az   |   en   |    ru

  • Oxunub 52 dəfə

METODOLOGİYA

 

İqtisadiyyatın solluğu (sağlığı) indeksi aşağıdakı yeddi sub-indeks əsasında hesablanır:

• Dövlət maliyyəsi sub-indeksi (DM),
• Sosial xərclər sub-indeksi (SX),
• Qiymətlərin tənzimlənməsi sub-indeksi (QT),
• Xarici ticarət sub-indeksi (XT),
• Lisenziyalaşdırma sub-indeksi (L),
• Məşğulluğun tənzimlənməsi sub-indeksi (MT),
• Minimum əmək haqqı sub-indeksi (MƏH).

İqtisadiyyatın solluğu (sağlığı) indeksi, onun bütün sub-indeksləri və bunların altindeksləri 0-1 aralığında dəyişir. Sıfır – iqtisadiyyatın mütləq sağlığını (dövlət müdaxiləsinin azlığını), bir – mütləq solluğunu (dövlət müdaxiləsinin çoxluğunu) göstərir. Bütün göstəricilər 0-1 aralığına (Vi - Vmin) / (Vmax - Vmin) düsturu ilə gətirilmiş və bəzi hallarda 1-dən çıxılmışdır.

= = =

Dövlət maliyyəsi sub-indeksi gəlirlərin vergilər vasitəsi ilə yenidən bölünməsinin səviyyəsini ifadə edir və öz növbəsində iki alt-indeksin – Büdcə xərcləri alt-indeksininMüəssisələrin vergi yükü alt-indeksinincəbri ortası kimi hesablanmışdır. Büdcə xərcləri alt-indeksi büdcə xərclərinin ÜDM-də faizlə ifadə edilən pay göstəriciləri əsasında hesablanmışdır. Faktik informasiya BVF-in statistik bazasından əldə edilmişdir (World Economic Outlook Database).* Vergi yükü alt-indeksi, modelləşdirilmiş özəl şirkətin bir il ərzində ödədiyi vergilərin onun illik mənfəətinə nisbəti göstəricilərinin əsasında sayılmışdır. Statistik məlumatlar Dünya Bankının “Biznes mühiti” hesabatından götürülmüşdür.**

Əgər təhlil olunan ölkələr arasında resurs ixracatçıları olmasaydı, büdcə xərclərinin ÜDM-ə nisbəti müəssisələrin vergi yükünü (və ümumiyyətlə vergi yükünü) də adekvat əks etdirərdi. Büdcə vəsaitlərinin mühüm bir qismi neft-qaz fondlarından trasferlərlə formalaşanda vergi yükü göstəricilərinin ayrıca nəzərə alınmasına ehtiyac yaranır. Bəzi araşdırma mərkəzləri vergi yükünü gəlir və mənfəət vergilərinin yuxarı həddi əsasında hesablayırlar, lakin yuxarı hədlə vergi ödənməsi əksər ölkələr üçün tipik deyil. Buna görə də Vergi yükü alt-indeksinin hesablanması üçün hipotetik şirkətin vergi yükü göstəricilərindən istifadə olunmuşdur. Nəzəri baxımdan, Dövlət maliyyəsi sub-indeksi gəlir vergisi vasitəsi ilə yenidən bölünən milli gəliri də əks etdirməlidir, amma bəzi ölkələrdə proporsional, digərlərində isə proqressiv vergi sistemi tətbiq edilir və onları vahid bir ölçüyə gətirmək yanlışdır.

* http://www.imf.org/external/pubs/ft/weo/2014/01/weodata/index.aspx
** http://www.doingbusiness.org/data/exploretopics/paying-taxes

= = =

Sosial xərclər sub-indeksi iqtisadiyyatın solluğunu-sağlığını dövlət büdcəsinin xərc maddələri arasındakı nisbət əsasında ölçür və sosial xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi əsasında hesablanmışdır. Hipotetik olaraq, büdcədə sosial xərclərin sıfıra bəra-bər olduğu ölkələr ifrat sağ nöqtəyə, bütün büdcə xərclərinin sosial məqsədlərə yönəldildiyi ölkələr ifrat sol nöqtəyə düşməlidir. Lakin nə birinci, nə ikinci tip ölkələr, aydındır ki, mövcud deyil. Ona görə də Vmax və Vmin qiymətlərinin yerinə, uyğun olaraq, 69,0 və 5,5 qoyularaq, göstəricilər (Vi - 5,5) / 63,5 düsturu ilə indeksləşdirilmiş və 0,1-0,9 aralığına “sıxılmışdır”.

Digər sub-indekslərdən fərqli olaraq, Sosial xərclər sub-indeksi dövlətin iqtisadiyyata müdaxiləsinin dərəcəsi ilə deyil, onun (müdaxilənin) mahiyyəti ilə şərtləndiyi üçün İqtisadiyyatın solluğu (sağlığı) indeksi ikinci variantda bu sub-indekssiz hesablanmışdır.

Sosial xərclərin dövlət büdcəsində xüsusi çəkisi haqqında statistik məlumatları vahid bir mənbədən tapmaq mümkün olmadığına görə o, iki göstərici əsasında – “Büdcə xərclərinin ÜDM-də payı” və “Büdcə sosial xərclərinin ÜDM-də payı” göstəriciləri əsasında hesablanmışdır. Büdcə xərclərinin ÜDM-də payı göstəriciləri BVF-in statistik bazasından götürülmüşdür (World Economic Outlook Database).* İnkişaf etmiş ölkələrdə büdcə sosial xərclərinin ÜDM-də payı göstəriciləri İƏİT-in məlumat bazasındandır (OECD StatExtracts: Social Expenditure – Aggregated Data),** digər ölkələr üçün isə müxtəlif mənbələrdən, o cümlədən beynəlxalq təşkilatların hesabatlarından və milli statistika agentliklərinin statistik bazalarından əldə olunmuş məlumatlar əsasında hesablanmışdır.

Büdcə sosial xərclərinin ÜDM-də payı haqqında yeganə statistik mənbə İƏİT olduğu üçün digər ölkələr üzrə müvafiq göstəricilər İƏİT-in metodikasına uyğunlaşdırılmışdır (məsələn, təhsilə yönəldilən vəsaitlər sosial xərclərə daxil edilməmişdir). Üstəlik, BVF-in statistik bazasından götürülmüş “büdcə xərclərinin ÜDM-də payı” göstəricisi dövlət büdcəsinin yox, icmal büdcənin əsasında hesablanır (məsələn, Azərbaycan üçün). Ona görə də bəzi ölkələrin rəsmi statistikasında verilən “sosial xərclərin dövlət büdcəsində payı” göstəricisi bizim araşdırmada istifadə olunan göstəricidən fərqlənə bilər.

* http://www.imf.org/external/pubs/ft/weo/2014/01/weodata/index.aspx
** http://stats.oecd.org/Index.aspx?datasetcode=SOCX_AGG

= = =

Qiymətlərin tənzimlənməsi sub-indeksi qiymətlərin nə dərəcədə sərbəst əmələgəl-məsini (sağ qütb) və eyni zamanda, dövlətin qiymətlərin formalaşmasına nə dərəcədə mü-daxilə etməsini (sol qütb) ifadə edir. Sub-indeksin sıfıra yaxınlaşması qiymətqoymada liberallığın artmasını, birə yaxınlaşması isə qiymət tənzimlənməsinin güclənməsini ifadə edir. İki alt-indeksin – Qiymət azadlığı alt-indeksininMonetar azadlıq alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdır. Qiymət azadlığı alt-indeksi Freyzer İnstitutunun (Kanada) 2011-ci il üçün (sonrakı illərdə müəssisələrin qiymətqoyma sərbəstliyi ayrıca bir indikator kimi ölçülməmişdir) statistik bazası əsasında (Economic Freedom of the World 2011),* Monetar azadlıq alt-indeksi isə Heritage (İrs) Fondunun The Wall Street Journal’la birlikdə hazırladığı “İqtisadi Azadlıq İndeksi” hesabatının statistikası əsasında (2014 Economic Freedom İndex)** hesablanmışdır.

* http://www.freetheworld.com/2011/reports/world/EFW2011_complete.pdf
** http://www.heritage.org/index

= = =

Xarici ticarət sub-indeks xarici ticarətin liberallıq səviyyəsini (sağ qütb) və dövlətin bu sahədəki tənzimləmə tədbirlərinin sərtliyini (sol qütb) ölçür. Sub-indeksin sıfıra yaxınlaşması şirkətlərin xarici ticarət sərbəstliyinin artmasını, birə yaxınlaşması isə bu sahədə dövlət tənzimlənməsinin sərtləşməsini ifadə edir.

Üç konseptual müddəa üzərində qurulmuşdur. Birincisi, xarici ticarət azadlığını ixracın yox, idxalın sərbəstliyi ilə ölçmək lazımdır. İkincisi, idxalın sərbəstliyi yüksəldikdə daxili bazarın qorunması zəifləyir, lakin bəzi hallarda bunların birinin artması digərinin azalması ilə müşayiət olunmaya da bilər. Üçüncüsü, təbii resurs ixracının iqtisadiyyatda əhəmiyyətli paya malik olduğu ölkələrdə xarici ticarət azadlığını ixrac-idxal əməliyyatlarının mütləq və nisbi həcm göstəriciləri ilə (məsələn, ixrac və idxal həcminin ÜDM-ə nisbəti ilə) ölçmək olmaz.

Xarici ticarət sub-indeksi üç alt-indeksin – Xarici ticarət azadlığı alt-indeksinin, İdxalın iqtisadi qiyməti alt-indeksininTicarətin azadlığı alt-indeksinin sadə hesabi ortası kimi hesab-lanmışdır. Xarici ticarət azadlığı alt-indeksi Freyzer İnstitutunun eyniadlı göstəriciləri əsasında (Economic Freedom of the World 2013),* İdxalın iqtisadi qiyməti alt-indeksi Dünya İqtisadi Forumunun (İsveçrə) “Beynəlxalq ticarətdə iştirak” hesabatının materialları əsasında (World Economic Forum – The Global Enabling Trade Report 2014),** Ticarətin azadlığı alt-indeksi isə Heritage Fondu ilə The Wall Street Journal’ın birlikdə hazırladığı “İqtisadi Azadlıq İndeksi” hesabatındakı eyniadlı göstəricilər əsasında (2014 Economic Freedom İndex)*** hesablanmışdır.

* http://www.freetheworld.com/2011/reports/world/EFW2011_complete.pdf
** http://reports.weforum.org/global-enabling-trade-report-2014
*** http://www.heritage.org/index

= = =

Lisenziyalaşdırma sub-indeksinin hesablanması zamanı dörd parametri nəzərə almaq lazımdır: a) lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı, b) lisenziyalaşdırılan fəaliyyət növlərinin çeşidi c) lisenziyaların keçərlilik müddəti, ç) lisenziyaların verilmə qaydaları. Bu göstəricilər iş sahibləri üçün nə qədər əlverişlidirsə (yəni say azdırsa, çeşid məhduddursa, müddət uzundursa və qaydalar sadədirsə), iqtisadiyyat bir o qədər daha sağdadır. Lakin bu göstəricilərin heç biri üzrə elmi tutarlılığı şübhə doğurmayan dövlətlərarası müqayisə aparmaq mümkün deyil.

Ona görə də Lisenziyalaşdırma sub-indeksi Dünya Bankının metodologiyası əsasında – modelləşdirilmiş müəssisənin hipotetik bir tikinti üçün aldığı lisenziyalara sərf etdiyi vaxt və xərc göstəricilərinin indeksləşdirilməsi əsasında (Doing Business 2014: Dealing with Con-struction Permits),* bu alt-indekslərin hesabi ortası kimi hesablanmışdır. Dünya Bankının istifadə etdiyi üçüncü göstərici (prosedurların sayı) ümumi mənzərəni təhrif etdiyi üçün nəzərə alınmamışdır.

* http://www.doingbusiness.org/data/exploretopics/dealing-with-construction-permits

= = =

Məşğulluğun tənzimlənməsi sub-indeksi iş sahibi ilə muzdlu işçi arasında əmək prosesinin təşkili ilə bağlı münasibətlərə dövlətin nə dərəcədə müdaxilə etməsini ölçür. Ənənəvi sosial proqramlardan fərqli olaraq, bu müdaxilə birbaşa sosial müdafiə məqsədləri güdür. İşçinin birbaşa sosial müdafiəsinin gücləndirilməsi, bir qayda olaraq, iş sahibinin sərbəstliyini məhdudlaşdırmaq hesabına başa gəlir.

Sub-indeks iki alt-indeks – Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksiİşdən-çıxarma xərcləri alt-indeksi əsasında hesablanmışdır. Bunların birincisi, öz növbəsində, üç göstərici – işəgötürmənin asanlığı (çətinliyi), iş vaxtının tənzimlənməsinin sərtliyiişdənçıxarmanın asanlığı (çətinliyi) əsasında sayılır. Birinci alt-indeksin 3 komponentdən ibarət olduğu və məşğulluğun tənzimlənməsində bunların toplam rolunun daha yüksək olduğu nə-zərə alınaraq, ona 0,75, ikinci alt-indeksə isə 0,25 çəkiləri verilmişdir. Statistik baza Dünya Bankının 2010-cu il üçün (2011-ci ildən etibarən İşçilik indeksi və onun göstəriciləri “Biznes mühiti” hesabatlarında əsas siyahıdan çıxarılaraq, köməkçi siyahıya salınmışdır) məlumat bazasıdır.*

Dünya Bankı biznes mühitini qiymətləndirərkən ölkələri bir növ “yaxşıdan pisə” doğru, iş adamlarına daha rahat şərait yaradanlardan onun işini tənzimləyici qaydalarla çətinləşdirənlərə doğru sıralayır. İqtisadiyyatın sağlığı-solluğu üzrə təhlillərdə “pis” və “yaxşı” ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik olan ölkələr var. Birincilər üçün şirkətlərin operativ sərbəstliyi, ikincilər üçünsə işçilərin sosial müdafiəsi daha yüksək prioritetdir.

* http://www.doingbusiness.org/~/media/GIAWB/Doing%20Business/Documents/Annual-Reports/English/DB10-FullReport.pdf

= = =

Minimum əmək haqqı sub-indeksi dövlət tərəfindən müəyyənləşdirilən illik mini-mum əmək haqqının (AQP ilə) adambaşına ÜDM-ə (AQP ilə) nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosiallaşmasını ifadə edir.

Minimum əmək haqqının nə qanunvericiliklə, nə də kollektiv müqavilələrlə tənzimlənmədiyi ölkələrin iqtisadiyyatı bu sub-indeksə görə mütləq sağ qütbdə (sıfır nöqtəsində) yerləşir. Minimum əmək haqqı yalnız kollektiv müqavilələrlə tənzimləndikdə ölkənin iqtisadiyyatı şərti olaraq 0,080 nöqtəsinə, dövlət tərəfindən, amma məhdud sayda işçilər üçün müəyyənləşdirildikdə isə 0,100 nöqtəsinə qoyulmuşdur. Minimum əmək haqqı sub-indeksinə görə hansısa iqtisadiyyatın ifrat sol nöqtəyə düşməsi mümkünsüzdür, bundan ötrü minimum əmək haqqı adambaşına ÜDM səviyyəsində olmalıdır. Ona görə də illik minimum əmək haqqının adambaşına ÜDM-dəki xüsusi çəkisi ən yüksək olan ölkənin sub-indeksi 0,800-lə sərhədləndirilmişdir.

İllik minimum əmək haqqı üzrə statistik baza Wage Indicator saytının* və Wikipedia’-nın** məlumatlarıdır. Adambaşına ÜDM göstəriciləri Dünya Bankının məlumat bazasından götürülmüşdür.*** Minimum əmək haqqı göstəricilərini dəqiqləşdirmək üçün Dünya Bankının 2012-ci ilin AQP əmsallarından istifadə olunmuşdur.**** Milli valyutalardakı minimum əmək haqqı məbləğləri ABŞ dollarına Dünya Bankının məlumat bazasındakı rəsmi mübadilə kursları əsasında çevrilmişdir.*****

* http://www.wageindicator.org/main/salary/minimum-wage
** http://en.wikipedia.org/wiki/List_of_minimum_wages_by_country
*** http://data.worldbank.org/indicator/NY.GDP.PCAP.PP.CD
**** http://data.worldbank.org/indicator/PA.NUS.PRVT.PP
***** http://data.worldbank.org/indicator/PA.NUS.FCRF

= = =

İqtisadiyyatın solluğu (sağlığı) indeksi (İnteqral indeks) iki variantda hesablanır. Birinci variantda sub-indekslərin hamısı nəzərə alınır, ikinci variantda isə Sosial xərclər sub-indeksi nəzərə alınmır, amma Dövlət maliyyəsi sub-indeksinə daha böyük xüsusi çəki verilir.

Birinci variant:

İS(S)İi = 0,15*DMi + 0,15*SXi + 0,14*QTi + 0,14*XTi + 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi

İkinci variant:

İS(S)İi = 0,30*DMi + 0,14*QTi + 0,14*XTi + 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi

Hesabatdakı təhlillər İS(S)İ-nin ikinci variantı əsasında aparılmışdır.