlığı) indeksi (İnteqral indeks) iki variantda hesablanır. Birinci variantda sub-indekslərin hamısı nəzərə alınır, ikinci variantda isə Sosial xərclər sub-indeksi nəzərə alınmır, amma Dövlət maliyyəsi sub-indeksinə daha böyük xüsusi çəki verilir.

Birinci variant:

İS(S)İi = 0,15*DMi + 0,15*SXi + 0,14*QTi + 0,14*XTi + 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi

İkinci variant:

İS(S)İi = 0,30*DMi + 0,14*QTi + 0,14*XTi + 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi

Hesabatdakı təhlillər İS(S)İ-nin ikinci variantı əsasında aparılmışdır.

İS(S)İ üzrə cədvəllərdə ölkələr sağdan sola, yəni dövlət tənzimləməsinin az olduğu ölkələrdən daha sərt olduğu ölkələrə doğru düzülmüşdür. Cədvəlləri aşağıdan yuxarıya “oxuduqda” ölkələr soldan sağa düzülmüş olur. İnkişaf etmiş ölkələr rəng fonunda kursivlə verilmişdir.

= = =
 
Birinci variant üzrə nəticələr:

 

Ayrı-ayrı sub-indekslər üzrə olduğuna nisbətən, inteqral indeks üzrə iqtisadiyyatlar nisbi mərkəz ətrafında daha sıx cəmləşmişdir. Səbəb ondadır ki, iqtisadiyyatların müxtəlif meyarlar üzrə aparılmış sağçı-solçu təsnifatları bir-birini bir növ balanslaşdırır. Az ölkələr var ki, onların iqtisadiyyatı bütün və ya əksər sub-indekslər üzrə ya solda, ya sağdadır. Bir halda sola meyl edən iqtisadiyyat digər halda sağa meyllənir və nəticədə İS(S)İ nisbi mərkəzə yaxınlaşır. Nisbi mərkəz ətrafında cəmləşmə ikinci variant üçün də səciyyəvidir.

Nisbi mərkəzlə median üst-üstə düşür.

İqtisadiyyatın solluğu (sağlığı) indeksinə görə Azərbaycan sağdan sola doğru sıralamada 6-cı, soldan sağa doğru sıralamada isə 32-ci yerdədir və həm nisbi mərkəzdən, həm də mediandan sağdadır. Təhlil ancaq nəzərdən keçirilən 37 ölkə ilə məhdudlaşdıqda, Azərbaycan iqtisadiyyatının sağçı iqtisadiyyat olduğunu söyləmək mümkündür.

= = =

İkinci variant üzrə nəticələr:

 

Bir çox nəticələr birinci variantla eynidir. Hər iki halda ölkələr qarışıq (stoxastik) sıralanır və istənilən ölkələrin bir-biri ilə müqayisəsi nəzəri xəta törətmir. Ən sağçı iqtisadiyyat yenə də Sinqapurun iqtisadiyyatıdır. İkinci variantda da eyni 4 inkişaf etmiş ölkənin (Danimarka, Yeni Zelandiya, Norveç və ABŞ-ın) iqtisadiyyatı, fərqli ardıcıllıqla olsa belə, sağ qütbdədir. Hər iki variantda ən solçu iqtisadiyyat Fransanın iqtisadiyyatıdır. Ümumiyyətlə, inkişaf etmiş ölkələrin sıralanmasında prinsipial fərq yoxdur.

Azərbaycanı nəzərə almasaq, ŞAMA dövlətləri ilə bağlı fərqlər də çox böyük deyil. İkinci variantda Azərbaycan İrlandiya ilə 19-20-ci yerləri bölüşür və şkalanın nisbi mərkəz nöqtəsindədir. Median məhz bu ölkələrin göstəricisidir. Təhlil ancaq bu 37 ölkə ilə məhdudlaşdıqda, Azərbaycan iqtisadiyyatını “solçu olduğu qədər sağçı”, “sağçı olduğu qədər solçu” iqtisadiyyat kimi qiymətləndirmək olar.

= = =

İqtisadiyyatın solluğu (sağlığı) indeksi son 20 ildə dünya iqtisadiyyatında baş vermiş ən fundamental dəyişikliklərdən birini üzə çıxarır: “sosializmdən çıxmış” yeni dövlətlər, bu müddət ərzində, bazar iqtisadiyyatının çoxdan oturuşduğu zəngin ölkələrə nisbətən daha sağçı iqtisadiyyat qurmuşlar. Cəmi 25 il bundan əvvəl ifrat solçu iqtisadiyyata malik olan Azərbaycan indi Fransaya, İtaliyaya, Hollandiyaya və bir çox başqa “köhnə” bazar iqtisadiyyatı ölkələrinə nisbətən daha liberal iqtisadiyyata sahibdir.

1990-cı illərin əvvəllərinə qədər ifrat solçu iqtisadiyyata malik olan ölkələrdə o vaxtdan bəri aparılmış iqtisadi islahatlar həm mahiyyətcə, həm dəintensivliyə (sürətə) görə fərqlənmişdir. İS(S)İ bu islahatların nəticələrini müqayisəli şəkildə qiymətləndirməyə imkan verir. Hər üçü liberal iqtisadi islahatları dövlət siyasətinin əsas prioritetləri sırasına aid etsə də, Azərbaycan Serbiyaya nisbətən daha sağçı iqtisadiyyat qurmağa nail olmuş, amma dövlətin iqtisadiyyata müdaxiləsini Gürcüstana nisbətən daha yüksək səviyyədə saxlamışdır. Dövlət üçün bunun hansının daha səmərəli olduğu haqqında hökm vermək üçün İndeksin optimal qiyməti problemini araşdırmaq lazımdır.